Disporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Vahidqızının "Yeni Sabah"a müsahibəsi:
- Qarabağdakı sonuncu əməliyyatlardan sonra Azərbaycanın xarici təzyiqləri azaltmaq üçün uzun illərdir apardığı lobbiçilik siyasəti bizə hansı üstünlüklər qazandırıb?
- Təbii ki, erməni lobbisi həmişə olduğu kimi postmüharibə dövründə də Azərbaycana qarşı qərəzli ittihamlar səsləndirir və bunun davamlı olacağı heç də şübhə doğurmur. Azərbaycan öz torpaqlarını azad etdikdən sonra diasporun fəaliyyəti də, lobbiçilik istiqamətində görülən işlər də tamamilə yeni və fərqli müstəviyə keçib. Xaricdəki Azərbaycan icmaları ermənilərin haqsız, Azərbaycanın isə haqlı mövqeyini ortaya qoymaqdan çəkinmir, beynəlxalq aləmdə “yumşaq güc”ə çevrilmək yolunda möhkəmlənir. Komitə də öz növbəsində Cənab Prezidentin təşkilatlanma və koordinasiyalı işlə bağlı verdiyi tövsiyyələr əsasında hazırlanmış proqramlarla, fəaliyyət planları ilə işləyir. Dominos pizza
Lobbiçilik siyasətinin bizə qazandırdığı üstünlükləri sadəcə bir-iki fakta diqqət etməklə təhlil edə bilərik. Diasporla İş üzrə Dövlət Komitəsinin və ADA Universitetinin birgə təşkilatçılığı ilə Bakıda “Cənubi Qafqazda post-münaqişə dövründə inkişaf” mövzusunda dəyirmi masa-dinləmələr keçirildi və həmin beynəlxalq tədbirdə 22 xarici ekspert iştirak etdi. ABŞ, Almaniya, Böyük Britaniya, Braziliya, Fransa, İsrail, İtaliya, Türkiyə, Gürcüstan və Yunanıstanın müxtəlif təhlil mərkəzlərini, universitetlərini və mediasını təmsil edən jurnalistlər, tarixçilər Cənubi Qafqaz regionunun inkişafı, Qarabağda həyata keçirilən bərpa-quruculuq işləri və Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə obyektiv şəkildə çatdırılmasında xüsusi rola malik olan şəxslər idi.
ABŞ-ın “Jesrusalem Post” qəzetinin jurnalisti Nurit Qringerin də daxil olduğu nümayəndə heyətinin işğaldan azad edilmiş ərazilərə, Niderlanddan olan yazıçı-jurnalist Henri van Rensin Şuşaya, İsraildəki Azərbaycan diasporunun dəstəyi ilə xarici ölkələrdəki ispandilli kütləvi informasiya vasitələrində fəaliyyət göstərən bir qrup jurnalistin Cəbrayıl və Zəngilan rayonlarına, Haaqadakı Mine Mark qeyri-hökumət təşkilatının nümayəndə heyətinin Ağdam rayonuna, məşhur litvalı jurnalist Riçardas Lapaitisin, fransız vəkil Alan Tremolyenin Şuşaya, fransalı hüquqşünas-araşdırmaçı Kristian Valların ölkəmizə səfərləri və bunun kimi onlarla fakt lobbiçilik siyasətinin uğurla aparıldığına işarədir.
Bundan başqa ABŞ və Avropada müxtəlif şəhərlərin meriya nümayəndələri ilə, merlərlə görüşlərin keçirilməsi, dünyanın nüfuzlu universitetlərində Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar anım tədbirinin təşkili, ABŞ-ın müxtəlif ali məktəblərində azərbaycanlı və xarici alimlərin, tələbələrin iştirakı ilə elmi konfransların keçirilməsi məhz diasporumuzun lobbiçilik fəaliyyətinə verdiyi töhfələrdəndir.
Nyu-York şəhərinin Bruklin inzibati rayonunun prezidenti Antonio Reynosonun 8 Noyabr - Zəfər Günü ilə əlaqədar bəyannamə imzalaması, Florida ştatının Hallandeyl Biç şəhərinin meri Coy Kuperin Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar bəyannamə imzalaması, Minnesota ştatının qubernatoru Tim Volzun fevralın 26-nın Azərbaycan - Xocalı günü elan edilməsi ilə bağlı bəyanatı, Arizona, Nebraska, Cənubi Karolina, Ayova ştatlarında 28 May - Azərbaycan Milli Günü elan edilməsi ciddi diaspor işinin nəticələri idi.
