İşğaldan azad olunmuş və yenidən qurulmuş Zəngilanın Ağalı kəndinə köç davam edir.
Millət vəkili Arzu Nağıyev “Yeni Sabah”a bildirib ki, iki gün əvvəl həyata keçirilən ilk köç Böyük Qayıdışı təmin etməkdir.
Millət vəkili düşünür ki, əsas məqsəd ondan ibarətdir ki, məhz “ağıllı kənd” layihəsi çərçivəsində Azərbaycan vətəndaşları öz dədə-baba yurduna qayıdaraq dinc quruculuq işləri ilə məşğul olsun: pizza hut
“Təbii ki, əsasən kənd təsərrüfatı və müxtəlif “ağıllı layihə”lərdə iştirak etmək, istər bərpa olunan enerji ilə bağlı, istər digər məsələlərin həllində pay sahibi olacaqlardır. Ağalıda yaşayacaq olan vətəndaşlarımız bu məsələlərdən tam şəkildə istifadə edə biləcək“.
Deputatın fikrincə bu köçün davamı yaxın gələcəkdə uğurla həyata keçəcək:
“Bu köçün davamı da digər rayonlarda da həyata keçiriləcək. Artıq bu istiqamətdə işlər görülür. Əsas məsələ həmin rayonların yenidən qurulması layihəsinin hazırlanmasıdır.
Bu istiqamətdə ciddi işlər aparılır. İstər Kəlbəcər, Laçın, Ağdam, Fizuli, Cəbrayıl və digər işğaldan azad olunmuş ərazilərdə həmin infrastrukturların yaradılması istiqamətində çox ciddi işlər aparılır.
Bu gün enerji təchizatı ilə bağlı məsələlər, yol infrastrukturlarının inşası ən mühüm məsələlərdir. Bunlar demək olar ki, başa çatıb.
Bir ciddi məsələ də, orda yaşayacaq vətəndaşların təhlükəsizliyinə hər hansı bir təhdidin olmaması üçün hüquq mühafizə orqanlarının, hərbi hissələrin infrastrukturlarının bərpasıdır və bu istiqamətdə də çox ciddi işlər görülür, artıq biz bu işlərin real şahidi olmuşuq”.
Arzu Nağıyev hesab edir ki, ərazilərin minalardan təmizlənməsi qayıdışın ən vacib amillərdən biridir: “Hazırda digər ərazilər də minalardan təmizlənir, çətinlik təbii ki, var. Özünüz də gördüyünüz kimi texnikalar cəlb olunur, digər dövlətlərin mütəxəssislərinə müraciətlər edilib. Onlar da gəlib öz tövsiyələrini verib yardım edirlər.
Bundan başqa “ANAMA”nın gücü ilə bu işlər aparılır. Zamanla bu ərazilər minalardan təmizləndikcə hazır olan baş plan layihəsinə uyğun olaraq həmin ərazilərdə vətəndaşların gələcək yaşayışını təmin etmək üçün infrastrukturların qurulması və köçün təşkil edilməsi gerçəkləşəcək”.
Nurlan Cəfəri
Telegram kanalımız