“Əgər onlar yenə həddi aşıb qudursalar...” - Sərt xəbərdarlıq

saytların hazırlanması

Evə çatdırılma

“Əgər onlar yenə həddi aşıb qudursalar...” - Sərt xəbərdarlıq

Siyasət

03 Sentyabr 2022 11:22 1873


“Bu proseslərin Azərbaycana heç bir dəxli yoxdur”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Tofiq Abbasov deyib.

Politoloq Ermənistan cəmiyyətində son günlər baş verən silsilə hadisələrlə yanaşı, bir sıra tanınmış siyasi və hərbi şəxslərin istintaqa cəlb olunması məsələsinə münasibət bildirib. Dominos pizza

Siyasi şərhçi deyib ki, əgər onlar bizim ərazilərlə bağlı hər hansı bir ifadə işlədirlərsə, guya separatçılara dəxli olan qondarma personaların həbs olunması ilə bağlı fikirləri səsləndirirlərsə, onun bizə heç bir aidiyyəti yoxdur:

“Azərbaycan əraziləri yekdil bir tərzdə formalaşıb və bu, bizim ərazilərimizin beynəlxalq birlik tərəfindən tanınması deməkdir. Ermənilərin məlumat və informasiya mənbələrinin yaydıqları bu xəbərlərin isə ancaq özlərinə aidiyyəti var. Çünki biz ərazi bütövlüyümüzü bərpa etmişik. Bir yığın erməni Azərbaycanda yaşayır, onların heç bir iddiaları isə reallaşa bilməz, çünki onlar Azərbaycan vətəndaşlarıdır. Söhbət isə burada kənardan bölgəyə göndərilən yaraqlılardan getmir, çünki onlar tərksilah olunur və olunacaq”.

Müsahibimiz deyib ki, indiki Ermənistanın vəziyyəti isə hərc-mərcilik və genişlənən xaosdan ibarətdir:

“Bu xaosun ən böyük məsuliyyəti də Baş nazir Nikol Paşinyanın üzərinə düşür. Əgər onun əlində xalq tərəfindən verilmiş mandat varsa, o gərək, öz işlərini görsün və üzərinə düşən məsuliyyəti dərk edərək müvafiq tərzdə hərəkətlərini etsin. Əgər bunu edə bilmirsə, deməli, bu, aciz hakimiyyətdir. Əvvəl-axır da o, bütün rıçaqları itirəcək”.

“Əlbəttə ki, burada Qarabağ belə oldu, status belə getdi, vasitəçilər elə oldu və s. Bunların hamısının heç birinin mənası və əhəmiyyəti yoxdur. Çünki biz o proseslərin hamısını gündəmdən silmişik və bir daha onlar gündəmə qayıda bilməz. Bu baxımdan, Ermənistandakı boşluqlardan istifadə etmək istəyən revanşist qüvvələr çalışırlar ki, öz daxilindəki prosesləri bu və ya digər şəkildə yönəltməklə həm də Azərbaycana psixoloji və mənəvi təsir göstərsinlər”, - deyə əlavə edib.

T. Abbasov deyib ki, biz o şeylərdən çəkinən də deyilik:

“Çünki biz ilk növbədə, qalib ölkəyik, ikincisi, öz planlarımız var və biz onların istəkləri ilə planlarımızı planlaşdırmırıq. Bizim planlarımız yalnız və yalnız onunla bağlıdır ki, biz bölgədə lider ölkəyik və erməni hərbi maşının 90%-ni məhv etmişik. Bundan sonra da bizə təhdidlər olarsa, biz bunun adekvat cavabını verəcəyik. Hətta baş verən əməliyyatlar onu göstərdi ki, biz bir daha ermənilərlə yumşaq münasibəti davam etdirməyəcəyik. Əgər onlar həddi aşıb qudururlarsa, əlbəttə ki, başlarına gələnlərin günahkarı özləri olacaq. Biz bir daha onların yadlarına saldıq ki, siz Azərbaycan torpaqlarından birdəfəlik uzaqlaşmalısınız və heç bir təsiriniz olmamalıdır. Olarsa, bu cavabları alacaqsınız”.

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!