Bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün qeydiyyatdan keçən ən yaşlı adamın 80, ən gəncin isə cəmi 15 yaşı var.
Bunu “Yeni Sabah”a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Xarici əlaqələr şöbəsinin müdiri, Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri bildirib.
Onun sözlərinə görə, Həcc ziyarəti üçün ayrılmış kvota təxminən bir ay əvvəl tam dolub. Builki zəvvarlar arasında ən yaşlı şəxs 1946-cı il, ən gənc isə 2011-ci il təvəllüdlüdür. Zəvvarların orta yaş göstəricisi 40-50 aralığındadır. pizza
QMİ rəsmisi əlavə edib ki, bu il Həcc ziyarətinə gedənlərin təxminən 10 faizi artıq əvvəlki illərdə də ziyarətdə olub. Ümumi zəvvarların isə təxminən 90 faizini ilk dəfə Həccə yollananlar təşkil edir.
V.Cahangiri deyib ki, kvota dolduqdan sonra da müraciətlər davam edib. Son bir ay ərzində təxminən 30 nəfər vətəndaş Həcc ziyarəti üçün müraciət edib. Onlara növbəti mövsüm üçün sentyabr ayında yenidən müraciət etmələri tövsiyə olunub.
Xatırladaq ki, 2026-cı il Həcc mövsümündə Azərbaycana 1150 nəfərlik kvota ayrılıb. Bir nəfər üçün ziyarət paketinin qiyməti 6100 ABŞ dolları müəyyən edilib. 180 nəfərdən ibarət ilk zəvvar qrupu mayın 17-də təyyarə ilə Səudiyyə Ərəbistanına yola düşəcək.
Əsmətxanım Rzazadə
Telegram kanalımız