Dünya çempionatının maraqsızlaşması haqqında

saytların hazırlanması

Evə çatdırılma

Dünya çempionatının maraqsızlaşması haqqında

Yazar

27 İyun 2026 09:36 320


Yaşlı, qoca, ahıl adamlar  deyinirlər ki, dünya çempionatı artıq əvvəlki dünya çempionatı deyil. Bu deyinməyi, indiki dünya çempionatından narazı qalmağı qoca adamlara xas  tipik nostalgiya adlandırmaq olar. Özü də lap  asanlıqla. Lakin onlar, qocalar heç cürə dinc, kirmişcə dayanmırlar. Fikirlərini belə əsaslandırırlar: əvvəllər dünya çempionatında müxtəlif futbol mədəniyyətləri, oyun üslubları  qarşı-qarşıya gəlirdi, bir meydanda toqquşurdu. Hər çoğrafiyanın,  komandanın özünəməxsus rəngləri, naxışları vardı.

İndi isə bütün komandaların oyunu bir-birinə oxşayır. Artıq dünya çempionatı fərqli məktəblərin görüşü deyil, eyni futbol akademiyasının müxtəlif filiallarının turniridir. 

Fikrimiz aydın olsun deyə, belə bir paralel apara bilərik. Təsəvvür edin ki, beynəlxalq kulinariya festivalında iştirak edirsiniz. Müxtəlif xalqlara , coğrafiyalara mənsub  yeməklərin, şirniyyatların dadına həvəslə baxmaq, müxtəlif xalqların mətbəxt mədəniyyəti ilə tanış olmaq  istəyirsiniz. Lakin bütün yeməklər, şirniyyatlar eyni dad verir. Adı beynəlxalq kulinariya festivalı olsa da yeməklərin, şirniyyatların dadı eynidi.   pizza sifarişi

Dünya çempionatında fərqli çoğrafiyalara mənsub oyun üslublarının, rənglərin, naxışların, bir sözlə,  özünəməxsusluğun itməsinin əsas səbəblərindən biri futbolun qloballaşmasıdır. Bu gün Afrikanın ən istedadlı uşağı on altı yaşında Avropaya gedir. Cənubi Amerikanın ən parlaq futbolçusu iyirmi yaşına çatmamış hansısa böyük klubun sisteminə düşür. Hamı eyni məşq metodları ilə işləyir, eyni videolara baxır, eyni taktiki sxemləri öyrənir.

Bir vaxtlar futbol məşqçiləri oyun haqqında danışanda xarakterdən, temperamentdən, cəsarətdən danışırdılar. İndi isə terminlər, lüğət dəyişib. Presinq zonaları, keçid fazaları, topa sahibolma faizi, gözlənilən qol göstəricisi, məlumat bazaları, alqoritmlər...

Pep Qvardiola müasir futbolun ən böyük inqilabçılarından biridir. Bəlkə də son iyirmi ildə futbola ən çox təsir edən adam məhz Qvardioladır.  Dünyanın müxtəlif ölkələrində yüzlərlə  məşqçi birbaşa Qvardiolanın fikirlərini təqlid edir. İstər Avropanın aşağı, yuxarı  liqalarında, istər Yaponiya çempionatında, istər Afrikada, istərsə də uşaq futbol məktəblərində topun arxadan çıxarılması, qapıçının oyun qurucusuna çevrilməsi, müdafiəçilərin meydanın mərkəzinə doğru hərəkət etməsi kimi ideyalar artıq adi hala, normaya  çevrilib.

Qvardioladan əsas prinsipi budur: top səndədirsə, oyunun taleyi də sənin əlindədir.

Bu yanaşma o qədər uğurlu oldu ki, futbol dünyası yavaş-yavaş eyni istiqamətə hərəkət etdilər. Beləcə dünyanın müxtəlif yerlərində  eyni tip komandalar yaranmağa başladı.

Qəribədir ki, Qvardiola həm futbolun inkişafına xidmət etdi, həm də müəyyən mənada onun rənglərini azaltdı. Çünki hamı qalib gələnin yolunu seçir. Bir vaxtlar  hamı holland futbolundan nəsə götürürdüsə, son on beş ildə hamı Qvardioladan nəsə götürməyə çalışır.

Dünya çempionatına baxanda adamda belə təəssürat yaranır ki, burada  müxtəlif ölkələrin komandaları yox, Qvardiolanın müxtəlif dərəcədə uğurlu şagirdləri qarşılaşırlar.

Bir vaxtlar Braziliya futboluna baxanda Braziliyanı, İtaliya futboluna baxanda İtaliyanı görürdün. İndi isə az qala  bütün komandaların arxasında eyni müəllimin kölgəsi, əl işi, riyaziyyatı   görünür. O müəllimin adı  Pep Qvardioladır.

