Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Uğur-2018” Milli Mükafatına layiq görülüb.
“Yeni Sabah” xəbər verir ki, “Consulting&Business” jurnalı tərəfindən “Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlət siyasətinin həyata keçirilməsində əldə olunan nailiyyətlərə görə” nominasiyası üzrə “Uğur-2018” Milli Mükafatına layiq görülüb. Mükafat nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbova təqdim edilib.
Tədbirdə bildirilib ki, mükafatın əsas məqsədi uğurlu iş təcrübələri ilə seçilən qurumların, şirkətlərin nailiyyətlərini qiymətləndirmək və cəmiyyətin diqqətinə çatdırmaqdır. “Uğur-2018” Milli Mükafatına layiq görülməsinin əsasında 2018-ci ildə nazirliyin həyata keçirdiyi mühüm sosial müdafiə və aktiv məşğulluq tədbirləri, əhaliyə xidmətlərin müasir iş prinsiplərinə uyğun və şəffaf təşkili üçün aparılan islahatlar dayanır. pizza hut
F.Talıbov cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, nazirlik tərəfindən əmək, məşğulluq, sosial müdafiə sahələrində şəffaflıq və sosial ədalət, innovativ yanaşma prinsiplərinin təmin olunmasına yönələn geniş miqyaslı islahatlar proqramı, sosial müdafiə və aktiv məşğulluq tədbirləri barədə məlumat verib. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Uğur-2018” Milli Mükafatına layiq görülməsinə görə ““Consulting&Business” jurnalının İdarə Heyətinə minnətdarlığını ifadə edib.
Tədbirdə Nazirliyin 2018-ci ildə həyata keçirdiyi islahatlara və əhalinin sosial müdafiəsinin gücləndirilməsi, həssas qrupların rifah halının yaxşılaşdırılması istiqamətində gördüyü işləri əks etdirən videoçarx nümayiş olunub. Qeyd edilib ki, dövlət sosial xidmətləri sahəsində yeni keyfiyyət mərhələsinə keçidi təmin edən mühüm bir layihənin - nazirliyin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST Agentliyi) və “DOST” mərkəzlərinin yaradılmasına başlanması 2018-ci ilin mühüm uğurlarındandır. Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı əsasında və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olaraq reallaşdırılan DOST layihəsi dövlət sosial xidmətlərinin innovativ yanaşmalar əsasında modern və çevik, tam şəffaf mexanizmlər üzərində, vahid platformadan “bir pəncərə”dən göstərilməsinə, ölkəmizin bu sahədə yeni brendinin formalaşmasına imkan verəcək.
Telegram kanalımız