Əgər “işverən”lər olmasaydı...

saytların hazırlanması

Evə çatdırılma

Əgər “işverən”lər olmasaydı...

Yazar

07 İyul 2020 11:01 1957


İndi nəql edəcəyim hadisə hardasa 5 il bundan öncə bəndənizin başına gəlib. Necə deyərlər, söz vaxtına çəkər. Qızmar yay günlərinin birində Sədərək Ticarət Mərkəzindən üzü şəhərə - Yasamala tərəf gələndə sürücülərin “ilişdiyi” məşhur dairədə yol polisi bizim maşını saxladı. 

Soruşanda məlum oldu ki, əsas yola dönəndə düz xətti tapdalamışıq. Bir sözlə, qəza şəraiti yaratmışıq. İnsafən qeyd edim ki, yol polisi iradında haqlı idi. Amma... 

Bax indi ammasını deyəcəm. Maraqlı o idi ki, bizdən öndə olan bahalı, çox güman ki, hansısa biznesmenə, bəlkə də məmura məxsus olan “Cip” də eyni xətanı (hətta daha kobud şəkildə) törətmişdi. Amma nədənsə yol polisi bizi saxladı. Bu məqamda sual yarandı: ona olar, mənə yox? Polisin cavabı hər zamankı şablon çərçivəsində hazır idi – “Hər kəs özünə cavabdehdir”. Təbii ki, orası aydındır ki, hər kəs özünə cavabdehdir. Amma niyə həmişə hamının gücü zəifə, kasıba çatır? Niyə hər iki maşın saxlanmadı?  Dördpendirli pizza

Əlqərəz, uzun çəkçevirdən, mübahisədən sonra yol polisləri cərimə yazıb getdilər. Sual edə bilərsiz ki, axı bu hadisəni yazmaqda məqsəd nədir? Adi, hər gün yaşanan sürücü-yol polisi əhvalatlarından biridir də... Amma sözümün canı var. 

Sözümün canı dünən “Fairmont Baku” otelində istirahəti pozulan yeri qoyub göylə gedənlərlə bağlıdır. Ölkənin bu çətin, çıxılmaz günlərində kimlərsə əylənəcək deyə bütün qaydaları alt üst edən, “təki pulum gəlsin” deyən bu məşhur otel bəlkə də ictimai qınaq olmasaydı bu gün də fəaliyyətini davam etdirəcəkdi. İctimai qınaq, sosial şəbəkələr olmasaydı, yəqin ki, onun kefinə soğan doğrayanları “işverən” adlandıran məşhur iş adamının oğlu da istirahətində olacaqdı. 

Bir anda ölkənin əsas mövzusuna çevrilən bu hadisənin “qəhrəmanlarından” hətta Prezident İlham Əliyev də danışdı.

“Amma biz görürük ki, insanlar nümayişkəranə şəkildə bu rejimi pozurlar. Dünən məşhur oteldə baş verən o biabırçı hadisə dözülməzdir. Ona görə də Azərbaycan polisi düz edib müdaxilə edib. Mənim tərəfimdən çox ciddi göstəriş verilib ki, bütün pozuntulara reaksiya verilməlidir. Heç kim qanundan üstün deyil. İstər yerli şirkət olsun, istər xarici şirkət. Biz xalqımızın sağlamlığını qorumalıyıq”, - deyə hadisəyə kəskin münasibət bildirən dövlət başçısı belə əməllərindən qalmayanlara da xəbərdarlıq etmiş oldu. 

Prezident dəfələrlə qeyd edib ki, hər kəs qanun qarşısında bərabərdir və kimliyindən aslı olmayaraq etdiyi hərəkətin cəzasını çəkəcək. Amma bunu eşidib dərs çıxaranlar kifayət qədər azdır. 

Yeri gələndə ona buna ağıl verənlər özləri həmin hərəkətləri edirsə, edə bilirsə deməli, belələrinin ictimai qınaq obyektinə çevrilməsi labüddür. Kobud dillə desək, sən çıxıb camaata ağıl verəndə ki, evdə qalın, özünüzü, yaxınlarınızı qoruyun amma özün oteldə kef edəndə səni hansı cəzanın, tənqidin gözləyəcəyini də göz önünə gətirməlisən. “Kasıb sənə olmaz, varlı sənə olar” prinsipi ilə qanunları heçə sayanlar ifşa olunanda düşünürəm ki, hamının ürəyindən tikan çıxır.

Amma düşünün ki, məlum şəkillər yayılmasaydı, heç kimin də xəbəri olmasaydı... Həmin insanlar Bakının mərkəzində sərt karantin günündə istirahətlərindən qalmayacaqdı. Kimlərsə belə hadisələrə göz yumur, yalnız ictimai qınaq işə düşəndə gözdən pərdə asmaq üçün belələrinin 5/1-ni tutub cəzalandırırsa deməli “ona olar, mənə yox?” burda da öz qüvvəsində qalır. Şəhərin mərkəzində karantin qaydaları bu şəkildə pozulur və guya ki, sosial şəbəkələrdə bu şəkillər yayılana qədər heç kimin xəbəri olmur. Kimi aldatmağa çalışırıq? Dövlətin qanunu varlıya da, kasıba da eyni olmalıdır. “Pulun varsa, sənə olar, pulun yoxdursa, otur yerində” deməklə kimi kimdən qoruyuruq?

Yazını Mirzə Ələkbər Sabirin məşhur şeirindən bu bənd ilə bitirmək istəyirəm. Məncə hazırkı durumu bundan gözəl izah edən fikir yoxdur. Allah sənə rəhmət eləsin, Sabir əfəndi!

Millət necə tarac olur olsun, nə işim var?!

Düşmənlərə möhtac olur olsun, nə işim var?!

Qoy mən tox olum özgələri ilə nədir karim,

Dünyavü cahan ac olur olsun nə işim var?!

Mətləb Qurbanov


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!