“Son zamanlarda deputatların deputat fəaliyyətindən daha çox biznes fəaliyyətləri və əmlakları haqqında siyahılarının dərc edilməsi, bəzi deputatların mənasız, məntiqsiz çıxışları və indiki anda ölkədə aparılan islahatlar, ciddi dəyişikliklər mərhələsi bir daha onu deməyə əsas verir ki, növbədənkənar parlament seçkilərinin keçirilməsi doğru olardı”.
“Yeni Sabah” xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz deyib. O bildirib ki, ölkədə prezident tərəfindən aparılan islahat xətti və bu istiqamətdə olan trendlərlə qanunverici orqanın, ayrı-ayrı deputatların apardığı xətt və trendlər arasında kəskin fərqlər var:
“Aparılan islahatlara parlamentdən yetərincə dəstək müşahidə olunmur. Əksinə, görünən odur ki, bu qurumun bir xeyli üzvü hökumətin topladığı az-çox müsbət imici də “xərcləməklə” məşğuldurlar. Eyni zamanda, işdən kənarlaşdırılan oliqarxlar və nazirlər tərəfindən təyin olunduğu bildirilən deputatlar da var ki, ümumiyyətlə onların fəaliyyəti hiss olunmur. pizza mizza
Bir xeyli deputatlar artıq icra qurumlarında çalışmağa başlayıblar. Belə görünür ki, deputatların xeyli hissəsi daxildə və xaricdə özəl bizneslərinin idarəedilməsinə daha çox zaman ayırırlar. Əksəriyyətinin isə cəmiyyət və dövlət qarşısında duran problemlərin həllində aktiv iştirakı müşahidə olunmur”.
Ekspert qeyd edib ki, bütün bunların nəticəsində Milli Məclis indiki məqamda öhdəsinə düşənlərə, müasir çağırışlara yetərincə cavab verə bilmir:
“Baxırsan ki, filan tikintini hansısa biznesmen deputat tikir, hansısa istehsal və ya ticarət sahəsidir, filan deputat məxsus olduğu bildirilir. Filan məhsulun idxalından söhbət düşürsə, hansısa deputata məxsus olduğu üzə çıxır. Yəni, müşahidələr göstərir ki, bizim qanunverici qurum hədsiz dərəcədə “kommersiyalaşıb”.
Fikrimcə, deputatların bir xeylisi deputatlığı bir kənara qoyub bütün resurslarını elə öz bizneslərinə, təsərrüfat fəaliyyətlərinə xərcləsələr bəlkə daha uğurlu ola bilərdi. Həm özləri üçün, həm də cəmiyyət və dövlət üçün.
Düşünürəm ki, indiki yeni islahatlar mərhələsində, ümumiyyətlə hazırki, yeni ictimai-siyasi mərhələdə daha aktiv və müstəqil, daha keyfiyyətli, aparılan islahatlarla bağlı ağırlığın bir hissəsini üzərinə götürə biləcək parlamentə ehtiyac var”.
Telegram kanalımız