“Canavarla parçalayırıq, çobanla yeyirik, sahibi ilə ağlayırıq”  – Deputatdan etiraz

“Canavarla parçalayırıq, çobanla yeyirik, sahibi ilə ağlayırıq” – Deputatdan etiraz

Siyasət Veb saytların hazırlanması

01 Dekabr 2023 08:53 7671


“Yeni Sabah” Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin müsahibəsini təqdim edir:

- Qüdrət bəy, hərbçilərin 20 il xidmətdən sonra dövlət tərəfindən mənzillə təmin olunmasına dair hüquqlarının ləğv olunmasına və həmin müddətin 25 ilə qədər uzadılması barədə qanunvericiliyə təklif olunan dəyişikliklərə münasibətiniz necədir?

- Münasibətim çox pisdir. Bir tərəfdən deyirik ki, hərbçilərimiz qürur mənbəyimizdir, başımızı uca etdilər, onların əmək haqları artırılmalıdır, digər tərəfdən onların sosial hüquqlarını məhdudlaşdırırıq. Hərbçilər mənzil almaq hüquqları saxlanılmaqla 20 il xidmətdən sonra pensiyaya çıxa bilməlidirlər. Çünki onların həyatı çox ağırdır. Həm də insan yaşlaşdıqca onun reaksiyası zəifləyir və fiziki imkanları tükənir. Peşəkar idmanda 35 yaşdan yuxarı az sayda idmançı görmək olar. Bizimki bir kürd məsəlinə oxşadı: “Canavarla birlikdə parçalayırıq, çobanla birlikdə yeyirik, sahibi ilə birlikdə ağlayırıq”. Bir tərəfdən tərifləyib, digər tərəfdən hüquqlardan məhrum edirik.

- Bu dəyişiklik hansı ehtiyacdan qaynaqlanır?

- Bu, layihəni müdafiə edənlərin dediyi kimi hərbçiləri çox istəməkdən, onların təcrübəsindən daha çox istifadə etmək ehtiyacından qaynaqlanmır. Hərbçi yaşlaşdıqca onun döyüş meydanında çevikliyi azalır. Mən səmimi olaraq bu dəyişiklikləri dəstəkləyən bir hərbçi belə görmədim. Əsas səbəb Qarabağın bərpası üçün dövlətin artan xərcləri, həmçinin neft satışından gələn pulların azalmasıdır. Çıxış yolları tapmaq üçün başqa yollar axtarılmalıdır. Prezident daha çox xarici siyasətə, təhlükəsizlik məsələlərinə, energetika sahəsinə, ölkəni nəqliyyat qovşağına çevirəcək iri layihələrin gerçəkləşməsinə diqqət yetirir. Bunu təqdir etsək də Prezidentin kiçik və orta sahibkarlarla görüşünə, onların problemlərini, biznes mühitinin yaxşılaşdırılması üçün onların təkliflərini şəxsən dinləməsinə çox böyük ehtiyac var. Bununla yanaşı iqtisadi və məhkəmə islahatları genişləndirilməlidir, inflyasiya 5%-in altında olacaqsa, o zaman 2000 manatdan çox maaş alan şəxslərin maaşlarının artırılmasına 3 illik morotorium qoyula, özəl sektorun inkişafı qarşılığında büdcədən maaş alanların sayının 30-35% azaldılmasına nail olmaq olar. Bununla yanaşı, nə qədər qeyri-populyar olsa da, 3000 manatdan yüksək maaş alan şəxslərə “Qarabağın bərpası” üçün yeni vergi tətbiq oluna bilər. Sahibkarlardan Qarabağın bərpası üçün pul toplanması vergi tətbiqi yolu ilə, qanunçuluğa ciddi əməl etməklə, xeyriyyəçiliyi təbliğ etməklə həyata keçirilməlidir. Amma hərbçilərin sosial hüquqları məhdudlaşdırılmamalı, xidmət müddəti uzadılmamalıdır.

- Vəsaitlərə qənaət etmək üçün mütləq hərbçilərdən başlamaq lazımdırmı?

 - Əvvəla hökumətin sosial siyasətinin müəyyənləşdirilməsində və həyata keçirilməsində ağır həyatın, aztəminatlı olmanın nə olduğunu bilən adamlar daha çox iştirak etməli, onların dairəsi millətimizə acıya bilən şəxslərlə, milli kadrlarla genişləndirilməlidir. Büdcə vəsaitlərinə qənaət şəffaflığı təmin etməklə, insanlarımız üçün faydalı olan, nəticəyə hesablanmış layihələri maliyyələşdirməklə təmin edilməlidir. Bütün dinlərə görə “Allahın bəyəndiyi işlər insanlar üçün vacib olanıdır”. Hökumət, hazırda valyuta ehtiyatlarını artırmaq haqqında yox, ondan daha səmərəli istifadə barədə düşünməli, Qarabağın bərpasına Neft Fondundan vəsait ayırmalıdır. İndi, Qarabağın bərpası ilə hökumət məşğul olur. Bu işə qaçqın və məcburi köçkünləri, geniş xalq kütləsini cəlb etmək lazımdır. Təəssüf ki, hökumət bunu necə etməyin yolunu bilmir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Validə Abasova
    Çox gözəl təklifdir. Hərbçilərin haqqına girmək olmaz.
    3 months ago