Liberal demokratiya dini inanc və ənənələrdən ilham alan bir toplumda işləyə bilərmi? Başqa sözlə, demokratiya və siyasi İslam bir cəmiyyətdə yanaşı mövcud ola bilərmi?
Bu suallar məni bir hüquqşünas kimi çox düşündürürdü. İslam ölkələri arasında azsaylı demokratik ölkələrdən biri sayılan Türkiyədə Yüksək Seçim Qurulunun heç bir hüquqi dayanağı olmayan məlum qərarından və beləliklə, demokratiyanın son qalası olan seçki institutunun çökməsindən sonra bu məqaləni yazmaq qərarına gəldim.
Demokratiya və İslam – bir-birinə zidd anlayışlardır. Türkiyə nümunəsi bir daha göstərdi ki, demokratiya siyasi İslamın dominant olduğu Türkiyə kimi ölkələrdə bərqərar ola bilməz. Qərbin fərdiyyətçilik, liberalizm, insan hüquqları, bərabərlik, azadlıq, hüququn üstünlüyü, demokratiya, dinin dövlətdən ayrı olması qavramları İslam fəlsəfəsi və dünyagörüşünə yaddır. Dördpendirli pizza
Demokratiyanın təməl şərtlərindən biri dinin dövlətdən ayrı olmasıdır. Siyasi İslamın yayıldığı Türkiyə kimi ölkələrdə isə din və dövlət bir-birinin institusional davamı kimi fəaliyyət göstərir.
Dinin dövlətdən ayrı olması postulatı bir çox maarifçi filosoflar tərəfindən əsaslandırılıb. Con Louka görə, vicdan azadlığına və vətəndaşlarının düşüncə azadlığına müdaxilə etmək dövlətin işi deyil. Müasir anlamda dinin dövlətdən ayrı olması ABŞ Ali Məhkəməsinin “Everson işi” ilə bağlı 1947-ci il tarixli qərarında belə əsaslandırılıb: “Heç bir ştat və ya federal hökumət kilsə təsis edə bilməz, bir dinə və ya bütün dinlərə dəstək göstərəcək, eləcə də bir dinin digər dindən üstünlüyünü bəyan edəcək qanun qəbul edə bilməz, dini təşkilatların və ya qrupların işlərində iştirak edə bilməz və onların fəaliyyətini maliyyələşdirmək məqsədilə vergi toplaya bilməz”.
Konstitusiyasında “Türkiyə dünyəvi dövlətdir” yazılmasına baxmayaraq, türk siyasətində və ictimai həyatında biz bunun tam əksini görürük. Türkiyə büdcəsində hər ilə milyardlarla dollar dəyərində vəsait Türkiyə Diyanət İşləri Başqanlığına ayrılır və bu, nəticədə vergi şəklində vətəndaşlardan toplanır, dini icmalar bu və ya digər formada dövlət tərəfindən dəstəklənir, İslam dini ayrıca olaraq məktəblərdə tədris olunur.
Demokratiyanın ikinci təməl şərti fikir və düşüncə azadlığıdır. Bu, həmin fikir və düşüncə azadlığıdır ki, dini təsisatlar və teokratik hökumətlər onu öz mövcudluğu üçün əsas təhdid hesab edirlər.
Bir ölkədə dərin kök salmış və siyasi hakimiyyət tərəfindən dəstəklənən güclü dini təsisatların mövcudluğu həmin ölkədə düşüncə polisi, azad və tənqidi fikrin boğulması, demokratik təsisatların zəiflədilməsi ilə müşahidə olunur. Çünki dinlər alternativ və rasional fikrə dözümsüzdür. Xüsusilə islami teokratiyada Allah mütləq hakimdir, onun əmrlərinə müzakirəsiz, heç bir şübhə olmadan, sorğulamadan əməl edilməlidir. Allahla nə kompromisə gəlmək olar, nə də onun sözünü veto etmək olar. İslamda Allah demokrat deyil. Təmsilçi demokratiyalardakı kimi seçim yolu ilə onu başqa biri ilə əvəz etmək imkanımız yoxdur. Buna qarşılıq, liberal bir demokratiyada hər kəs alternativ bir fikir irəli sürmək və hakim fikri sorğulamaq haqqına sahibdir.