Son bir ildə Azərbaycan diasporunun nümayəndələri, Azərbaycana dost münasibəti bəsləyən xalqların nümayəndələri vasitəsilə 100-ə yaxın beynəlxalq KİV-də Azərbaycan həqiqətləri barədə geniş məqalə dərc olunub, 55-dən çox qısa videoçarx hazırlanaraq sosial şəbəkələr üzərindən yayımlanıb.
Müasir beynəlxalq münasibətlərə təsir edə bilən güc mərkəzlərinə sahib olan və ya nüfuzlu aktorları olan ölkələrdə diasporun fəaliyyətinin vacibliyi hər zaman diqqətdə saxlanılır və lobbiçilik fəaliyyətilə bağlı çoxistiqamətli iş daha da gücləndirilir.
- Sizcə, bugünədək aparılan diaspor siyasəti müsbət təsirini göstərdimi?
- Təbii ki, aparılan diaspor siyasəti gözlənilən və proqnozlaşdırılan müsbət nəticəni verir. Xaricdəki Azərbaycan icmalarının üzvləri hər şeydən əvvəl informasiya müharibəsinin ən fəal üzvləri kimi ölkəmizin mövqelərinin müdafiəsində əllərindən gələni edirlər. Məsələn, Qafqaz məsələləri üzrə ekspert, Stokholmda yayılan “Tribun” jurnalının baş redaktoru Əlirza Ərdəbilinin BBC-nin fars xidmətinə Azərbaycan-Ermənistan münasibətləri barədə verdiyi müsahibə erməni yalanlarının ifşa olunmasında ciddi rol oynadı. Fransanın “Radio Courtoisie” radiostansiyasında bu ölkədə yaşayan azərbaycanlı hüquqşünas, politoloq, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin və Fransa Azərbaycanlıları Koordinasiya Şurasının üzvü Zaur Sadıqbəylinin erməni əsilli jurnalist Leo Nikolyanla debatı da maraqla qarşılandı. Bu cür onlarla fakt sadalamaq olar.
Xaricdəki Azərbaycan icmalarının təşkilatlanmasının, azərbaycançılıq ideyası ətrafında sıx birləşməsinin bəhrəsini biz istər 44 günlük Vətən müharibəsi, istərsə də post-müharibə dövründə aşkar müşahidə etmişik. Dünya azərbaycanlıları Azərbaycan dövlətinin yanında olduğunu, “Dəmir yumruq” ətrafında sıx birləşdiyini sübut etdi. Dövlətini dəstəkləyən, onun mənafelərini dünyada qorumağa hazır olan diasporumuzun yaşadıqları ölkələrin ictimayyətinə, hökümət dairələrinə təsiri danılmazdır. Azərbaycanı, yerli ictimaiyyəti narahat edən heç bir məsələ Azərbaycan diasporunun diqqətindən yayınmır, operativ və koordinasiyalı şəkildə iş təşkil olunur.
Bəzi faktları sadalamaq yerinə düşər. Nyu-Yorkun “Times Square” meydanındakı binalarda, Yekaterinburq şəhərində Boris Yeltsin adına Prezident Mərkəzinin binasında, Londonun 10 məşhur binasında, eləcə də Helsinki, Bern, Roma və Saloniki kimi böyük şəhərlərin mərkəzlərində qələbə simvollarımızın təsvir olunduğu rəqəmsal lövhələr yerləşdirimişdi və bu hər il davam edir. Bütün bunlar informasiya müharibəsində qalib tərəf kimi çıxış etməyimizdə çox böyük əhəmiyyət daşıyır.
Başqa bir məqama da diqqət çəkmək istərdim. Müharibədən sonra Azərbaycan diasporu tarixində ilk dəfə olaraq Azərbaycanda keçirilən “YAŞAT” Xeyriyyə Marafonuna qoşuldu, nəticədə şəhid ailələrinə və qazilərə 1 milyon manatdan artıq vəsait ianə olundu.
