Coğrafiya qədərdir...

Coğrafiya qədərdir...

Yazar Veb saytların hazırlanması

01 Oktyabr 2022 23:55 2648


Coğrafiya həqiqətən də qədərdir. Özü də hər mənada. Ona görə ki, biz bu coğrafiyada kədəri, qəmi, bədbəxtliyi, yoxsulluğu, habelə xoşbəxtliyi, sevgini, arzunu gördük.

Biz yaxşı millətik. Ən azından bunu 2020-dəki müharibədə gözlərimlə gördüm. Hər kəs öz cibindəki son 1 manatı belə orduya, əsgərə göndərirdi. Amma biz bir az da qəribə millətik. Bəzən bir-birimizin ayağını qazarıq, bəzən sadəcə susarıq, bəzən isə bir kəlmə belə dinmərik.

Coğrafiyanın qədər olmasını niyəmi söylədim? Çünki biz bu torpaqların əsl adamlarıyıq. İnsan isə yaşadığı torpağa çəkir. Bu torpaqlarda isə başımıza min müsibətlər, bəlalar, faciələr gəldi. Müharibəsindən tutmuş divarı malasız şəhid evlərinə gələn tabutlara qədər, yaxud soyuq qış fəslindəki çadır düşərgələrindəki ac-yalavac böyüyən uşaqlardan tutmuş torpağa tapşırdığımız 3 min oğula qədər hər vəziyyətə düşdük.

Biz bu coğrafiyada nələrdən keçmədik ki, atam balası?! Bəzən oturub üzümüzdən solan gülüşə, məhv olan ümidlərimizə, yaxud da itirdiyimiz xoşbəxtliklərə baxanda düşünürəm ki, hər acıya nisbətən biz əvvəl daha yaxşı idik.

Ölkədə problemlər, yaşam səviyyəsi, müharibə sonrası “Vyetnam sindromu” və digər amillər onsuz da çoxluq təşkil edir. Kimisi şəhidin qardaşına üzr istədir, kimisi özünü küçədə yandırır, kimisi də hər şeyi məsxərəyə qoyur.

Bəziləri isə bu vətəni qara qəpiyə satmağa belə razıdır ki, öz arzu və istəklərini gerçəkləşdirsin. Sanki gedəcəyi yerdə onu kimsə düz-çörəklə qarşılayacaq.

Bu torpaq onsuz da bizimdir. Pisiylə, yaxşısıyla bu vətən, habelə bu coğrafiyadakı qədər də bizimdir. Oğul ona deyərəm ki, öz torpağını hansısa yad gözəlliyə dəyişməsin. Onsuz da bu torpaqlarda ayaqyalın, başıaçıq böyüyən nə oğullar gördük ki, tank belində erməninin anasını ağlar qoydular.

Deyirlər, dişin ağrıyır çək qurtar, qonşun pisdir köç qurtar. Yaxşı, biz hara köçək? Sən köçdün, mən köçdüm, bu vətən kimə qalacaq? Bu torpaq uğrunda canından keçən şəhidlərin qəbri kimə əmanət qalacaq? Bunu heç olmasa fikirləşirikmi?

Mən əl-üzümüzü yumuram. Səhvimizlə, doğrumuzla biz bir millətik. Lap içimizdə anasının əmcəyini kəsənlər olsa belə, o da bu cəmiyyətin bir fərdidir və bizim aramızda olanlardan biridir.

Bu coğrafiyadan, bu vətəndən hər nə qədər şikayətlənsək, hər nə qədər qaçıb getmək arzusuyla yansaq-alışsaq, heç bir problem öz həllini tapmayacaq.

Rəhmətlik Cabir Novruz demişkən, “Sağlığında qiymət verin insanlara”. Ona görə də sağlığında qiymət verək bu vətənə. Onun səndən, məndən başqa kimisə yoxdur və olası da deyil.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!