Son dövrlər milyonlarla insan sağlamlıqla bağlı suallarına cavab almaq üçün süni intellektə üz tutur. İndi isə ''ChatGPT'' istifadəçilərin tibbi analizlərini, qəbul etdikləri dərmanlar və ağıllı saat məlumatlarını analiz edə biləcək yeni funksiyanı istifadəyə verib. Bununla yanaşı, mütəxəssislər bu yeniliyin bəzi risklər daşıdığı barədə xəbərdarlıq edirlər.
"Yeni Sabah" xəbər verir ki, ''OpenAİ'' istifadəçilərə analiz nəticələrini, tibbi keçmişini, qəbul etdikləri dərmanlar və ağıllı saatlardan əldə olunan məlumatları ''ChatGPT''yə yükləməyə imkan verən "ChatGPT Sağlamlıq" funksiyasını təqdim edib.
Şirkətin məlumatına görə, yeni sistem əvvəlki analizləri müqayisə edə, həkim müayinələri arasındakı dəyişiklikləri ümumiləşdirə, yuxu və fiziki aktivlik göstəricilərini təhlil edə bilir. pizza sifarişi
Bildirilir ki, hazırda həftəlik təxminən 300 milyon nəfər sağlamlıqla bağlı sualları üçün ''ChatGPT''dən istifadə edir.
Bununla belə, mütəxəssislər süni intellektin həkimi əvəz edə bilməyəcəyini vurğulayırlar. Onların sözlərinə görə, bəzi hallarda süni intellekt yanlış və ya təhlükəli tibbi məsləhətlər verə bilər. Buna görə də istifadəçilər əldə etdikləri məlumatlara kor-koranə etibar etməməli, mütləq həkimə müraciət etməlidirlər.
Qeyd olunur ki, əvvəllər süni intellektin yanlış tövsiyələri səbəbindən ciddi sağlamlıq problemləri yaşayan, hətta həyatını itirən şəxslərlə bağlı hadisələr də qeydə alınıb. ''OpenAİ'' isə bəyan edib ki, ''ChatGPT''' həkim deyil və peşəkar tibbi müayinə, diaqnoz və müalicəni əvəz etmir. Şirkət həmçinin istifadəçilərin paylaşdığı tibbi məlumatların modelin öyrədilməsi və ya reklam məqsədilə istifadə olunmayacağını, bu məlumatların əlavə şifrələmə üsulları ilə qorunacağını açıqlayıb.
Lakin kibertəhlükəsizlik mütəxəssisləri hesab edirlər ki, süni intellekt şirkətlərinin gələcəkdə xidmət şərtlərini dəyişməsi ehtimalı tam istisna edilə bilməz. Bu səbəbdən həssas şəxsi tibbi məlumatların uzunmüddətli taleyi ilə bağlı narahatlıqlar qalmaqdadır.
Mütəxəssislər sonda bir daha xatırladıblar ki, süni intellektdən alınan hər bir tibbi məlumat və tövsiyə mütləq həkim nəzarəti ilə yoxlanılmalıdır.
Əsmətxanım Rzazadə
Telegram kanalımız