19-20 sentyabr 2023-cü ildə həyata keçirilmiş lokal xarakterli anterror əməliyyatlarından sonra erməni lobbisinin təşviqi ilə beynəlxalq aləmdə Azərbaycana qarşı başladılan kampaniyaya etiraz əlaməti olaraq Berlində və Varşavada, eləcə də Haaqa şəhərində diaspor fəallarımızın və Azərbaycana dost icmaların nümayəndələrinin iştirakı ilə aksiyalar, yürüşlər keçirildi. Azərbaycan diasporunun minlərlə üzvü eyni anda haqq səsini ucaltdı, Sülh Yürüşünə qoşuldu.
Diasporumuzun güclənməsi və təşkilatlanması üçün Komitə çoxistiqamətli fəaliyyətini daha da genişləndirir. 36 ölkədə 15 Koordinasiya Şurasının, dünyanın müxtəlif ölkələrində 20 Azərbaycan Evinin, eləcə də Qarabağ və həftəsonu məktəblərinin yaradılması, fəaliyyətlərini uğurla davam etdirmələri xaricdəki icmalarımızın güclənməsinə əvəzsiz töhfələr verib. Gələn ildən başlayaraq Azərbaycan Evlərinin sayının artırılması planlaşdırılıb.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə xarici ölkələrdə açılan “Qarabağ” adlı həftəsonu Azərbaycan məktəblərinin fəaliyyəti bu gün xüsusi diqqət mərkəzindədir və milli kimliyimizin qorunması, ana dilinin öyrədilməsi baxımından əvəzsiz rola malikdir. Hazırda dünyanın bir çox yerlərində fəaliyyət göstərən Qarabağ məktəblərində ümumilikdə yüzlərlə azərbaycanlı uşaq təhsil alır. Bunların sırasında Ottava, Nant, Bern, Varşava, Stokholm, London, Helsinki kimi iri şəhərlər var. 6-10 yaşlı azərbaycanlı uşaqlar üçün müasir üslubda hazırlanmış “Azərbaycan dili” dərsliyi çap edilərək xaricdəki soydaşlarımıza göndərilib.
Son illər Diasporla İş üzrə Dövlət Komitəsinin həyata keçirdiyi “Diaspor Gənclərinin Yay Düşərgələri”, “Liderliyin İnkişafı”, “1+1”, “Beyin qazanma” proqramı, “Azərbaycan Diaspor Qadınları Şəbəkəsi”, “Müxtəlif olsaq da, birlikdə güclüyük”, “E-akademiya” və bir sıra digər layihələr də soydaşlarımızın təşkilatlanmasına birbaşa təsir edən layihələrdir.
Diasporla İş üzrə Dövlət Komitəsi həmçinin ixtisaslaşmış beynəlxalq tədbirlər təşkil etməklə də diasporumuzun şəbəkələşməsi prosesini sürətləndirir. Ötən il ilk dəfə İstanbulda Dünya Azərbaycanlı Elm Xadimlərinin ilkin hazırlıq görüşünün və Almaniyada Azərbaycanlı Həkimlərin I Forumunun keçirilməsi, Bakıda təşkil olunan 74-cü Beynəlxalq Astronavtika Konqresində Azərbaycan diasporunu təmsil edən tanınmış alimlərin iştirakı diasporumuzla əlaqələrin daha da möhkəmlənməsinə töhfələr verib.
Nəticələr, sözsüz ki, diaspor işinin xarakterinə uyğun olaraq zaman tələb edir və uzunmüddətlidir. Buna görə də diaspor təşkilatlarının təcrübə və bacarığının artırılması istiqamətində xüsusi layihələr həyata keçirilir, müasir dövrün tələblərinə uyğun proqramlar icra olunur.
- Bundan sonra diaspor siyasətinin daha da gücləndirilməsinə ehtiyac varmı?