Yurgen Klopp da öz növbəsində futbolun ahəngini  dəyişdi. Onun "gegenpressing" məfhumu  bir çox komandaların düşüncə tərzinə çevrildi. Bu söz artıq futbolla maraqlanan adamların lüğətinə daxil olub. Mahiyyət isə sadədir: topu itirdinmi, geri çəkilmə. Əksinə, dərhal rəqibin üstünə get. Topu itirdiyin yerdə geri almağa çalış. Kloppun məşhur ifadəsini də xatırlatmaq yerinə düşər: "Ən yaxşı oyun qurucusu əks-hücumdur". Yəni rəqib topu yenicə alıbsa, müdafiə sistemi hələ qurulmayıb. Elə həmin an hücum etmək lazımdır.

Bu siyahını yenə uzatmaq olar: Mikel Arteta, Roberto De Zerbi, Xabi Alonso və başqaları. Bu məşqçilərin futbola yanaşmalarından sonra futbol getdikcə daha sistemli, daha hesablanmış, daha proqramlaşdırılmış şəkil aldı .

Əlbəttə, sistem pis şey deyil. Problem ondadır ki,  sistem futbolçunun özündən, təbiətindən, xarakterindən daha  vacib görünməyə başlayır. Oyunçu risk etməməli, mövqeyindən tərpənməmlidir, sxemi pozmamalıdır. Nəticədə biz meydanda emosiyadan, xarakterdən, oyunçu təbiətindən, ehtirasdan  daha çox riyaziyyat, şahmat görürük. 

Oyunçuların artistlik etməsi də futbolun hörmətinə ciddi zərbələr vurur.  Artistlik deyəndə əlbəttə ki,  simulyasiyalar nəzərdə tutulur.  Futbolçuların əksəriyyəti rəqib oyunçunu yox,  hakimləri, VAR otağını aldatmağa çalışırlar. Müasir futbolda  əndazədən çıxmış artistlik adamın ürəyin bulandırır, futbolçulara qarşı ikrah hissi oyadır. Mən demək olar ki, hər oyuna baxanda əsəbləşib bu sözləri qışqırmağa  məcbur oluram: Yekə kişisən, ayağa qalx, ayıbdı, az artistlik elə... Dəfələrlə fikir vermişəm, futbola baxanda oyunçuların artistliyinə necə əsəbləşirəmsə itim qorxudan divanın altına girir. Oyun qurtarana qədər divanın altından çıxmır.  

Müasir futboldan danışıb  mərc kontorlarına toxunmamaq böyük günah olardı. Futbola baxan adamların böyük hissəsi, hətta konspirologiyalardan , fitnə-fəsad nəzəriyyələrindən min kilometr uzaq olan adamlar belə  ən azı bir dəfə bu sualı özünə verib: doğrudanmı hər şey yalnız meydanda həll olunur? Futbolun ətrafında dövr edən, fırlanan  pulların miqyası insanı düşünməyə, oyunların nəticələrinə şübhə ilə baxmağa  vadar edir. Bir vaxtlar futbol sənaye idi, indi isə futbol "sənayelər paketi"dir. Televiziyalarda nümayişlər  haqları, sponsorluqlar, reklam müqavilələri, mərc şirkətləri, marketinq layihələri...

İstər-istəməz, sövq-təbii  adamlarda belə bir hiss, fikir, şübhə   yaranır ki, oyunun nəticəsi  meydandakı iyirmi iki nəfərdən yox, meydandan kənardakı yüzlərlə adamın maraqlarından asılıdır.

Mən futbol mütəxəssisi deyiləm. Sadəcə, orta səviyyəli bir azarkeş kimi fikirlərimi yazmaq  istədim. Ola bilsin ki, səhv edirəm, yanılıram. Amma futbol elə həm də bunun üçündü. Kim nə qədər istəyir boşboğazlıq eləsin, zəvzəsin, çərənləsin, məşqçilərə, oyunçulara yollar göstərsin, vaxt itirsin, enerji xərcləsin... Necə deyərlər, "hərənin öz həqiqəti" olsun .  Ən əsası, futbol haqqında danışmaq, əsəbləşmək, razılaşmamaq, etiraz etmək ictimai-siyasi mövzulardan fərqli olaraq həm də təhlükəsizdir. Nə qədər istəyirsən əsəbləş, razılaşma, etiraz elə.  Çox dərinlərə getməsən,  sənə gözün üstə qaşın var deyən olmayacaq. Mən də yaradılmış bu imkandan, fürsətdən istifadə edib bir balaca çərənləmək, boşboğazlıq eləmək  istədim. Vəssalam. 

Seymur Baycan


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!