Dedi burdan çıxan kimi sənin bütün nəslini doğrayacağam... 

Dedi burdan çıxan kimi sənin bütün nəslini doğrayacağam... 

Yazar Veb saytların hazırlanması

21 Sentyabr 2019 07:35 1601


2000-ci illərdə ANS-də işlədiyim vaxtlar partiyaların tədbirlərini çəkməyə gedərdik. İclasları çəkib qurtarana qədər atmacalar atardılar. 

Hərgah desəydilər ki, "çəkirsiz, sonra yalan, iftira göstərirsiz" dözmək olardı. Atmacalar bizim təhlükəsizliyimizə təhdid idi: "Hələ hakimiyyətə gələk sizi ayağınızdan asacağıq", "Şəxsən sənin ayağını sındıracağam" və sair vahiməli təhdidlər. 

2003-cü ilin prezident seçkisində səsvermə qurtarandan sonra Müsavatın qərargahına getmişdim. İnsanların gözlərini necə qan örtmüşdüsə, maşınımızı silkələyirdilər. Biz isə içəridə oturub oturacaqlardan bərk-bərk tutmuşduq. Necə söyüşlər, pəncərəyə ilişdirilən yumruqlar. Sağ tərəfdən qapının cəftəsini sındırdılar. Nəhayət, sürücüyə qışqırdım ki, nəyin bahasına olursa-olsun qabağa sürsün. Biz ordan uzaqlaşdıq. 

Bunu niyə xatırladım? Bizdə siyasi əqidə fərqliliyi düşmənçiliyə, insan təhlükəsizliyinə təhdidlə müşahidə olunur. Necə ki, Qobustan qapalı təcridxanasında cəkiliş zamanı Əlikram Hümbətov dəmir barmaqlıq arxasından mənə baxıb demişdi ki, “burdan çıxan kimi sənin bütün nəslini doğrayacağam” xarakterlidir fərqli siyasi əqidəliliyə baxış. Bolşevik sayağıdır müxtəlif cəbhələrdə olmağa münasibət. Normal yanaşma tərzi yoxdur. 

Fransada fərqli siyasi əqidəyə malik olanlar bir-birini tənqid etsələr də, məclislərdə görüşür, hətta qolf da oynayırlar. Türkiyədə Ərdoğanın anası torpağa tapşırılanda müxalifət partiyalarının liderləri onunla yanaşı dayanıb salavat çevirdilər, Allahdan anasına rəhmət dilədilər. 

Xatırlayıram ki, bir dəfə Heydər Əliyev İsa Qəmbərin masasına yaxınlaşıb gülə-gülə söhbət etdi. Anlatmağa, nümunə göstərməyə çalışdı ki, fərqli siyasi əqidə bizi fiziki təhdidə aparacaq qədər düşmənçiliyə çevrilməməlidir. 

Göstərmək istədi ki, biz bir millətin oğul və qızlarıyıq və siyasət bir-birimizin qanını içməyə qədər aparıb çıxarmamalıdır. Yoxsa, "sən niyə bu partiyanın üzvüsən, ay filan filan şüdə?" tipli təhdidlər normal siyasi yanaşma tərzi deyil. Bu insanın öz yoludur, özü bilər. Sən yalnız fikirlərini tənqid et, diskussiya apar, üz-üzə gələndə normal görüş, hal-əhval tut. 

Fikir versəniz görərsiniz ki, Azərbaycandakı rəqib siyasi məfkurə daha çox bolşeviklərin siyasətinə bənzəyir: "Bizdə deyilsənsə, deməli düşmənsən". Yəni, çal oynasın, vur çatlasın. 21-ci əsr olsa da hələ biz fərqli əqidəçilik münasibətini tənzimləyə bilməmişik. 

Liviyanın rəhbəri Qəddafinin əzabla öldürülməsi səhnəsinə baxıb düşünürəm ki, bizim yanaşma tərzimiz onlardan fərqlənmir. Özümüzü nə qədər avropalı hesab etsək də...

Azər Qismət


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!