Beynəlxalq Ədalət Məhkəməsinin Laçın yolunda keçirilən aksiya ilə bağlı verdiyi tövsiyə xarakterli qərar Azərbaycan siyasi ictimaiyyətində birmənalı qarşılanmayıb.
Belə ki, Qızılbulaq və Dəmirli qızıl və mis-molibden yataqlarında qanunsuz istismar olunan təbii sərvətlərimizin talanmasıyla bağlı Laçın-Xankəndi yolunda dinc aksiya keçirən ekofəallarımızın fəaliyyəti xaricdəki erməni diasporu tərəfindən guya, Qarabağda “humanitar böhran”ın başladılması, habelə Qarabağın “blokadaya alınması” kimi göstərilib.
Erməni diasporu, eləcə də ermənilərin xaricdəki havadarlarının dəstəyi ilə Haaqa Məhkəməsi kimi tanınılan Beynəlxalq Ədalət Məhkəməsinin ötən həftələrdə belə bir qərarla çıxış etməsi isə sözsüz ki, beynəlxalq ədalətin mövcudluğunu Azərbaycan üçün şübhə altına aldı. Dördpendirli pizza
Erməni diasporundan söz düşmüşkən, məlum məsələ ilə bağlı hay-həşir salan və “ədalət” gözləyən bədnam qonşularımızın fəaliyyətinin nəticəsi artıq bəllidir. İndi isə ağıllarda olan tək sual Azərbaycan diasporunun bu qərarla bağlı hansı işləri görəcəyidir.
Diasporumuz Beynəlxalq Ədalət Məhkəməsinin qərarına nə kimi etiraz edə bilər?
Xaricdəki diasporumuz fəaliyyətləri nəticəsində Azərbaycanın qızıl mədənləri ilə bağlı haqq səsi bundan sonra hansı perspektivdə davam edəcək?
Məsələ ilə bağlı Yenisabah.az-a açıqlamasında Azərbaycan Respublikası Prezidenti yanında QHT Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimli söyləyib ki, Beynəlxalq Ədalət Məhkəməsinin qərarı tövsiyə xarakterlidir:
“Bununla belə, çox təəssüf edirik ki, məhkəmə və hakimlər Azərbaycan tərəfinin irəli sürdüyü arqumentləri diqqətlə analiz etməyiblər. Onlar kifayət qədər obyektiv olan və real vəziyyəti əks etdirən arqumentləri deyil, ermənilərin irəli sürdüyü yalançı iddialara istinad ediblər.
Hesab edirdik ki, Haaqa Məhkəməsi daha obyektiv mövqe tutacaq və vəziyyəti real qiymətləndirəcək. Lakin bu, baş vermədi. Bununla belə, məhkəmənin qərarı tövsiyə xarakteri daşıyır. Əminəm ki, Azərbaycan rəsmi kanallarla da bir daha real vəziyyəti məhkəmənin diqqətinə çatdırıb”.
O, söyləyib ki, biz bununla bağlı ermənilərin xüsusi bir təbliğatının şahidi olduq:
“Onlar bu qərar ətrafında dünyada ajiotaj yaratmağa çalışdılar, lakin istər Münhen Təhlükəsizlik Konfransı formatında keçirilən Azərbaycan-Ermənistan danışıqları, istərsə də vasitəçi ölkələrlə aparılan danışıqlar zamanı o həqiqət aydın oldu ki, aparıcı dövlətlər və beynəlxalq təşkilatlar Laçın-Xankəndi keçirilən dinc aksiyasının blokada xarakterli olmadığını qəbul etdilər. Onlar bu aksiyaları Azərbaycanın öz haqq və hüquqlarının bərpası ilə əlaqədar keçirdiyi dinc aksiya kimi qiymətləndirdilər”.
Z. İbrahimlinin fikrincə, Azərbaycan arqumentlərlə və real vəziyyəti əks etdirən dəlillərlə onları buna inandıra bilib:

“Qeyd etmək lazımdır ki, bu məsələdə ermənilərin irəli sürdüyü yalan məlumatlar ilk mərhələdə bəlkə hansısa effekti verdi. Lakin sonrakı mərhələdə Azərbaycanın irəli sürdüyü təşəbbüslər beynəlxalq birliyin obyektiv məlumatlandırılmasında öz müsbət rolunu oynadı. Hazırda erməniləri dəstəkləyən dairələrdən başqa beynəlxalq birlikdə belə bir rəy formalaşıb ki, bu aksiya separatçı təşəbbüslərin, Azərbaycana məxsus faydalı qazıntıların talan edilməsinin, qeyri qanuni silahlı dəstələrin torpaqlarımızdan çıxarılmasının və Laçın dəhlizindən hərbi məqsədlər üçün istifadənin qarşısını almağa yönəlib”.
QHT üzvü əlavə edib ki, Azərbaycan öz fəaliyyəti ilə beynəlxalq təşkilatları belə bir konsensusa gətirməyə nail olub:
“Əlbəttə, çox təəssüf ki, bu fonda Haaqa məhkəməsi real vəziyyəti nəzərə almadı. Hesab edirəm ki, diasporumuz bu məsələdə bundan sonra öz yaşadıqları ölkələrin kütləvi informasiya vasitələri yolu ilə, eyni zamanda yerli vətəndaş cəmiyyətləri ilə fəal işləməklə ictimai rəydə Azərbaycanın mövqeyini gücləndirə, habelə Azərbaycanın real həqiqəti əks etdirən dəlilləri ilə həmin ölkələrin siyasi dairələrinə təsir göstərə bilərlər. Beynəlxalq Ədalət Məhkəməsinə fərdi və kollektiv müraciətlər, bundan başqa, real vəziyyəti əks etdirən sübutlar bu müraciətlərdə təqdim oluna, o cümlədən Azərbaycanın haqq işi ilə bağlı arqumentlər irəli sürülə bilər”.
“Mən diasporun fəaliyyətini bu qərarla bağlı səsləndirdiyim yöndə görürəm. Eyni zamanda yalnız Beynəlxalq Ədalət Məhkəməsi ilə yox, o cümlədən dünyanın aparıcı ölkələri və Avropa İttifaqı strukturları ilə bağlı vətəndaşlarımız həm fərdi, həm də təmsil olunduqları təşkilatların adı ilə kollektiv müraciətlər edə bilər. Məqsəd daimi və müntəzəm surətdə qərar qəbul edən mərkəzləri obyektiv şəkildə məlumatlandırmaq, onları obyektiv analizlərlə təmin etmək və real vəziyyəti əks etdirən obyektiv məlumatlarla ermənilərin yalanlarını ifşa etməkdən ibarət olmalıdır”, – diaspor fəaliyyətimizin amillərindən söz açarkən deyib.
“Hətta müxtəlif ölkələrin parlamentlərində, yaxud beynəlxalq platformalarda Azərbaycanla bağlı məsələlər müzakirə olunarkən kütləvi aksiyalar da keçirmək mümkündür. Lakin bu kütləvi aksiyalar yaxşı planlaşdırılmalı, dinc xarakter daşımalı və həmin ölkələrin qanunvericiliyinə əməl olunmalıdır. Bu, Laçın yolundakı aksiyalar kimi sivil xarakter daşımalı, Azərbaycan həqiqətlərinin təbliğinə və həmin cəmiyyətlərin real məlumatlandırılmasına xidmət etməlidir”, – yekunlaşdırıb.
Rafi MÜSLÜMOV
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” istiqaməti üzrə hazırlanmışdır.

Telegram kanalımız