Ukrayna müharibəsi başlayandan bəri dünyada bir sıra münaqişə ocaqları yenidən alovlanmağa başlayıb. Bu kontekstdə 1 aya yaxındır davam edən HƏMAS-İsrail döyüşlərini misal gətirmək olar.
Uzun illərdir ki, dünyada baş verən müharibələrin əsas təməlində dayanan amil bir çox hallarda etnik və dini zəmində olan münaqişələrdir. Dini zəmində ikitirəliyin yaranması yekunda daxili qarşıdurmalara, silahlı münaqişələrə, ən pis halda da vətəndaş müharibəsinə gətirib çıxarır. Burada əsas problem isə birgəyaşayışdır.
Birgəyaşayış çətin və mürəkkəb proses olduğu kimi illərlə qazanılan təcrübə əsasında formalaşır. Bu gün biz dünyanın ən multikultural dövlətlərinin təcrübəsinə diqqət etsək, tarixin müəyyən mərhələlərində onların da sabit birgəyaşayışa necə çətinliklə nail olduqlarını görə bilərik. pizza
Azərbaycanda birgəyaşayış naminə həyata keçirilən milli siyasətin təməl prinsipləri sağlam sütunlar üzərində qurulub. Ölkədə yaşayan müxtəlif xalqlar əsrlər boyu ölkənin ictimai-siyasi həyatında mühüm rol oynamaqla yanaşı, özlərinin etnik xüsusiyyətlərini, dinlərini, adət-ənənələrini qoruyub saxladılar. Milli azlıq və etnik qrupların hərtərəfli inkişafı üçün dövlət tərəfindən zəmin yaradıldı.
Bu gün Azərbaycan dövləti təminat verir ki, ölkə ərazisində yaşayan milli azlıqlar qanunla nəzərdə tutulan hər cür təşkilat yarada bilərlər. Belə təşkilatların hüquqi vəziyyətini Konstitusiya və ya qanunlar tənzimləyir. Bunun nəticəsidir ki, hazırda Azərbaycanda onlarla milli-mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi UNESKO-nun, Avropa Şurası və ATƏT-in “mədəni müxtəlifliyə” dair proqramlarında fəal iştirak edir. Mədəniyyət və Turizm Nazirliyi “Azərbaycan mədəni müxtəlifliyi” layihəsini həyata keçirir.
Bu gün həm də ölkəmizdə tolerantlıq, dinlərarası dözümlülük, hər bir şəxsin azad şəkildə dini etiqad hüququ geniş şəkildə qorunur. Minilliklər ərzində Azərbaycanda müxtəlif dinlərə mənsub vətəndaşlar dinc, bərabər şəkildə yaşamaqdadırlar. Bu sahədə heç bir qarşıdurma olmayıb. Azərbaycan xalqının 96 faizinin İslam dininə etiqad etməsinə baxmayaraq, ölkədə xristianlar, yəhudilər milli və dini adət-ənənələrini qoruyub saxlaya biliblər. Bu, bir tərəfdən Azərbaycan xalqının tarixi tolerantlıq ənənələrinin aydın göstəricisi, digər tərəfdən də Azərbaycan dövlətçiliyinin tolerantlığa yönəldilmiş siyasətinin nəticəsidir.
Bəs, maraqlıdır Azərbaycan tolerantlıq və multikulturalizm siyasətindəki töhfələrini dünyaya – hazırda bir çox yerlərində qanlı müharibələrin getdiyi dünyaya necə bəxş edə bilər?
Milli Məclisin deputatı Ceyhun Məmmədov bu barədə Yenisabah.az-ın suallarına aydınlıq gətirib.
Millət vəkili də təsdiq edib ki, bu gün dünyamızda çox ciddi proseslər gedir və hazırda bir çox ölkələr də bu prosesdən ciddi şəkildə əziyyət çəkirlər.

