“Əvvəla, oradan başlayaq ki, bu, erməni mətbuatının yaydığı iddialardır və hələ ki Azərbaycan tərəfindən belə bir görüşün keçirilməsiylə bağlı rəsmi bir açıqlama yoxdur. Hər halda bir müddət əvvəldən yayılan məlumatlarda da qeyd olunurdu ki, belə bir görüş planlaşdırılıb. Öncə bildirilirdi ki, Brüsseldə, sonra Moskvada, bu gün isə təkrar yayılan məlumatlarda belə bir görüşün yenidən Brüsseldə baş tutacağı qeyd edildi”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Oktay Qasımov deyib.
Politoloq 31 avqustda keçirilməsi planlaşdırılan üçtərəfli Əliyev-Mişel-Paşinyan görüşü ilə yanaşı, erməni mətbuatının ortaya atdığı “Azərbaycan bu görüşdə Ermənistandan Zəngəzur dəhlizi ilə bağlı praktiki həllərin həyata keçirilməsi üçün bir sıra tələblər irəli sürəcək və Ermənistana bunu diktə edəcək” iddiasına münasibət bildirib: pizza
“O ki qaldı orada müzakirə olunacaq məsələlərə, əlbəttə ki, bunun spektrı kifayət qədər genişdir. Burada söhbət Azərbaycanın istəklərindən yox, – çünki biz terminlərə diqqət yetirməliyik - Ermənistanın 10 noyabr 2020, 11 yanvar və 26 noyabr 2022 üçtərəfli görüşlərində olan anlaşmalara və imza atdığı öhdəliklərin yerinə yetirilməsinin tələb olunacağı məsələsidir. Biz Ermənistandan yalnız və yalnız üçtərəfli anlaşmalara riayət etməsini, öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini tələb edirik”.
Mütəxəssis düşünür ki, orada müzakirə olunacaq məsələlərdən biri də Laçının şəhər mərkəzinin boşaldılması, yeni alternativ Laçın yolunun istifadəyə verilməsi və ondan istifadə qaydaları olacaq:
“Bununla bağlı Avropa Birliyinə də mövqelərimiz çatdırılacaq. Digər tərəfdən, müzakirə olunacaq məsələlərdə təkcə Zəngəzur dəhlizi olmayacaq. Doğrudur, Zəngəzur dəhlizi bu danışıqların əsas komponentlərindən biridir və Azərbaycan haqlı olaraq bunu tələb edəcək. Ona görə də bu məsələdə Ermənistanın artıq prosesi ləngitmək və ona əngəl olmaq kimi davranışlarına son qoyulmalıdır. İndi bu Ermənistandan daha ciddi şəkildə tələb olunacaq və Ermənistan da bu məsələlərlə bağlı mövqeyini konkretləşdirib daha operativ hərəkət etmək məcburiyyətindədir. Çünki bunun yekun zərəri Ermənistana dəyəcək”.
Analtitik əlavə edib ki, müzakirə olunan məsələlərin içində digər məsələlər də var:
“Onlardan biri də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Qarabağın dağlıq ərazilərində qalmaqda olan Ermənistan ordusu birləşmələri və onlara bağlı olan “Artsax Müdafiə Ordusu” adlanan silahlı birləşmələrin ərazilərdən çıxarılması məsələsidir. Sözsüz ki, orada başqa məsələlər də müzakirə olunacaq ki, bunları da xatırlatmağa ehtiyac yoxdur. Qısaca, onu deyə bilərik ki, buraya sülh müqaviləsi, demarkasiya və delimitasiya prosesi, humanitar yardımlar və s. məsələlər daxildir”.
“Amma Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan israr edəcək ki, Ermənistan öz üzərinə götürdüyü öhdəliyi həyata keçirsin. Çünki artıq bu məsələ Ermənistan çərçivəsindən çıxmaqdadır. Ona görə ki, Zəngəzur dəhlizinin açılması artıq geopolitik bir məsələdir və bunun açılmasında həm Avropanın böyük gücləri, o cümlədən Böyük Britaniya başda olmaqla xeyli Avropa ölkələri, eyni zamanda Çin, Rusiya, Türkiyə və Orta Asiya ölkələri maraqlıdırlar. Həmçinin də, Ermənistanın belə bir gücün qaşrısında durmaq imkanı yoxdur və Ermənistan məsələni o yerə çatdırmamalıdır ki, onun əvəzinə artıq başqaları qərar versin və bu məsələ öz həllini tapsın. Onsuz da bu yol açılmalıdır və açılacaq da”, - deyə O.Qasımov fikirlərini tamamlayıb.
Rafi MÜSLÜMOV
Telegram kanalımız