- 2018-ci ildə diaspor fəaliyyətinin güclənməsi və yenidən qurulması məqsədilə Yol Xəritəsi hazırlanmışdı. Orada nəzərdə tutulan əsas məqsədlərə demək olar ki, nail olunub. Vətən müharibəsi dövründə biz xaricdəki Azərbaycan icmalarının fəaliyyətində yüksək keyfiyyət göstəriciləri müşahidə etdik. Həmin vaxt Komitənin koordinasiyası ilə 50-dən çox ölkədə fəaliyyət göstərən 300-ə yaxın diaspor təşkilatı, beynəlxalq təşkilatlar, Azərbaycandakı yerli icmalar müxtəlif ölkələrin dövlət və hökumət rəhbərlərinə, parlament üzvlərinə, BMT, Avropa Şurası və digər beynəlxalq qurumlara 23 dildə 2000-dək bəyanat göndərib. Həmin dövrdə dünyanın 60 ölkəsindən minlərlə soydaşımızın qatıldığı 300-dən çox videokonfrans təşkil edilib, diaspor təşkilatları və üzvləri 60 ölkədə 32 dildə 535 məqalə dərc etdirib.
Postmüharibə dövrü isə diasporun qarşısında yeni vəzifələr qoyub. Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Zəfər Qurultayında bu vəzifələr tam müəyyən olunub və Cənab Prezidentin qurultaydakı tarixi çıxışında bütün prioritetlər müəyyənləşdirilib. Qurultayın Şuşada keçirilməsi Azərbaycan Prezidentinin təşəbbüsü idi və bu, diasporun tarixində çox mühüm hadisə hesab olunur.
Bu gün diasporumuz üçün ən önəmli məsələlərdən biri Azərbaycan və türk diasporlarının birlikdə fəaliyyət göstərməsidir. Azərbaycan və Türkiyə Prezidentlərinin imzaladıqları məşhur Şuşa Bəyannaməsi bizim bu istiqamətdə fəaliyyətimiz üçün ciddi əsas yaradıb.
Azərbaycan diaspor nümayəndələri Prezident İlham Əliyevin tövsiyələrinə uyğun olaraq öz öhdələrinə düşən vəzifələri yerinə yetirir, dünyada Azərbaycanın mövqeyinin gücləndirilməsi üçün çoxvektorlu iş aparır, xarici KİV-lərlə əlaqələri genişləndirir, siyasi dairələrlə ciddi təmaslar qururlar.
Komitə növbəti illərdə diasporun daha da güclənməsi üçün perspektivləri müəyyən edir, mükəmməl informasiya bazaları formalaşdırır. Eyni zamanda diasporun potensialını təhlil edərək və birləşdirərək gələcəkdə beyin mərkəzlərinin yaradılması istiqamətində işlər görülür.
- Sizə elə gəlmir ki, erməni lobbisinin təzyiqləri əvvəlki illərlə müqayisədə nisbətən az oldu?
- Son illər kifayət qədər fəallaşan və koordinasiyalı işləyən diasporumuzun keçirdiyi aksiyalar anti-Azərbaycan kampaniyasının neytrallaşdırılmasında ciddi təsirə malik olub. Sadalanan bütün irimiqyaslı tədbirlər Azərbaycana qarşı informasiya savaşına ən böyük təpki sayıla bilər və biz bunun nəticələrini aydın sezirik.
Sözsüz ki, erməni lobbisinin təsirləri azalsa da fəaliyyəti hiss olunur. Azərbaycanın haqlı mövqeyini müdafiə edən şəxslər və təşkilatlar, beynəlxalq media nümayəndələri davamlı olaraq şantaja, təhdidlərə məruz qalır. Erməni lobbi qrupları bütün dünyada dezinformasiya kampaniyalarını davam etdirir, azərbaycanlıların xaricdəki dinc aksiyaları zamanı təxribatlar törətməyə cəhd edirlər. Bunun qarşılığında Diaspor Komitəsi, Azərbaycan diasporu və Azərbaycana dost münasibəti bəsləyən xalqların nümayəndələri həqiqət uğrunda fəal mübarizələrini daha da genişləndirir, regionla bağlı reallıqları obyektiv işıqlandıran peşəkar jurnalistlərlə, xarici siyasi dairələrlə əlqələri intensivləşdirirlər. Mövcud diasporumuz güclənir, potensialı artır, bunun paralelində isə biliyi, iradəsi, siyasi hazırlığı ilə diaspor tarixində mühüm mərhələ yarada biləcək yeni nəsil diaspor yetişir. Onların daha da güclü olması, informasiya müharibəsində böyük qüvvəyə çevrilməsi üçün Diaspor Komitəsi səmərəli yollardan istifadə edir.
Rafi Müslümov
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” istiqaməti üzrə hazırlanmışdır.

Telegram kanalımız