Onun sözlərinə görə, bəşəriyyətin inkişaf etməsinə baxmayaraq, bu gün belə biz etnik və dini zəmində münaqişələrin baş verdiyini, cərəyan etdiyini görürük:
“Hesab edirəm ki, bu gün dünyamızın birgəyaşayış və tolerantlığa ehtiyacı böyükdür. Azərbaycanın da bu barədə çox müsbət təcrübəsi mövcuddur. Azərbaycanın müsbət təcrübəsindən də bir sıra ölkələr istifadə edə bilərlər. Bütövlükdə isə ölkəmiz prosesə öz müsbət töhfəsini verə bilər. Mənə elə gəlir ki, bu gün bizim görə biləcəyimiz xeyli işlər var. Azərbaycanın bu təcrübəsi də xaricə köçürülməlidir”.
Millət vəkili əmindir ki, Azərbaycan bu anlamda təhlükəsizlik adasına bənzəyir:
“Ölkəmizdəki bütün xalqlar və dinlərin nümayəndələri sülh və qarşılıqlı anlaşma şəraitində yaşayır. Azərbaycan bu anlamda müsbət və unikal bir nümunədir. Düşünürəm ki, bu anlamda atılacaq addımlar az deyil. Əgər ehtiyac olarsa, hansısa dövlətlərə bu istiqamətdə öz dəstəyimizi və yardımımızı göstərməyə hazırıq”.
Yaxın şərqdə baş verənlərin etnik və dini münaqişə zəminində olduğunu söyləmək hələ tezdir. Münaqişənin tarixi var və nə səbəbdən qaynaqlandığı aydındır. Burda söhbət bir dövlətin digərinin ərazi bütövlüyünə hörmətsizliyindən gedir. Və təəssüf ki, beynəlxalq güclər də hər zaman olduğu kimi yenə də təcavüz edənin - yəni güclünün yanındadır. Amma təbii ki, proseslər qızışır, gələcəkdə nəyin baş verəcəyini proqnozlaşdırmaq çətindir.
Milli məsələlər üzrə ekspert Niyaz Niftiyev isə düşünür ki, Yaxın Şərqə Azərbaycandakı sabit etnomühit təcrübəsini tətbiq etmək asan deyil:
“Azərbaycan multikulturalizmin tarixi var. Ölkədə yaşayan etnik qruplar heç vaxt ərazi iddiası ilə çıxış etmirlər və yaxud da yerli xalqa qarşı aqressiv deyillər. Və yaxud da əksinə... Yəni, vəziyyət fərqlidir. Həm coğrafiya, həm münaqişə bölgəsində yaşayan fərqli dini subyektlərin demoqrafik vəziyyəti adekvat deyil”.

Onun sözlərinə görə, fikrimizi bir az da konkretləşdirsək, bu, mümkün deyil:
“Dağıstanda baş verənlərə gəlincə, əlbəttə ki, Azərbaycanın qonşuluğunda belə bir halın baş verməsi arzuolunan deyildi. Rusiya hökuməti də bunun fərqinə vardı və prosesin qarşısı dərhal alındı. Təsadüfi deyil ki, Rusiyanın etnik məsələlərlə məşğul olan alimləri etnik qrupları ölkələrdə “saatlı partlayıcı” adlandırırlar”.
N. Niftiyev hesab edir ki, bu fakt sadəcə idarə olunub və az saylı iğtişaşçılar da Rusiya dövlətinin İsrail-Fələstin münaqişəsinə baxışından qaynaqlanıb:
“Bildiyiniz kimi Rusiya bu məsələdə Fələstinin mövqeyini dəstəkləyir. Millət vəkili Rasim Musabəyov Dağıstandakı yəhudilərin Azərbaycana gəlməsini təklif edin. Amma mənim fikrimcə, Musabəyovun təklifinin reallaşması mümkün deyil. Bunun da müxtəlif səbəbləri var. Əvvəla, Rusiya monoetnik dövlət deyil, Federasiyanın daxilində 186 xalqın nümayəndəsi yaşayır. Yəni təkcə yəhudilər deyil, digər xalqlar üçün də normal şərait var. Onların Azərbaycana köçüb gələcəyi də inandırıcı görünmür. Yəqin ki, Rasim Musabəyov bu təklifi yəhudilərə dəstək məqsədilə səsləndirib”.
Rafi MÜSLÜMOV
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.

Telegram kanalımız