Xəbər verdiyimiz kimi, növbəti tədris ilindən etibarən bütün ali məktəblərdə İslam dini və digər dinlər haqqında icbari dərs keçiriləcək. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Eyni zamanda komitə daha sonrakı açıqlamasında qeyd edib ki, yeni tədris ilindən ali təhsil ocaqlarında “Multikulturalizmə giriş” əsas fənn kimi tədris olunacaq və əsas məqsədlərdən biri də tələbələrə bütün dinlər, xüsusilə İslam dini barədə məlumat vermək, dini radikalizm, radikal dini cərəyanlar, onların təbliğat metodları, milli-mənəvi dəyərlərimiz, onların qorunmasının zəruriliyi, Azərbaycan dövlətinin bu istiqamətdə siyasəti ilə bağlı minimum məlumatları çatdırmaqdır.
Digər tərəfdən “Hazırda “Həyat bilgisi” fənninin proqramında dinlər haqqında məlumatların genişləndirilməsi məqsədilə işlər görülür. Ümumiyyətlə, məqsəd dinlər barədə şagirdlərə məlumat vermək, onların bu istiqamətdə dünyagörüşünü artırmaqdır”- deyə komitə öz açıqlamasında qeyd edib. pizza mizza
Məsələ ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri, “İrşad” İslam Araşdırmaları Mərkəzinin direktoru Rafiq Əliyev “Yeni Sabah”a danışarkən bildirib ki, hazırda buna ehtiyac yoxdur:
“Ümumiyyətlə, ali məktəblərdə əvvəllər də din öyrədilirdi, amma ateizm nöqteyi-nəzərindən. İndi qoyulan məsələlər əlbəttə, ateizmlə bağlı deyil, artıq birbaşa dinin özünü, dini ehkamları öyrənməkdir və dindar olmaq üçün zəmin yaradır. Yəni bütün dini ayinləri, qayda-qanunların hamısını yerinə yetirmək üçün uşaqları orta məktəb, daha sonra ali məktəbdən buna hazır edirlər. Bu, müsbət hal deyil.
İkincisi, bizdə elə hesab olunur ki, dini biliklər yaxşı olsa, insanlar dindən pis mənada istifadə qaydalarından, radikallıqdan uzaq olacaqlar, dini biləcəklər. Bütün bunlar hamısı xəyaldır, illüziyadır. Dini biliklər heç vaxt insanları radikallıqdan və başqasına qarşı düşmənçilik göstərməkdən çəkindirməyib. Məhəmməd peyğəmbərin vaxtından bu günə qədər görürük. Dini müharibələr, xaç yürüşləri və digərləri – hamısı göstərir ki, din həmişə insanların əlində müəyyən alət olub.
Düzdür, dində yaxşı cəhətlər çoxdur, insanları ədalətə, humanizmə, başqalarına hörmətə, köməyə çağırır. Amma biz belə də insanları köməyə çağırırıq axı. Buna baxmayaraq, insanlar özləri yollarını seçir və bu yolla davam edirlər.
Mətbuat orqanlarında ilahiyyatçılar dərs deyəcək yazırlar. Hansı ilahiyyatçılar? Məsələn, mən onları tanımıram. Orta məktəb üçün kimlər dərs deyəcək? Mütləq o dərsləri ya tarix ya da başqa bir ixtisas müəllimi deyəcək. Onların axı din haqqında o qədər məlumatları yoxdur. Din böyük bir xəzinədir, onu öyrənmək üçün tarix fakültəsində 5 il oxuyurlar, sonra magistratura, namizədlik müdafiəsi və s. Yenə də orta və ya ali məktəbdə dərs demək səviyyəsinə gəlib çıxmırlar”.
R.Əliyev qeyd edib ki, dinin məğzi, bizim üçün lazım olan ədalət göstəricisi məzmununda olan hissəsini insanlara çatdırmaq çox çətin olacaq:
“Bu yükün altına girmək böyük cəsarət tələb edir. Necə çıxacaqlar, bilmirəm. Onu zaman göstərər. Amma bu gün üçün mənə elə gəlir ki, hələ tezdir. Digər tərəfdən tədris icbari olacaq. Yəni məcbur öyrənməlisən, etməsən səni cəhənnəmə göndərəcəm... Mən tələbəyəm, din öyrənmək istəmirəm, nə edəcəksən? Universitetdən çıxaracaqsan məni? Yoxsa, beynimə girib yeridəcəksən? İcbari sözü ümumiyyətlə yerində deyil. Bunu yəqin kimlərsə fikirləşib, hazırlayıb qaydaya salıblar. Amma bu dərslər bizim tələbələrə o qədər də xeyir verməyəcək. Onlar elə bilirlər ki, bu yolla neqativ halları aradan qaldıracaqlar. Müsəlman ölkələrində o qədər neqativlər var ki...
Bu gün biz onlardan yaxşı, mənəvi mənada fərqlənirik. Mənəviyyatımız bəzi İslam ölkələrinin mənəviyyatından dəfələrlə yaxşıdır. Biz onların səviyyəsinə enmək istəyirik? Məqsəd nədir, bilmirəm. Hər halda bunu ortaya qoyanlar müəyyən fikir söyləyərlər”.
Günay Rəsulqızı
Telegram kanalımız