"Lavrovun Ermənistan səfəri Moskvanın daha çox 44 günlük Vətən Müharibəsinin nəticələrini İrəvan üçün yumşaltmaq, ermənilər üçün manevr imkanları yaratmaqda israrlı olduğunu nümayiş etdirdi. Bunun müqabilində Moskva Ermənistanda zədə almış reputasiyasını, Ermənistan daxili siyasətində həlledici təsirini bərpa etməyə, hərbi iştirakının əsaslarını gücləndirməyə çalışır. Moskva üçün son iki amil çox mühümdür. Ermənistanda Saakaşvili Gürcüstanı siyasətinin bu və ya digər formada təkrarlanması Rusiya üçün real təhlükədir".
Yenisabah.az xəbər verir ki, bu barədə siyasi şərhçi Zaur İbrahimli bildirib.
O qeyd edib ki, Ermənistanda hələ də bunun üçün real imkanlar var: Sezar pizza
"Ruslar tədricən bu imkanları azaltmağa, ABŞ-ın təsirini zəiflətməyə çalışırlar. Ruslar bu məqsədlə müxtəlif alətlərdən istifadə edirlər, ən başlıcası isə Ermənistanın kapitulyasiyasını rəsmiləşdirən 10 noyabr sazişinin müddəalarının şərhi və yozumudur. Moskva ermənilər üçün öz maraqlarını irəli sürməkdə imkanlar yaradır, yaxud ikibaşlı şərhləri ilə ermənilərdə sazişin ziddinə tələblər səsləndirməkdə motivasiya yaradır. Hazırda əsas taktiki vəzifə 20 iyun parlament seçkilərində ən azı parlamentdə hökumət qərarlarına legitim təsir edəcək Rusiya fraksiyasının yaranmasına nail olmaqdır. Gürcüstanda da belə başladılar və sonda bacardılar.
Ruslar eyni zamanda Azərbaycanın 44 günlük Vətən Müharibəsinin nəticələrinindən bəhrələnmək və bölgədəki vəziyyəti bunu uyğun dizayn etmək imkanlarını məhdudlaşdırmağa çalışırlar. Məhz buna görə Minsk qrupunu yenidən aktivləşdirməyə maraq göstərirlər. 10 noyabr sazişinin tam şəkildə həyata keçirilməsinə mane olurlar, kommunikasiyaların açılmasında əlavə şərtlər irəli sürürlər, bunun ətrafında sövdələşmə açmağa niyyətlidirlər.
Görünən budur ki, Azərbaycan yaxın perspektivdə rusların bu mövqeyi ilə üz-üzə qalmalı olacaq. Bakı Türkiyə ilə birgə hərəkət etməklə Moskvanın müəyyən çərçivədə qalmasına nail ola bilir. İndiki məqamda bu özü də az nailiyyət deyil. Daha irəli getmək üçün daha geniş ittifaqlara ehtiyac olacaq".
Siyasi şərhçinin qənaətinə görə, Türkiyə ilə birlikdə qətiyyətini qorumaqla, kommunikasiyaları açmaqla, Bakı yeni ittifaqlar üçün imkanlar əldə edə bilər:
"Ermənistanda seçkilərin nəticələrindən asılı olaraq Moskvanın təsirini azaltmaq üçün yeni fürsətlərin yaranması mümkündür. Azərbaycan üçün yaxın perspektivdə Qarabağ bölgəmizdə yaşayan ermənilərə dair nə təklif edəcəyimiz də əhəmiyyətlidir. Şübhəsiz ki, qırmızı çizgimiz suverenliyimiz, ərazi bütövlüyümüzdür. Bu iki təməl şərti gözləməklə müxtəlif dinc birgəyaşayış modelləri nəzərdən keçirilməlidir. Bu məsələdə təşəbbüskar olmalıyıq və suverenliyimiz, ərazi bütövlüyümüzün qəbul edilməsi şərti ilə öz strateji yanaşmamızı, təkliflərimizi masaya qoymalıyıq.
Biz etməsək başqaları təşəbbüsü ələ alacaq. Necə ki, Şuşanı əlbəyaxa döyüşdə aldıq, diplomatiyada da buna bənzər əlbəyaxa döyüşə hazır olmalıyıq. Əsas üstünlüyümüz qətiyyətimiz, döyüş ruhumuz, haqlı tərəf olmağımız, ittifaqlarımızdır. Təcrübə göstərdi ki, kənar güclərin işi bərkə düşəndə “İskəndəri” köməyə çağırması da istənilən nətəcəni vermir".
Telegram kanalımız