Cəbrayıl 4 ildir işğaldan azad olunub. Mən də valdeyinlərimi vətənə aparmaq istəyirdim. Amma çox tərəddüd edirdim. Görəsən atamı, anamı, necə aparım?
Düşünürdüm ki, aradan 31 il keçib. Atam ordan 35, anam isə 33 yaşında çıxmışdı. Daha doğrusu məcburi köçkünə çevrilmişdilər. Gəncliklərini, ömürlərinin ən xöşbəxt günlərini qoyub çıxdıqları torpağa, indi yaşı atmışı adlamış adamlar kimi necə qayıdacaqlar? Axı onlar 4 körpə qızlarını qucaqlarında çıxarmışdılar, indi isə nəvəsi ilə bu kəndə geri qayıdırlar. Onlar üçün çox çətin səfər olacaq.
Çox götür-qoy etdim. Birdən nə isə olar sonra özümü bağışlaya bilmərəm deyə çox düşündüm. Bu qərarımı Azərlə bölüşdüm o, mənim fikrimə müsbət yanaşdı. Getməyin vacibliyini vurğuladı. Qərar verdik: Gedək! pizza hut
Bəs onlara necə deyəydim ki, sizi Cəbrayıla aparırıq...
Yox! Deyə bilməzdim... Bu işi Azərin üstünə atdım. O, daha mülayim şəkildə valideynlərimi razı sala bildi.
23 avqust 1993-cü ildə işğal olmuş Cəbrayıla 30 il sonra 24 avqust 2024-cü ildə geri döndük. 24 avqust həm də babamın 35 il bundan əvvəl dünyasını dəyişdiyi gündür.
Təsadüflər bu qədər real olarmı? Səhər saat 6-da hazır idik yola çıxmağa. Üzü Cəbrayla yön aldıq...
Fizulini, Horadızi keçdik. Atam həyəcanlı idi. Maşında süküt vardı. Posta çatanda, bu sükütu Azərin səsi pozdu: Vəsiqələri hazırlayın! Atamla anam bir-birinə kəndləri göstərirdilər. Vəsiqələri yoxladılar, postu keçdik. Cəbrayıl yazılmış löhvə olan yerdə düşdük. Çox həyəcanlı idilər. Çoxlu şəkillər çəkdirdik...
Yenə yol aldıq öz kəndimizə. Şükürbəyliyə çatdıq. Atam xatirələrini danışmağa başladı. Danşdıqca gözlər yaşarırdı. “Dosltuq” bulağına vardıq. Yenə xatirələr canlandı. Sonra üzü Papıya yol aldıq. Atamın, anamın uşaqlığının gəncliyinin, keçdiyi kəndə. Atamın atası, əmisi uyuduğu məzarlığı ziyarət etmək üçün gəlmişdik. Kəndimiz, viran qalmış evlərimizi və yeni tikilən evləri gördük. Hamımız çox kövrəlmişdik. Anam ata evinə çatanda ilk səslədiyi vətən həsrəti ilə bu dünyadan köçən atası, anası, və Cəbrayıl işğaldan azad olandan sonra bu dünyadan köçən qardaşı, dayım Aqil oldu. Onları çağırdı, amma səsinə səs verən olmadı.
Anam için-için ağlıyırdı...
Sonra öz evimizə, anamın gəlin köçdüyü, dünyaya göz açdığım evə çatdıq. Evimiz yox idi. Mən bilirdim dağıdılıb evimiz. Amma atama çox pis təsir elədi böyüdüyü evi elə vəziyyətdə görmək. İndi birgə böyüdüyü nə qardaşı, nə bacısı vardı onun. Onlar bu dünyadan köçmüşdülər. Atam istədi səsləsin bacısını, qardaşını, amma səsi boğazında düyünləndi. Üzü məzarlığa sarı torpaq yola çıxmağa başladıq. Babamın, onun qardaşının, əmim oğlunun qəbirlərini ziyarət etdik. Atamla anamın bütün hissləri bir-birinə qarışmışdı. Cəbrayılda doğma kəndlilərini görüb onlarla söhbət edib, qohumluq əlaqələrindən danışıb çox kövrəlirdilər. Çəbrayıldan çıxanda tanıdığımız insanların çoxu artıq yox idi. Çox şükür ki, Allah valdeyinlərimə bu hisləri yaşamaq imkanı verdi.
Kəndimizdən çıxdıq rayonun mərkəzinə tərəf. Təzə tikilən binalara baxmağa yollandıq. Çinar bulağına çatanda atamın, anamın su ilə təması çox təsir etdi mənə, suyu üzlərinə qollarına vururdular ki, Cəbrayıl suyudur, 30 ildir bu suya həsrətik. Kənardan durub onlara baxırdım. Birdən atamın səsi məni diksindirdi: "Qızım, qabları gətir, su aparaq".
Valdeyinlərim o suya elə həsrətlə baxıb doldurmaq, içmək üçün tələsirdilər ki, özüm də təsirlənirdim. Yavaş-yavaş çıxırdıq rayondan. Bakıya yollandıq.
Allah şəhidlərimizə rəhmət eləsin! 30 ildən sonra bu sevinci bizə yaşatdılar...
P,S. Həyatda nə qədər yer gəzirsən gəz, dünyanın hansı gözəl guşəsinə gedirsən get, yenə uşaqlığını keçirdiyin doğma ocağı, o ocaq başında sevincini, qayğını bölüşdüyün doğmaları axtarırsan. Yollar səni illər öncə ən gözəl günlərin xatirəyə çevirldiyi ocağa, doğulduğun o kəndə, o obaya aparır...
Elyana AKİFQIZI
Bakı-Cəbrayıl-Bakı
Telegram kanalımız