YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Bunu ancaq pulu başından aşan adam edə bilər!

Bunu ancaq pulu başından aşan adam edə bilər!

Xalqın səsi

26 Aprel 2022 11:01 8641


Səhv eləmirəmsə, o məşhur ifadə belədir: “Pul hər şeyi deyil, amma çox şeyi həll edir”.

“Çox şey” deyəndə ağlınıza nə gəlir? Mənim ağlıma elə çox şey gəlir. Məsələn, pul adamı qudurdur. Çoxlu pulu olan bəzi adamlar yolundan azır, ağlasığmaz hərəkətlər edir. Çox uzağa getməyək, bir neçə il əvvəl Goranboyda pulu başından aşan bir iş adamı itinə toy etmişdi. Həmin fotolar indiyə kimi gözümün qabağındadır: Adam “toyu” olan it üçün bahalı tort bişirtdirmişdi. Bir rəssam itin şəklini çəkmək üçün ən azı 2 saat vaxt sərf etmişdi. Bir anlığa təsəvvür edək ki, həmin adam kasıb bir kəndlidir, gecə-gündüz tarlada çalışıb ailəsinə ruzi qazanır. Sizcə, kim zəhmətlə qazanılan pulu itin-qurdun “toyuna” xərcləyər? Heç kim! Bunu ancaq pulu başından aşan və buna görə də ağlı başından çıxan adam edə bilər.

Azərbaycanda pulun qudurtduğu adamların əməlləri bu qədər zərərsiz olsaydı, nə dərd vardı! Başını aşağı salıb yolun kənarı ilə sakitcə gedən zavallı adamları dədəsinin pulu çox olduğu üçün bahalı “Jeep”lərinin iri təkərləri altında xurd-xəşil edən məmur övladlarını tanıyırsınız? Bunların sayı çox olduğu üçün mən də bu barədə çox yazmışam. Xalq artisti Ağasəlim Abdullayevin həyat yoldaşını və nəvəsini hansısa kasıbın oğlu vurub öldürməmişdi. Kasıb yeməyə çörək tapmır, “Gelandewagen”i hardan alsın?  “Gelandewagen”i sürmək üçün ya iş adamı olmalısan, ya da büdcəni talamalısan. Əgər söhbət məmur övladından gedirsə, ağlıma ikinci versiya gəlir. Anadoluda məşhur bir məsəl var: Dövlətin malı dəniz, yeməyən donuz. Dərd odur ki, bu adamlar dövlətin malını yeməklə kifayətlənmirlər, həm də ömrümüzü yeyirlər...

Söhbətə uzaqdan başlamağıma baxmayın, mövzu yaxındır, yenidir. Dünən Murad Salman adlı motosiklet sürücüsü ona yol verməyən “Lexus”un sahibi tərəfindən döyülüb. Mətbuatımız araşdıranda məlum olub ki, “Lexus”un sahibi  Sultan Dadaşov məmurdur, vaxtilə yaxşı vəzifələrdə çalışıb. Aydın məsələdir ki, yaxşı işi olduğu üçün yaxşı da pulu var. Biz azərbaycanlılar, hamımız olmasaq belə əksəriyyətimiz elə bilirik ki, pulumuz varsa, istədiyimizi edə bilərik. Məmur Sultan Dadaşov da azərbaycanlı olduğu üçün bizim kimi düşünüb və pulunun çoxluğuna güvənərək motosiklet sürücüsünü döyüb. Ağsaqqal əməlinə görə peşmandır, deyir ki, gərək belə olmayaydı. 

Sizcə, niyə belə olur? 

Yuxarıda dedik axı, pul çox şeyi həll edir. Məncə, araşdırmaya da burdan başlamaq lazımdır. Araşdırmaq lazımdır ki, müəllimin 500 manat maaş aldığı ölkədə məmur hansı pulla 200 minlik maşın sürür? 

Problemin kökü bu sualın cavabındadır...

Seymur VERDİZADƏ


 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!