“Azərbaycan Müdafiə Nazirliyi məlumat vermişdi ki, hava şəraitin pis olması ilə əlaqədar olaraq, hərbçilərimiz azaraq Ermənistan ərazisinə gediblər. Ona görə də onlar tərəfindən Ermənistan ərazisində hansısa bir cinayətin həyata keçirilməsi və kimisə öldürmələri mümkün deyil. Çünki cinayət törədiləndə onun məqsədi olmalıdır”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında tanınmış hüquqşünas Əliməmməd Nuriyev deyib.
O, aprelin 10-da yolu azaraq Ermənistan ərazisinə keçən hərbçilərimizin adının Qafan mis-molibden mədəninin 56 yaşlı mühafizəçisinin qətlində hallanması məsələsindən sonra erməni tərəfinin həqiqəti açması məsələsinə toxunub. Sezar pizza
Xatırladaq ki, Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan bugünkü açıqlamasında söyləyib ki, istintaq Zəngəzur Mis-Molibden Kombinatının əməkdaşının qətlində azərbaycanlıların iştirakına dair heç bir sübuta malik deyil.
Öz növbəsində, Ə.Nuriyev bəyan edib ki, erməni tərəfi hər dəfəsində azaraq Ermənistana keçən şəxsləri cinayətkar etməyə çalışır:
“Dilqəm və Şahbazla bağlı da eyni şeyləri söyləyirdilər ki, guya uşaq öldürüblər və s. Bunlar beynəlxalq təşkilatlar üçün yeni bir mövzu vermək istəyirlər. Eyni zamanda onlar bir daha onu göstərmək istəyirlər ki, Azərbaycan tərəfi xüsusi məqsədlər üçün təxribatçı qruplar göndərmək istəyir. Əgər təxribatçı qruplar gəlibsə, mülki adam niyə öldürməlidir axı? O qədər hərbi obyektlər var ikən niyə məhz sıravi bir şəxs? Sadəcə olaraq onlar təsadüfən yolu azıb gediblər. Çünki orada relyef də qarışıqıdır və digər tərəfə keçmək mümkündür”.
Hüquqşünasın fikrincə, ermənilər əsgərlərimizə verilən işgəncələrə də haqq qazandırmaq istəyirdilər ki, bu işgəncələr ona görə verilib ki, onlar guya yaşlı adamı öldürüblər:
“Ermənilərin əsgərlərimizə verdiyi işgəncələr sosial şəbəkələrdə yayıldıqdan sonra buna belə bir don geyindirməyə çalışdılar. Onlar beynəlxalq təşkilatlar qarşısında da əsgərimizi cani obrazında göstərməyə çalışırdı. Halbuki bunun özü ermənilərə xas olan bir xüsusiyyətdir. Verilən işgəncə göz qabağındadır. Əsirlərlə bağlı münasibətdə Cenevrə Konvensiyasının normaları kobud şəkildə pozulmuşdur. Azərbaycan tərəfi isə bununla bağlı dərhal Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməlidir ki preventiv tədbirlər görülsün. Çünki əsgərlərimizin həyatları bu saat təhlükə altındadır”.
“Digər tərəfdən, məni təəccübləndirən o oldu ki, niyə Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti məsələyə dərhal reaksiya verməyib? Bilirsiniz ki, Qırmızı Xaç Azərbaycan ərazilərində cinayət törədib həbs olunan ermənilərə necə yardım edir? Onlar üçün hər gün oraya ərzaq gətirir. Baxmayaraq ki, Azərbaycandakı cəzaçəkmə müəssisələri yüksək keyfiyyətli ərzaqla təmin olunub. Amma bununla belə o ermənilərin bütün təminatlarını bu qurum həyata keçirir. Hətta hər gün onlar Qarabağa gedir, humanitar yük daşıyır. Amma buradakı işgəncə faktına qarşı Qırmızı Xaç hərəkətə keçmir.
Digər bir məsələ isə budur ki, əsgərlərimizi ölümdə ona görə ittiham edirdilər ki, həm də gələcəkdə Azərbaycanda cinayət edib ermənilərin dəyişdirilməsi məsələsini həll etsinlər. Lakin bu gün bir sıra dövlətlər və digər insan hüquqları təşkilatları susmaqda davam edir”, - Ə.Nuriyev fikrini yekunlaşdırıb.
Rafi MÜSLÜMOV
Telegram kanalımız