Milli Məclis yay tətilinə buraxıldığı üçün millət vəkilləri istirahətdədir.
Bəs 2 aylıq məzuniyyət zamanı deputatların işlərini kim aparır, seçicilərlə görüş və müraciətlər hansı prosedurla həyata keçiirlir?
Yenisabah.az olaraq bu suallara cavab tapmaq üçün millət vəkilləri ilə əlaqə saxlamağa çalışdıq. Bir çox deputat istirahətdə olduğu üçün telefonlarımıza cavab verməsə də bir neçəsi ilə əlaqə saxlamaq imkanımız oldu. Dominos pizza
Millət vəkili Rüfət Quliyev düşünür ki, ümumiyyətlə millət vəkillərinin istirahət etməyə vaxtı olmur:
“Biz istər tətil, istər bayram olsun, həmişə işləyirik. Təkcə bu gün 2 seçici müraciət edib. Elə müraciətlər var özüm cavab verirəm, elə mürciətlər var ki, köməkçilərimə ötürürəm, həll edirlər. Hər müraciət də qeydiyyatdan keçir və nəzarətə götürülərək baxılır, həll edilməyə çalışılır. Sizə səmimi deyim, biz deputatların heç normal istirahəti də yoxdur. Mən xaricə getməyi də planlaşdırmıram, burda olacam. Hətta bəzən məzuniyyət vaxtı başqa rayonlardan seçicilər zəng edib müraciət edir, onlara söz veririk ki, öz dairələrinə məsul millət vəkilinə çatdıracağıq, lazım gələndə də özümüz köməklik göstəririk. Dediyim kimi, hər gün səhər saat 9-dan axşam saat 9-a qədər köməkçilərim dayanmadan çalışırlar. Sizə səmimi olaraq deyim ki, hətta məzuniyyətdə olduğum günlərdə də Lənkərandakı ofisimdə müraciətlər üçün qəbul keçirilir və 2 telefon zənglərin üzünə açıqdır.”
92 saylı Zərdab-Ucar Seçki dairəsindən millət vəkili seçilən Jalə Əliyeva istirahət üçün ölkədən getməyəcəyini və məzuniyyət vaxtını seçicilərinin müraciətinə ayırdığını diqqətə çatdırıb:
“Milli Məclisdə məzuniyyət olmağına baxmayaraq görüşlərimiz davam eləyir. Məzuniyyətdə olmaq o demək deyil ki, müraciətlər cavabsız qalır. Edilən bütün müraciətlər də vaxtında dəyərləndirilir və mütəmadi olaraq da görüşlərimiz keçirilir. Şəxsən mən ölkədən kənara çıxmamışam və çıxmaq fikrim də yoxdur.”
Zaqatala- Balakəni təmsil edən millət vəkili Kamilə Əliyeva isə qeyd edir ki, təmsil etdiyi bölgələr istirahət zonası olduğu üçün harasa getməyinə ehtiyacı yoxdur:
“Əvvəla, hamı kimi biz deputatların da məzuniyyətə çıxmaq və istirahət etmək hüququmuz var. Bu məzuniyyət zamanı Milli Məclisdə olmasaq da mütəmadi olaraq seçicilərimizlə görüşlərimiz davam edir. Bildiyiniz kimi, mən özüm Zaqatala-Balakəndan seçilmiş millət vəkiliyəm və hər ikisi Azərbaycanın turizm üçün əlverişli bölgələrimizdəndir. Bizə verilmiş 2 aylıq məzuniyyətin hardasa ay yarımını həm ailə üzvlərimlə birlikdə orda istirahət edirəm, həm də paralel olaraq seçicilərimlə görüşürəm. Mütəmadi olaraq hər gün hansısa ərazidə, hansısa kənddə oluruq, seçicilərlə səmimi görüş təşkil edirik və hətta tək onlar məni deyil, həm də özüm onları ziyarət edirəm. Yerdə qalan 10-15 gün müddətində Azərbaycanın digər rayonlarında oluruq, həmin rayonlara da planlı şəkildə və işləri qaydasına saldıqdan sonra ailə üzvlərimlə birlikdə gedirik. Bu 2 ay bizə kifayət edir ki, həm istirahət edək, həm görüşlər keçirək. Bu proses ilk dəfə deyil hər il tərəfimdən eyni qaydada həyata keçirilir. Çünki, mən Azərbaycanın dilbər güşələrindən, istirahət üçün əlverişli sayılan 2 bölgəsini təmsil etdiyimdən istirahət üçün başqa yerə getməyimə ehtiyac qalmır. Bu il də rəsmi görüş kimi deyil, səmimi seçici görüşü formasında ailələri gedib evində ziyarət edirik, onların yanında oluruq və bu heç bir yorğunluq gətirmir bizə. Bundan əlavə bildiyiniz kimi mən elm adamıyam, təhsil işçisiyəm, yay vaxtı dərsliklər üzərində işləyirəm, tətildə təbiətin qoynunda oturub elmi yazılarımla məşğul olmaq bir növ xobbiyə çevrilib.”
Nurlan Cəfəri
Telegram kanalımız