Ən uğurlu müasir biznes layihələri

saytların hazırlanması

Evə çatdırılma

Ən uğurlu müasir biznes layihələri

İqtisadiyyat

06 Fevral 2026 18:05 2118


Müasir biznes dünyası artıq sadəcə rəqabət meydanı deyil, həm də çevikliyin və texnoloji intellektin sınağıdır. Ənənəvi modellərin yerini rəqəmsal ekosistemlərə verdiyi bu dövrdə, uğur qazanmaq üçün trendləri sadəcə izləmək deyil, onların mərkəzində dayanmaq tələb olunur.

Bu günün və yaxın gələcəyin iqtisadi mənzərəsini formalaşdıran əsas istiqamət, şübhəsiz ki, süni intellekt və avtomatlaşdırmadır. Artıq AI sadəcə bir texnoloji yenilik deyil, biznes proseslərinin optimallaşdırılması, müştəri davranışlarının analizi və qərar qəbulu mexanizmlərinin əsas sütunudur. Bu sahəyə investisiya edən və ya öz infrastrukturunu süni intellekt həlləri ilə gücləndirən sahibkarlar, resurslara qənaət etməklə yanaşı, həm də bazarın gələcək tələblərini öncədən proqnozlaşdırmaq imkanı əldə edirlər.

Rəqəmsal ticarət və fərdiləşdirilmiş xidmətlər sahəsi öz intibah dövrünü yaşayır. Coğrafi sərhədlərin virtual olaraq yox olduğu bir mühitdə, e-ticarət platformaları və blokçeyn əsaslı ödəniş sistemləri biznesin qlobal miqyasa çıxışını asanlaşdırıb. Lakin burada fərqlənməyin yolu kütləvi istehsaldan deyil, hər bir müştərinin ehtiyacına uyğunlaşdırılmış fərdi yanaşmalardan keçir. EdTech (təhsil texnologiyaları) və HealthTech (səhiyyə texnologiyaları) kimi sahələr də məhz bu fərdiləşdirmə prinsipi üzərində yüksəlir. İnsanların öz inkişafına və sağlamlığına ayırdığı büdcənin artması, bu sahələrdə innovativ proqram təminatı və uzaqdan xidmət modellərini ən gəlirli biznes istiqamətlərindən birinə çevirib. Dördpendirli pizza

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, iqtisadçı Emin Qəribli deyib ki, süni intellekt və İT sahəsi ilə bağlı olan sahələr üzrə biznes layihələri daha uğurlu nəticələr verir:

“Müasir biznes sahələrinin inkişafı üçün bir neçə yanaşma var. Hər şeydən öncə biz artıq yeni dövrdə yaşayırıq. Bu rəqəmsallaşma dövrüdür. Biz yeni sənayə inqlabından danışa bilərik. Elə ixtisaslar var ki, onlar bir neçə il sonra tamamilə perspektivsiz olacaq. Lakin elə sahələr də var ki, əksinə, onlara mütləq şəkildə üstünlük vermək lazımdır. Xüsusən də süni intellekt və İT sahəsi ilə bağlı olan sahələr üzrə biznes layihələri daha uğurlu nəticələr verir.

Fikrimcə, sahibkarlar üçün ən əlverişli layihələr startap layihələridir. Müasir dövrdə hər bir şəxs başa düşür ki, strataplardan daha tez və səmərəli faydalanmaq olur. Startaplar üçün ölkəmizdə şərait yaradılıb. Bu kimi layihələrlə bağlı investorların cəlbi olduqca rahatdır. Hazırki dövrdə bir çox ideyalarla bağlı yeni biznes növləri formalaşdırmaq mümkündür. Misal üçün, İT ilə heç bir əlaqəsi olmayan insan kiminsə ideyasını götürüb investor kimi çıxış edə bilər”.

Ekspert vurğulayıb ki, “Whatsapp”, “Telegram” və digər proqramlar investorlara xeyli gəlir gətirməkdədir:

“Startaplarda çeşid çoxdur. Burada bir yaxud bir neçə sahə yoxdur. Siz sadəcə olaraq, nəyisə təkmilləşdirmək istəyirsinizsə, araşdırırsınız və daha sonra investor axtarırsınız. Nümunə üçün son vaxtlar bütün dünyada dəb halına gəlmiş “Dubay şokoladı”nı göstərə bilərik. Bunun özü olduqca maraqlı ideya oldu.

Həmçinin Azərbaycan bazarı məhdud olduğu üçün “Trendyol”, “Temu” kimi onlayn alış-veriş platformalarının yaradıb inkişaf etdirilməsi xeyli çətindir. Bu kimi platformaların yaradıldığı ölklərdə, yəni Çin və Türkiyədə bazar həcmi xeyli böyükdür. Bizdə “Azexport” çoxdan yaradılıb, amma onun elə də yüksək perspektivi yoxdur. Amma ayrı-ayrı sahibkarlar var ki, onlar müxtəlif onlayn platformaların yaradılması və təkmilləşdirilməsi üçün səbrlə çalışırlar. Hesab edirəm ki, gələcəkdə bu sahədə vergi güzəştləri artırılsa, yerli elektron ticarət platformaları da inkişaf edəcək”.

Nazim Hacıyev

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti üzrə hazırlanmışdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!