Yay aylarında ölkəmizdə turizm sektorunda canlanma müşahidə olunur. Bir neçə il əvvələ qədər yerli turistlər sadəcə ənənəvi turizm zonalarına üz tutsa da, indi vəziyyət bir qədər fərqlidir. Artıq bir neçə ildir ki, insanlarımız işğaldan azad olunan ərazilərə səfər etməyi, istirahətlərini orada etməyi daha məqsədəuyğun bilir.
Lakin həmin bölgədə qiymətlər ənənəvi istirahət guşələrindən bir neçə dəfə çoxdur. Maraqlıdır, vətəndaşların bu yerlərə maraq göstərməsi digər turizm bölgələrinə olan tələbata və qiymətlərə necə təsir edir?
Turizm eksperti Ceyhun Aşırov bu barədə “Yeni Sabah”a açıqlama verib. Qeyd edib ki, Qarabağ zonasına səfər edən insanlar orada uzunmüddətli istirahət edə bilmir: pizza hut
“İşğaldan azad edilən ərazilərə müəyyən marşrutlar yaradıldıqca insanların ora səfərləri artıb. Xüsusən də, yay aylarında orda keçirilən tədbirlərə, eyni zamanda paralel olaraq məskunlaşma prosesinin aparılmasına, qohum-dost ziyarətlərinin həyata keçirilməsinə görə 1-2 günlük səfərlərin sayı çoxalmaqda davam edir. Bu tendensiya digər turizm bölgələrinə öz təsirini müəyyən qədər göstərir. Çünki qısamüddətli turizm şirkətlərindən qruplar yığılırdı və səfərlər əgər digər rayonlara həyata keçirilirdisə, indi təbii maraqdan irəli gələrək, insanlarımız işğaldan azad olunan əraziləri görmək istəyir. Amma həmin ərazilərdə otellərin, qalma yerlərinin sayı azdır. Bu səbəbdən də qiymətlər yüksəkdir. Şuşada otellərin qiyməti Bakı ilə müqayisədə ən azı 3-4 dəfə bahadır. Ona görə bu ərazilərə daha çox qısamüddətli turlar həyata keçirilir. Hətta səhər gedib axşam qayıdanlar da var. Ən çox insanların bir gecə qalmaq imkanları olur. Müraciətlər əsasən bu istiqamətlidir”.
Ekspert bildirib ki, ümumilikdə yerli turizm zonalarına tələbat yüksəkdir:
“Ölkədən xaricə gedən azərbaycanlılar olsa da, bu il Azərbaycana səfər edən turistlərin sayında ötən illərə nisbətən artım müşahidə edirik. Gələnlər ancaq paytaxtda qalmır. Həmçinin, regionlara da səfərlər həyata keçirirlər. İşğaldan azad olunan ərazilərə ən çox yerli vətəndaşlarımız üz tuturlar. Əcnəbilər isə daha çox turistik bölgələrimizdə dincəlməyi seçirlər. Baxmayaraq ki, Qarabağ ərazisində qiymətlər yüksəkdir, digər regionlarımız da heç də boş qalmayıb. Orada da qiymətlərin azalması müşahidə edilmir. Əvvəlki illərdə mövcud olan qiymətlər öz yerini qoruyur. Nə yüksək, nə də aşağı deyil. Həmin qaydada qalmağa davam edir. Çünki tələbat dəyişməyib. Əgər yerli vətəndaşlar Qarabağ ərazisinə ziyarət etdiyi üçün turistik zonalarımıza gəlməyi seçmirsə, bu sayı xarici vətəndaşlar əvəzləyir. Beləliklə, sözügedən tələbat ödənilir”.
Aytac Şahin
Telegram kanalımız