Ötən gün Milli Məclisin Mədəniyyət komitəsinin iclasında özəl telekanalların fəaliyyəti müzakirə edilib. İclasda millət vəkili Hüseynbala Mirələmov Milli Televiziya və Radio Şurasının səlahiyyətləri artırılmalı olduğunu, bu gün bəzi özəl telekanalların bağlanmasına ehtiyac duyulduğunu vurğulayıb. Bu fikirlərə digər deputatlardan da dəstək gəlib.
Məsələ ilə bağlı media eksperti Zeynal Məmmədli “Yeni Sabah”a danışarkən bildirib ki, bu gün hər hansı qadağa ilə problemlərin həllinə nail olmaq mümkün deyil:
“Görünür, deputatlarımızın demokratiya ilə bağlı dərslərə, təlimlərə ciddi şəkildə ehtiyacları var. Çünki demokratik cəmiyyət qurmaq istəyiriksə, yasaqlarla, “olmazlar”la yox, “olar”la məsələni çözmək lazımdır. Əgər bir problem varsa və bu, doğrudan da ciddidirsə, bunun kökünü, səbəblərini məhz qadağaların sayının çox olmasında axtarmaq lazımdır, nəinki, sayı artırmaq. Bu baxımdan prinsipial məsələ yayım müstəqilliyinin, söz və ifadə azadlığının olmasıdır. Reklam bazarı olmadan sərbəst iqtisadiyyat mümkün deyil. Bunlar bazardan necə özfəaliyyətlərini maliyyələşdirməlidir? Rəqabət şəraiti olanda televiziyada dediyimiz nöqsanlar, çatışmazlıqlar aradan qalxır. Nə fərqi, adam vulqar danışmasın, amma çox dayaz olsun. Yaxud adam bir az ədəbsiz sözlər işlətsin, amma irəliləməyə can atsın. Bu ikilikdən hansı uyğundur? Mən kiminsə ədəbsiz danışığına bəraət qazandırmaq istəmirəm. Məsələnin kökü bir az dərindir”. pizza mizza
Z.Məmmədli MTRŞ-nın səlahiyyətlərindən də söz açıb:
“Kosmetik şeyləri bəhanə edib insanın qəlbindən nə keçdiyinə qərar vermək olmaz. Ümumiyyətlə MTRŞ-nın səlahiyyətləri lap ilkin qanunda yetərincə dəqiq verilmişdi, amma orda da xeyli çatışmazlıqlar var idi. Avropa normaları var. Parlamentdəkilər nəyi əsas götürərək MTRŞ-nın səlahiyyətlərinin artırılması, hətta kanalların bağlanma səlahiyyətinin verilməsi qənaətinə gəlirlər? Bu qənaətə gələndə özlərini məhəllələrində hiss edirlər yoxsa dünyada? Əgər özlərini qapalı məhəllədə hiss edirlərsə, özləri bilərlər. Amma dünyanın gözündə Azərbaycan dövlətinin nüfuzunu salmaq fikrindədirlərsə, bu başqa məsələ”.
Günay Rəsulqızı
Telegram kanalımız