“Nikbinliyim qeyd etdiyim kimi, bir neçə gün əvvəl aldığımız şərhlərə görə azdır. 40 gündən çox gözləyəndən sonra biz gördük ki, demək olar, şərhlərin 95 faizi əvvəlkilərin eynidir. Yenidən Azərbaycanın ərazi bütövlüyünü sual altına almaq cəhdləri, yenidən Ermənistanla Azərbaycan arasında sülh razılaşmasına hansısa yollarla qondarma “Dağlıq Qarabağ”ı daxil etmək cəhdləri, yenidən bizim terrorizm, ekstremizm, radikalizm və separatizmə qarşı birgə mübarizəyə dair təklifimizi rədd etmək cəhdləri, hamısı qaldı, yalnız separatizmin üstündən Ermənistan xətt çəkdi. Bu, o deməkdir ki, onlar yenidən Azərbaycanda separatizmə rəvac verəcəklər. Bu, bizim nikbinliyimizi azaltdı”.
“Yeni Sabah” xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşada “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda deyib.
O, Beynəlxalq Böhran Qrupunun Türkiyə üzrə direktoru Nigar Gökselin “Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Vaşinqtonda olması sülh razılaşmasına dair, bu istiqamətdə mümkün güclü irəliləyişə dair ümidləri artırdı. Lakin söylədiklərinizdən belə nəticəyə gəldim ki, Siz bununla bağlı çox nikbin fikirdə deyilsiniz. Mən, həmçinin belə qənaətə gəldim ki, Siz xarici aktorların sülh razılaşmasının əldə olunmasında çox müsbət rol oynamasına heç də böyük ümidlər bəsləmirsiniz. Mənə maraqlıdır deyə bilərsinizmi, həqiqətənmi hansısa xarici aktor sülh razılaşmasına fəal şəkildə mane ola bilər, pozucu rol varmı? Mən ABŞ-la İran, ola bilsin ki, ABŞ ilə Rusiya arasında qarşılıqlı əlaqələr barədə düşünürəm. Bu güclər arasındakı gərginliklər Cənubi Qafqazda özünü necə göstərir, Ermənistanla sülh razılaşmasının əldə olunması imkanlarına necə təsir göstərə bilər?” sualına cavab olaraq deyib: pizza hut
“Amma yenə də baxarıq, çünki danışıqların bu raundu əvvəlkindən fərqlidir. Artıq bir neçə gün davam edib və ola bilsin ki, daha bir neçə gün davam edəcək. Bizim fikrimiz ondan ibarət idi ki, onlar müəyyən nəticələrə gəlməlidirlər, əks halda bu, böyük məyusluq olar.
Eyni zamanda, düşünürəm ki, razılığa gəlmək üçün ən yaxşı yol Azərbaycanla Ermənistan arasında, heç bir vasitəçi, köməkçi və ya pozucu olmadan birbaşa danışıqlardır. Rusiya-Ukrayna müharibəsindən əvvəl biz keçmiş Minsk qrupu həmsədrlərinin yenidən iştirakla bağlı cəhdlərinin şahidi olduq. Lakin qətiyyətlə buna qarşı çıxdıq. Çünki bizim mövqeyimiz bundan ibarət idi ki, Minsk qrupu uğursuzluğa düçar oldu, 1992-ci ildən 2020-ci ilədək heç bir nəticə əldə etmədi. Nəticə faktiki olaraq neqativ idi. Çünki işğal dövründə qondarma danışıqların sonunda biz aydın başa düşdük ki, Minsk qrupunun həmsədrləri, sadəcə olaraq, vəziyyəti dəyişməz olaraq saxlamaq, başqa sözlə, status-kvonu saxlamaq istəyirdilər ki, bu da onlar və Ermənistan üçün rahat idi. Lakin bizim üçün rahat deyildi. Ona görə də biz status-kvonu dəyişdik.
Onlar planlaşdırırdılar ki, səylərini birləşdirib Azərbaycanı inandırsınlar ki, Minsk qrupu müəyyən formada fəaliyyətini davam etdirməlidir. Bunun necə olacağını soruşanda mən dedim ki, biz adəti üzrə fəaliyyət göstərmək üçün heç bir imkan görmürük, bu, başa çatıb, keçmiş Minsk qrupunun həmsədr ölkələri kömək etmək istəyirlərsə, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına yardım edə bilərlər.
Mən söylədim ki, Qarabağ münaqişəsi həll olunub, Madrid prinsipləri adlandırılan prinsiplərin böyük əksəriyyəti Azərbaycan tərəfindən həyata keçirilib. Ona görə də, əgər siz kömək etmək istəyirsinizsə, əsas diqqəti sülh razılaşması üzərində cəmləşdirin və Ermənistanı konstruktiv olmağa inandırın. Əgər bu ölkələrin hansısa, mən sözsüz ki, ABŞ və Rusiyanı nəzərdə tuturam, çünki Fransa birtərəfli qaydada ermənipərəst mövqe tutandan sonra o, faktiki olaraq özünü istənilən növ vasitəçilikdən məhrum etdi. Bu, açıq-aşkardır.
Yeri gəlmişkən, söhbət təkcə Qarabağda separatizmin qondarma şəkildə tanınmasından getmir, həm də BMT-də, Frankofoniyada, digər formatlarda çox açıq anti-Azərbaycan bəyanatlar, davranışlar, siyasətçilərin açıq bəyanatları Fransanı vasitəçilikdən təcrid etdi, çünki vasitəçi olmaq ən azı özünü neytral kimi göstərməkdir. Əgər siz qəlbən neytral deyilsinizsə, ən azı özünüzü neytral kimi göstərməlisiniz. Onlar bunu belə etməyə çalışmalıdılar.
Hazırda biz ABŞ, Rusiya tərəfindən bu səyləri görürük. Siz ola bilsin bilirsiniz ki, iki ölkə – Ermənistan və Azərbaycan nazirləri arasında danışıqların növbəti raundunun bu ay Rusiyada keçirilməsi nəzərdə tutulub. Avropa formatı var ki, Prezident Şarl Mişel ölkə liderləri səviyyəsində bir neçə dəfə görüş təşkil edib. Beləliklə, düşünürəm ki, bu, davam etdirilə bilər, lakin yenə də zənnimcə, iki ölkə arasında birbaşa danışıqlar daha səmərəli, faydalı olar. Düşünürəm ki, biz bu istiqamətdə getməliyik. Əlbəttə ki, əgər Ermənistan bunu etməyə hazır olsa”.
Telegram kanalımız