Avtoritarizm və İslam - demokratiya və İslamdan çox daha təbii dostlardır. Demokratiya düşüncə azadlığına, bütün fikirlərin azad bir şəkildə müzakirəsinə əsaslandığı halda, İslam hüququ doqmalara, müzakirəsi qadağan olan postulatlara əsaslanır. İslamda fikir alternativləri yoxdur, Allahın və peyğəmbərin sözü son sözdür.
İslamda demokratiyanın əsas şərti olan fərdi azadlıqlar ilahi iradəyə təslim olmaqla şərtləndirilir. Fərdin azadlığı toplumun azadlığının başladığı yerdə bitir. İnsan hüquqları yalnız insanın dini öhdəlikləri ilə əlaqəli olaraq mövcuddur. Bu öhdəlikləri qəbul etməyən fərdin hüquqları da mövcud deyil.
Demokratiyanın oturması üçün mübarizə aparan bütün tərəflərə bərabər imkanların tanındığı azad seçkilər mühüm əhəmiyyət kəsb edir. Əhalinin böyük əksəriyyətinin dindar və savadsız olduğu Türkiyə kimi cəmiyyətlərdə din xüsusilə seçki dövründə asanlıqla manipulyasiya oluna bilir. Kütlənin cənnət arzusu və cəhənnəm qorxusu hər cür rasional seçim etməyə mane olur. Nəticədə din amilini sui-istifadə edən islamçı qruplar öz rəqibləri üzərində haqsız üstünlük qazanmış olur. Həm də onu nəzərə almaq lazımdır ki, İslam kültüründə avtoritetə, mərkəzi hakimiyyətə itaət etmək Allahın buyruğu kimi qəbul olunur. Quran 4.59-da buyurulur ki, “özünüzdən olan rəhbərlərə itaət edin”. Dindar müsəlman üçün rəhbərin legitimliyi və hakimiyyəti xalqdan yox, Tanrıdan gəlir. Belə olduğu halda, dindar kütlənin gözündə hakimi-mütləq olan mövcud rəhbərin seçkidə rəqibi olmaq heç də asan olmur və nəticədə seçki təsisatı öz funksionallığını itirir.
Və nəhayət, sonda Qərbdə parlament kimi demokratik təsisatların orta əsrlərdən bu günə qədər davam edən çox qədim ənənələri var. Onların ən qədimi olan İngiltərə parlamenti 1215-ci ildə təsis olunub. Teokratiyalarda isə qanunverici hakimiyyətə ehtiyac yox idi. Çünki qanunvericilik funksiyasına ehtiyac yoxdur. Məişət münasibətlərinə qədər hər şey Allah tərəfindən bilavasitə göndərilən şəriət qanunları ilə tənzimlənirdi. Belə olan halda İslam toplumlarında parlament kimi demokratik təsisatlar və müzakirə mədəniyyəti, fikir plüralizmi inkişaf edə bilməzdi.
Demokratiya bir ənənədir, kültürdür. Demokratiya öz kökünü xalqların tarixindən, inanclarından, ənənələrindən götürür. Demokratiya elə bir fenomendir ki, onun bütün komponentləri birlikdə mövcud olmalı və bir-birini tamamlamalıdır. Azad və rəqabətli seçkilər, qadınların və azlıqların hüquqları, vicdan və fikir azadlığı, dinin dövlətdən ayrı olması, fikir plüralizmi, müzakirə mədəniyyəti kimi komponentlər fərdlər və cəmiyyət tərəfindən mənimsənilməsə və zamanla xalqın tarix və mədəniyyətinin bir parçasına çevrilməsə, o cəmiyyətdə demokratik təsisatlar qurmaq təəssüf ki, çətin olur. Görünür, Türkiyənin kollektiv demokratik təfəkkürü Atatürkün dünyəvi vizyonu ilə uzlaşmadı. Nəticədə İslam ölkələrinin ən parlaq demokratiya ulduzu da beləcə, öz parlaqlığını itirməkdədir. Nəysə ki, “Hər şey çox gözəl olacaq” demək cəsarətini göstərən və demokratiyaya inancını itirməyən bir çox aydın və sadə vətəndaş bu ulduzu hələ uzun illər parlaq tutmaqda qərarlıdır.
Nurlan Babayev
Telegram kanalımız