Ötən ay “Azərbaycanfilm” Kinostudiyasının rəhbəri dəyişdi və bu vəzifəyə Qurban Pirimov gətirildi. Son beş ildə 5-ci dəfədir ki, qurumun rəhbərliyi dəyişdirilir. Səbəbi isə heç kəsə məlum deyil. Məlum olan əsas məqam odur ki, “Azərbaycanfilm”in fəaliyyəti illərdir müzakirə obyektidir. Hər kəs maraqla yeni rəhbərliyin film sahəsi üçün nələr edəcəyini gözləyir. Görəsən bu dəfə vəziyyət yaxşı istiqamətdə dəyişəcəkmi? Bütün bunlar sual altındadır. Cavabsız qalan sual altında...
“Yeni Sabah”ın əməkdaşı Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasına baş çəkib, reportaj hazırlayıb.
“Azərbaycanfilm” Kinostudiyasının həyətinə qədəm qoyanda insan sanki başqa bir zamana düşür. Sezar pizza
Bina çöldən səliqəli görünsə də, içəri daxil olanda gözə görünən ilk şey divarlardakı çatlar, pas tutmuş, rəngi getmiş qapılar, dağılmış taxtalar və tozlu pəncərələr olur... Hər biri bir dövrün şahidi, bir zamanın nəfəsidir. Bu binanın divarlarında kino tariximizin keçmişi, millətin yaddaşının izləri qalıb. Həyətin ortasında ucalan, toz basmış Cəfər Cabbarlı heykəlinin baxışları isə sanki hər kadrı bir-bir yaddaşında saxlayıb. O, həmin kadrları hər gün yenidən hiss edir. Külək əsdikcə heykəlin üzərinə yığılan toz dənəcikləri havada süzülür, beton divarlara çırpılaraq yerə düşür. Sanki unudulmuş səslər, gülüşlər, alqışlar da o tozla birlikdə uçub ətrafa yayılır...

Uçmuş tavan, yarıaçıq pəncərə, rütubət iyi
Asta addımlarla binaya daxil oluram. Bir vaxtlar bu dəhlizlərdə “Bizim Cəbiş müəllim”in səsi insanda mərhəmət hissini formalaşdırır, “Axırıncı aşırım”ın Kərbalayısı səhnədən səhnəyə tələsir, “Bəxtiyar”ın nəğməsi hər küncdə səslənirdi. Hər otaqda bir həyat, bir nəfəs var idi. İndi isə həmin dəhlizlərdə addımladıqca yalnız sükutun şahidi olursan, bir də addımların səsi eşidilir. Səssizlik hər addımda insanın qulaqlarını deşir.
Birinci mərtəbəyə daxil olanda elə bil sovet dövrünün qara-ağ kadrlarının içərisinə düşürsən. Uçmuş tavan, yarıaçıq pəncərə, rütubət iyi, küncdə unudulmuş, yarısı qırılmış taxta şkafın parçaları... İndi o aktyorlar da, rejissorlar da, elə bütün kino heyəti ilə yanaşı əşyalar da buradakı sükutun bir parçasıdır. Hər biri insandan sanki bir ümid gözləyir...
Qıfıllı qapı
Otaqlardan birinin qapısı qıfıllıdır. Adama elə gəlir ki, o qapının arxasından Nəsibə Zeynalovanın gülüşü eşidilir.
Sanki başqa bir küncdən Cahandar ağanın əzəmətli səsi gəlir:
“Biqeyrətlər! Qonağa əl qaldırırsınız? İtilin burdan!”.

