"Çingiz Abdullayevə münasibətim birmənalı deyil. Hesab edirəm ki, o Azərbaycan dilini ən yüksək səviyyədə öyrənməlidir. Bu onun vətəndaşlıq borcudur".
Bu sözləri SİA-ya açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib.
Onun sözlərinə görə, bəlkə də yaşının irəliləməsi ilə əlaqədar olaraq Çingiz Abdullayev bu məsələni arxa plana keçirib, yaxud ana dilimizə etinasız yanaşdığı üçün nitqindəki qüsurları düzəltməyə həvəs göstərmir: "Hər iki fakt Çingiz Abdullayevə baş ucalığı gətirmir. Amma ona qarşı olan xüsusi aqressiyanı da dəstəkləmirəm. İnsanlar əllərinə yaba-balta alıb yaradıcı adamların, yazarların və ziyalıların üzərinə düşməməlidir. Bu insanlarla həssas davranmağa ehtiyac var. Çingiz Abdullayevlə küçə leksikonu ilə danışmaq doğru deyil. Çünki o bir Azərbaycan yazıçısıdır".
Seymur Verdizadə sözlərinə belə davam edib: "Sevə də bilərik, sevməyə də. Əgər bir yazıçını sevmirsənsə yazdıqlarını oxuma, kitablarını alma. Amma sənə onu təhqir etməyə, aşağılamağa, sosial şəbəkələrdə hər gün küçə söyüşlərinə "qonaq etməyə" heç kim haqq vermir.
Çingiz Abdullayevin Azərbaycanda qalmağı məsləhətdir. Bu yaşda qürbətdə yaşamaq onun üçün çətin olar. Sadəcə Azərbaycan dilini öyrənsin və mental dəyərlərə hörmətlə yanaşsın. Arada da dilinin altına qənd qoysun. İnsanları və cəmiyyəti qıcıqlandırmaqdan vaz keçsin. Əgər belə olarsa, heç kim onu qıcıqlandırmaz və o da rahat həyatını yaşayıb yazı-pozu ilə məşğul olar. Təkcə cəmiyyətin Çingiz Abdullayevə deyil, həm də onun cəmiyyətə münasibətinin dəyişmsinə ehtiyac var".
Telegram kanalımız