Sabiq səhiyyə naziri Əli İnsanovun rəhbərlik etdiyi Haqq və Ədalət Partiyasından (HƏP) kütləvi istefaların olduğuna dair xəbərlər yayılıb.
Yenisabah.az bildirir ki, partiyanın Abşeron və Culfa rayon təşkilatlarında üzvlərin kütləvi şəkildə istefası baş verir.
HƏP-in İdarə Heyətinin üzvü Murad Bayramoğlu özünün “Facebook” səhifəsində bu barədə ətraflı məlumat verib. Siyasətçi iddia edib ki, HƏP Abşeron təşkilatının bütün üzvləri (452 nəfər) və Culfa rayon təşkilatının 120 üzvü imzalarını geri götürməklə partiyadan istefa verib. pizza
HƏP Ali Məclisinin sədri Zəlimxan Məmmədli “Yeni Sabah”a açıqlamasında bu barədə danışmaq istəmədiyini deyib: “Gələn də olur, gedən də. Bu barədə ətraflı danışmaq istəmirəm”.
Z.Məmmədli HƏP-in özünü buraxmayacağını bildirib. Onun sözlərinə görə, partiya Ədliyyə Nazirliyinin tələb etdiyi 5 min nəfərlik siyahını bu quruma təqdim edib.
Yenisabah.az xatırladır ki, bu günə kimi Azərbaycanda 31 partiya özünü buraxdığını elan edib. Yerdə qalan partiyalar isə 5 min həcmdə üzv saylarını, onların telefon nömrə və başqa göstəricilərini 11 iyula qədər Ədliyyə Nazirliyinə təqdim etməlidirlər. Əks halda onların da fəaliyyəti qanunsuz sayılacaq.
Rafi MÜSLÜMOV
Telegram kanalımız