Gəzdikcə düşünürəm ki, bu divarlar nə çox şey görüblər. Burada bir zamanlar rejissorun həyəcanla “Motor!” deyə səssizliyi pozduğu anlar yaşanıb. Aktyorların yorğun, amma sevinc dolu baxışları, operatorun işığı tutmaq üçün pilləkənə dırmaşdığı günlər olub. İndi isə hər tərəfi bürüyən sükut qulaqları deşir, insanın içində qəribə hüzün oyadır.
Hər dəfə o dəhlizlərdə bir addım atanda sanki nəhəng bir səhnənin içinə düşürsən. Vaqiflə şərik olub, sən də bir dilim çörək kəsirsən.
Yuxarı mərtəbələrə qalxanda dəhlizlərin və otaqların bir hissəsinin təmirdən çıxdığını görürəm. Bu isə o deməkdir ki, binanın bir hissəsində ümid işartısı hələ də qalıb. Burada təmir işləri aparılıb, bərpa edilmiş film çərçivələri, “Arşın mal alan”ın, “Uzaq sahillərdə”nin, “Bəyin oğurlanması”nın rənglənmiş qara-ağ kadrları insanın könlünü oxşayır. O kadrlar da sanki insana pıçıldayır:
“İşıq hələ də buradadır, sadəcə tozun altında qalıb”.

O işıq çoxdan sönüb
Təmir olunmamış otaqların hər biri elə bil zamanın içində donub qalıb. Çürümüş taxtalar, soyulmuş divar boyaları, uçub tökülmüş divarlar... Bütün bunlar bir kağızın üstündə yarımçıq qalmış cümlələr kimi beynimi deşir. O anda rejissor səslənir:
“Kadrda işığı artır, qəhrəman gəlir...”
Amma o işıq çoxdan sönüb, qəhrəman da sanki həmin səhifədə itib-batıb.
Bir küncdə dayanıb səssizcə divarları dinləmək istədim... Elə bil tanış səslər geri qayıdır:
“Qurban olum, uşaqlar, işıqçını çağırın, bunu bir az sağdan qoşsun. Axı kadr yaxşı alınmır”.
Diqqətlə qulaq asanda yeni səslər eşidirəm. Bu səs kimindir görəsən? Ayırd edə bilmirəm, amma əminəm ki, burada səs hələ də var. O səslə birlikdə həyat da var.
Kinostudiyada yenə də filmlər çəkilir. Lakin etirazlar da bitib-tükənmək bilmir. Bəlkə də sovet dövründə çəkilən filmlərin sayı az olduğu üçün bu qədər sevilirdi. İndi say çox olduğu üçün, eyni zamanda dövr də dəyişdiyi üçün narazılıqlar bu qədər çoxdur.
Deyilənə görə yeni layihələr də yaradılır. Bina da təmir olunacaq. Yeni plan hazırlanır. Lakin işlərin nə vaxt yekunlaşacağı hələlik məlum deyil. Ümid edirik ki, Mədəniyyət Nazirliyi bu məsələni diqqətdə saxlayacaq. Binaya daxil olanda qırılmış taxtalar, uçmuş divarlar içimizdə qorxu yaratmayacaq.

Ümid...
Kinostudiyanın həyətinə çıxanda yenə də günəşin Cəfər Cabbarlının heykəlinin üzərinə düşdüyünü görürəm. Toz işığın içində parıldayır, sanki səssizliyin arxasından onun da səsi gəlir:
“Bu bina da gözəlləşəcək, filmlər də çəkiləcək, kadrlar yenə də “motor” səsi ilə canlanacaq. Pavilyonlar insanlarla dolub daşacaq”.
Bəli, “Azərbaycanfilm” təkcə keçmişin xatirəsi deyil, həm də gələcəyin kinoya olan ümididir. Çünki kino yalnız kamera, obyektiv, işıqdan ibarət deyil. O həm də ruhumuzun nəfəsi və hissidir.
O bina bəlkə köhnəlib, amma oradakı xatirələr qocalmayıb. “Azərbaycanfilm”in səssiz səhnələrində bu xalqın tarixi, gülüşü, ağrısı və sevgisi hələ də yaşayır, uzun illər də yaşayacaq.
Və hər külək əsəndə, hər qapı cırıltı ilə açılıb-bağlananda, uzaqdan bir səs gələcək:
“Kamera, motor... “Azərbaycanfilm”in yeni səhnəsi başlayır”...
Azərbaycan kinosu yenidən diriləcəyinə və xalqımızın xidmətində duracağına ümidliyik...
Aydan Hacı
Telegram kanalımız