Kitab oxumaq zövq məsələsidir. Hər kəs öz zövqünə, qavrayışına uyğun kitablar oxuyur. Elə əsər var ki, onu 2, 3, hətta bəzən 4-cü dəfə oxumuşam. Birnəfəsə oxuduğum əsərlər var. Bəzi kitablar məni yorsa da, əsərdəki maraqlı məqamlar axıra kimi oxumağa sövq edib. Amma elələri də olub ki, o kitabı bəzən yarıda, bəzən isə 15-20 səhifə oxuyandan sonra dayandırmışam. Aradan bir müddət keçəndə həmin kitabı yenidən oxumağa cəhd göstərmişəm, amma alınmayıb. Hazırda rəfimdə bir neçə belə yarıda səhifəsi qatlanmış kitablar var. Ruh halım imkan verəndə bəlkə yenə də cəhd etdim.
Heç kimin kimsənin kitabını oxumadığı ölkəmizdə əlində kitab olan adam görəndə sevinirəm. İmkan düşdükcə yaxın ətrafım, eyni zamanda virtual dostlarım arasında kitabla bağlı təbliğat aparmağa çalışıram. Nə olur olsun, təki insanlar kitab oxusun. Azərbaycan əlifbasını tanısınlar. Adını yaza bilməyən o qədər adam görmüşəm ki...
Ən müxtəlif janrlarda əsərlər oxusam da, heç vaxt Çingiz Abdullayevin əsərlərindən bir cümləyə də göz gəzdirməmişəm. Məni maraqlandırmayıb. Buna görə nəsə itirdiyimi düşünmürəm. Toyuqlu pizza
Cənab Abdullayevin yaradıcılığı ilə yalnız sosial şəbəkələrdə yazdığı statuslar səviyyəsində tanışam. Xəbər baxımından yanaşanda maraqlı adamdır. Fərqli fikirləri var və mən fərqliliyi hər zaman sevmişəm. Onunla bağlı hazırlanan xəbərlər, açıqlama və müsahibələri hər zaman saytlarda çox oxunur. Oxucu üçün maraqlı personadır. Lakin mən Abdullayevi oxumuramsa, bu əsas vermir ki, onun yazdıqlarını, şəxsiyyətini təhqir edim. İndi sosial şəbəkələrdə tanıdın-tanımadın fərqi yoxdur, istənilən şəxsi “yıxıb-sürümək” dəb halını alıb. Cəmiyyətimizin fərdləri sanki digərindən daha ağıllı görünmək üçün bir-biri ilə yarışa girişiblər. Tənqid təhqirlə əvəz olunur. Yaradıcılıq təhqirindən şəxsiyyət təhqirinə transfer edilir. Ailə, qohum-əqrəba da bəzən bu təhqirlərdən pay alır. Tolerant ola bilmirik. Dözümlülük səviyyəmiz sıfırın altına düşür.
Çingiz Abdullayevin necə yazıçı olduğu haqda heç bir fikrim olmasa da, müşahidələrim var. Bu müşahidələrdən isə nəticə çıxara bilmirəm. Özümə verdiyim suallar cavabsız qalır. Amma fakt faktlığındadır.
Bakıda demək olar ki, baş çəkmədiyim kitab mağazası, nəşriyyat, kitab sərgi-yarmarkası yoxdur. Bütün bu ünvanlarda Çingiz Abdullayevin kitabları piştaxtalarda böyük yer tutur. Bəlkə də metrlərlə. Kitab satan adam satılmayan əsərlər üçün bu qədər yer ayırmaz deyə düşünürəm. Eyni zamanda onun əsərlərinin oxucular tərəfindən necə həvəslə alındığına da dəfələrlə şahid olmuşam. Deməli, Çingizə tələbat var. Onu oxuyurlar. Yazıçı oxucuların damarını tuta bilib. Yazır və satır.
Yaxşı, əgər cəmiyyət onu bəyənmirsə, o zaman kitablarını alan kimlərdir? Çingiz nə etsin ki, ona tələbat var? Bərəkət haqqı, görsə ki, kitabını alan yoxdur, bir cümlə də yazmaz.
Bir məsələ də var: Tarixdə yalnız yazılan kitablar qalır – biz istəsək də, istəməsək də.
Elnur Məmmədli
Telegram kanalımız