Dənizə qoyulan şlaqbaumlar –  Məmurların kefi üçün

Dənizə qoyulan şlaqbaumlar – Məmurların kefi üçün

Yazar Veb saytların hazırlanması

02 İyul 2019 06:47 1448


İsti iyul ayıdır. Yayın ortasıdı. Bakıda maşın çox, insan çox və yaşıllıqlar, parklar, oksigen də yox..

Amma xöşbəxtlikdən, Bakı dənizsahili şəhərdir. Xəzər sahilinə gedib havasını alıb, çimərliyində üzüb sərinləmək olar. Hər şəhərə qismət olmur dəniz. Amma bədbəxtçilikdən camaat dənizdən istifadə edə bilmir. 

Dəniz mühasirədədir, sevgili məmur-oliqarxların hasarlı qadağasında. Bu da, bu möcüzə də hər şəhərə qismət olmur. Bakıya və onun sıravi əhalisinə qismət olub: dəniz var, amma dəniz yoxdur. Xəzər, dəniz mənimsənilib. Əhali istidən bişir amma öz dənizinə həsrət qalıb.

Nə deməkdir nə baş verir? Dəniz var, dəniz yox möcüzəsinin sirrini açaq. Çox sadədir… Demək, xalq dövlət yaradıb. Bəli xalq yaradıb bu dövləti. Dövlət də xalqa xidmət üçün məmur təyin edib. Məmur da ona xidmət üçün verilmiş səlahiyyət-vəzifə imkanlarından yararlanıb da, xalqı soyur, dövlətin malını mənimsəyir, hədsiz varlanır. Ev, villa, maşın, təyyarə, torpaqlar, meşə alır… 

Dəniz qalır, onu da alır. Demək xalq qurduğu hökumət və onun da məmur-qulluqçuları firona-monstra çevrilib ölkədə hər şey və dənizi mənimsəyirlər. Xalqdan aldığı hüquqla xalqın hüququnu boğur.

Nəticə… Həm bu insanlar dənizdən istifadə edə bilmirlər, istidə fiziki səhhət itirirlər, uzaq ölkələr dənizinə yollanıb maddiyyat həm zaman itirirlər. Həm də mənəviyyat itirirlər, mənlik zədəsi alıb. Bax bu əsas məsələdir! Minlərlə və on minlərlə sakin, Azərbaycanın vətəndaşı, allahın dənizinə üz tutur, ölkədə qalan hər yerin zəbt edildiyi hal ilə üzləşib. 

Dənizdə də, qabağına hündür hasar və şlaqbaumlar çıxır ki, olmaz! Ailəsi, uşağı ilə istidə başı aşağı kor-peşiman geri qayıdır. Qəlbi mənliyi sınır ata-ananın uşaqların qarşısında ki, bəs axı ata, dəniz vardı, görünürdü niyə olmadı?

Və burada haqlı, verilməyə bilməyən vacib sual yaranır, həm də məntiqli, birbaş bu dövləti idarə edən hörmətlilərə. Sizlərə, bizlərə, dövlət, xalqa lazımdırmı bir nəfər məmurun kefi üçün, minlər və on minlərlə vətəndaşın səhhəti ayrı, mənəvi- mənliyi zədələnib, insanlarımız sındırılsın? Hər sahədə, bu cür, on-yüz minlər, milyonların qəlbi- içinə acı məyusluq, narazılıq, kin yığılsın. Kimdi axı bu məmur, dünənki adi vətəndaş deyildimi? Bu məmur nə dünya çaplı fitri istedadlı, ya elmi kəşfli adamdır ki, ona dəniz ayırmasaq, o da bu istisnasızlıqdan küsüb inciyərsə ölkəmiz batar?

Bunu bilək cənablar. Hara vurub çıxsaq, dövlət xalqının mahiyyətilə ölçülür. Dövlətlərə xalqına görə qiymət verirlər eni-sonunda. Xalqının milli və ictimai qüruru, mənliyinin varlığı-yoxluğu ilə. Ölkəyə gələn qonağın qabağına hansı bir zurna-qavalla çıx, hansı hündür-şüşəli binanı göstər, o mütləq sakinlərin, vətəndaşların durumu və ən əsas da mənəvi durumu, əhvalı ilə ölçür, həmin dövləti. Turizm də bu cürdü səfər edilən ölkədə sakinlərin rahat, qürurlu, xoş sifəti vacib sayılır.

Və iş də ondadır ki, bu böyük, ziyanlı problemin həllinin çox asan yolu var. Minlər və milyonlarla sakinimizi, vətəndaşımızı, bir ovuc qanacaqsız, harınlamış məmurun tapdağı altına verməmək! Buna, dövlət-cəmiyyət birliyində təpki göstərək. Vətəndaşın rifahı və mənlik-qüruru əsas şərtdir. Təcili surətdə o şlaqbaumları qırıb o hasarları uçurdub xalqın dənizini, xalqa vermək lazımdır!

İlqar Altay


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!