Əjdaha deputatı necə uddu

Əjdaha deputatı necə uddu

Yazar

18 Fevral 2022 09:00 1213


“Bilirsən burqomistr niyə özünü ağıl xəstəsi kimi aparır? Ağlının olmadığını gizlətmək üçün”

(Yevgeni Şvars, “Əjdaha” pyesindən)

Tahir Kərimlinin əjdaha oyuncağı ilə teledebatı və onu şapalaqlayıb efirdən qovması, şübhəsiz, siyasi gündəmi çalxalamışdır. Məncə, bu debat 2022-ci ilin əsas siyasi hadisəsidir. Təəssüf ki, sonradan əjdaha qalxıb Tahir bəyi udmuşdur, çünki dünən mən bu cızmaqaranı yazanda jurnalistlər hörmətli deputatın taleyi haqda hər hansı bilgi, informasiya əldə edə bilmirdilər. Telefonları söndürülmüş, ev adresi dəyişdirilmiş, poçtu “hak” edilmiş, deputat kreslosu oğurlanmışdı.

Dəhşətdir. Bütün bu repressiyaya baxmayaraq dünən prokurorluq və polis orqanları deputatın sağ olub-olmaması haqda əhaliyə, xüsusən onun seçicilərinə aydın izahat vermirdilər. Deyir bizə şikayət daxil olmayıb. Guya orqanlar həmişə şikayət daxil olanda hərəkətə gəlməlidir. Bəs təşəbbüs? Bəs dövlətçilik? Sanki Akif Çovdarov Metro Tağını hər dəfə tutub soyanda ondan dəvətnamə alırmış. Belə olmaz, yoldaşlar.

Əjdahanı Tahir Kərimlinin qapazının altından, ya da Tahir Kərimlini əjdahanın qarnından çıxarandan sonra biz özümüzə bir sual verməliyik ki, bunu hansı ağılla deputat qoymuşuq? Yox, yanlış anlaşılmasın, mən Tahir bəyin idrakına, şüurunun özündə olmasına qəti şübhə etmirəm. Ona qalsa Hacıbala müəllim 30 il özünü dəliliyə vurub Bakının altını-üstünü satdı. Şübhəm özümüzün zırrama olub-olmamağımızdır. Çünki atalar sözü var, deyir qırağına bax bezini al, seçiciyə bax deputatı qoy.

Vəziyyətin tarixi ağlamalı tərəfi də vardır ki, bu kişi xalq hərəkatı qəhrəmanlarımızdan biridir, hətta Elçibəy onu Ali Məhkəmənin sədri qoymuşdu. Tahir bəy o vaxtlar da anlaqlı idimi? Əlbəttə, indiki vəziyyətindən heç fərqlənmirdi. Ən azından, ortada arxiv videoları var, Milli Məclisin binasında çəkilən həmin kadrlarda Tahir Kərimlinin qışqırmağına baxanda indiki əjdaha-tiranozavr süpürləşməsi toya getməlidir. Bəs cəbhəçilər onu niyə sədr qoymuşdu? Heç zad: Ağsu rayon məhkəməsinin sədri olanda Qorbaçova ölüm cəzası kəsdiyi üçün. Belə deyirdilər, ancaq nə cəza qətnaməsini görən vardı, nə də Qorbaçov ondan sonra öldü. Hətta üzə düşüb indiyəcən it kimi yaşamaqdadır (söyüşü “20 yanvar”a görə yazmışam, qisas alıram).

Ancaq ümumən götürəndə AXC-Müsavat hakimiyyəti bu ağılda adamlardan ibarət idi. Əsl xalq hakimiyyəti idi, çünki o zamanlar elə bizim hamımız təxminən bu əhval-ruhiyyədə idik. Hərəmiz masaya bir əjdaha maketi qoyub dalaşırdıq. Məsələn, rəhmətlik Əbülfəz bəy Çinin oyuncağını qırıq-qırıq eləmişdi, İsa Qəmbər parlamentin spikeri kürsüsündə Tahir Əliyevlə məzələnirdi, müdafiə naziri Rəhim Qazıyev özünü döyürdü, polis naziri İsgəndər Həmidov da oyuncaq jurnalistlərin gözlüyünü sındırırdı. İndi, maşallah, hamı ağıllanıb, hər bir məmur kürəyini hökumətə söykəyib dövlət büdcəsinin məmələrini sümürür. Real işlərlə məşğuluq, bunun partiyasını da qayırmışıq. 

Elə Tahir Kərimlini də ola bilsin hansısa əjdaha tutub udmuşdur. Çünki milli memarlıq üslubumuza sataşıbdır. Yazıçı Seyran Səxavətin hələ sovet vaxtı yazdığı hansısa əsərinin qəhrəmanı yadıma düşdü. O adam kənddə yaşayırdı, Bakıdakı qohumunun yanına gəlirdi, qohumu isə ünvanı belə verirdi: “Gələrsən şəhərin girişində əjdaha heykəlinin yanına, orada filan nömrəli evdəyəm”. Kəndli avtovağzalda düşür, taksiyə minir, deyir sür əjdahanın yanına. Sürücü kəndli ilə məzələnir: “Hansı əjdahanın? Bizim şəhərdə əjdaha çoxdur. Hərə özünə görə əjdahadır”.

Ümid eləyək Tahir bəy bu “Yura dövrü parkımızdan” salamat çıxsın, ev-eşiyinə, partiyasının, deputat dostlarının yanına dönsün. Nağıl kimi həyat yaşayırıq, nağıllarda isə axırda mütləq keçəl əjdahaya qalib gəlməlidir.

Zamin Hacı

"Yeni Müsavat"


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!