Növbəti tədris ilindən etibarən bütün ali məktəblərdə İslam dini və digər dinlər haqqında icbari dərs keçirilməsi xəbəri müzakirələrə səbəb olub. Artıq fikirlərdə haçalanma müşahidə edilir. Bir qism universitet, o cümlədən orta məktəblərdə bu tədrisə ehtiyac olmadığını düşünür. Xüsusilə tədrisin icbari olması ilə bağlı etirazlar səslənir. Digər qism isə dini tədrisin zərurililiyini vurğulayır.
Məsələ ilə bağlı "Məşədi Dadaş” məscidinin imam-camaatı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəsmisi Hacı Şahin Həsənli “Yeni Sabah”a açıqlamasında deyib ki, burada söhbət dinin tədris edilməsindən yox, din haqqında məlumatların verilməsindən gedir:
“Çünki din əsasən dini təhsil ocaqlarında tədris edilir. Azərbaycanda da təhsilin dünyəvi xarakteri var, ona görə də söhbət ali və orta məktəblərdə dinin təbliğ edilməsindən getmir. Din haqqında məlumatların verilməsi təhsilin dünyəvi xarakteri ilə ziddiyyət təşkil etmir. pizza
Bir çox dünyəvi ölkələrdə də bu praktika tətbiq edilir. Burada söhbət Azərbaycanda olan ənənəvi dinlər və məzhəblər haqqında ümumi məlumatların verilməsindən gedir. Azərbaycanda dini vəziyyət haqqında məlumatlar bu fəsilədə əks olunur”.
Hacı Şahin Həsənli düşünür ki, indiki dövrdə belə məlumatların verilməsi zəruridir:
“Dünyada din zəmnində müxtəlif münaqişələr baş verir, dini bilgisizlikdən bəzi qruplar məharətlə istifadə edir. Məktəb və universitet mühitində məhz din haqda bilgilərin əldə edilməsi bu barədə düzgün təsəvvürlərin formalaşmasına gətirib çıxara bilər. Çünki şagird və ya tələbə bunu müəllimin, ixtisaslaşmış kadrların dilindən eşidirsə, bu, ümumiyyətlə dinə münasibətə də müsbət təsir göstərə bilər.
Bir daha deyirəm, söhbət dinlər haqqında ümumi məlumatlardan gedir. Və bu nə Azərbaycan Konstitusiyasına, nə də ölkəmizin qoşulduğu beynəlxalq konvensiyalara hər hansı şəkildə zidd deyil”.
Qeyd edək ki, yeni tədris ilindən etibarən ali təhsil ocaqlarında “Multikulturalizmə giriş” əsas fənn kimi tədris olunacaq. Orta məktəblərdə isə “Həyat bilgisi” fənninin proqramında dinlər haqqında məlumatların genişləndirilməsi məqsədilə işlər görülür.
Günay Rəsulqızı
Telegram kanalımız