Daşkəsən rayon Mədəniyyət evində daşkəsənli gənc şair Etibar Həsənzadənin kitabının təqdimolma mərasimi keçirilib.
“Yeni Sabah” xəbər verir ki, tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev, rayon ziyalıları və ictimaiyyət nümayəndələri, gənc şairin qələm dostları, Azərbaycanın Xalq artisti, prezident təqaüdçüsü Şahnaz Haşımova öz ansamblı ilə birlikdə tədbirdə iştirak edib.
Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev tədbir iştirakçılarını salamladıqdan sonra gənc şairi təbrik edib: “Etibarın əsərlərini oxuduqca insanın təsəvvüründə maarifçi, ziyalı, xalqını və millətini çox sevən vətənpərvər şair obrazı canlanır.
Fiziki qüsurlu, əlil arabasında oturmasına baxmayaraq, onun həyata, vətəninə bağlılığı bütün gənclərə nümunədir.
Həmyerlimiz öz ədəbi fəaliyyəti ilə yanaşı sosial şəbəkələrdə, internet resurslarında da gənc ziyalı kimi çox fəallıq göstərir.
Bu Etibarın bir daşkəsənli olaraq rayonumuza, onun təbiətinə olan məhəbbətindən, istəyindən irəli gəlir”.
Sonra rayon ziyalıları və yazıçılar Etibar Həsənzadənin yaradıcılığı haqqında xoş sözlər söyləyib və tədbir musiqi nömrələri davam edib.
Qeyd edək ki, E. Həsənzadə “Könlümlə söhbət”, “Duyğular dinsin”, “Gecikmiş etiraf” , “Bir həyat romanı”, “Sevgi bəstəsi”, “Nurla gəldi, nurla yaşadı, nurla getdi” adlı kitabların müəllifidir.
Telegram kanalımız