“Ən yaxın dostum ölüb, ad günü keçirməyəcəyəm“  - 84 yaşlı Anar

“Ən yaxın dostum ölüb, ad günü keçirməyəcəyəm“ - 84 yaşlı Anar

Yazar

14 Mart 2022 12:41 1612


Bu gün Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anarın (Anar Rəsul oğlu Rzayev) doğum günüdür. Onun 84 yaşı tamam olur.

Modern.az-ın əməkdaşı yazıçının doğum gününü təbrik edərək, özəl günü ilə bağlı təəssüratlarını öyrənib:

- Anar bəy, sizi təbrik edirik. Bu özəl gündə özünüzü necə hiss edirsiniz?

- Təşəkkür edirəm, çox sağolun. Hər şey yaxşıdır.

- Artıq yeni yaşa qədəm qoyursunuz. Sizin üçün yeni yaşın əhəmiyyəti nədən ibarətdir? Gözləntilərinizi bilmək istərdik...

- Mənim üçün yaşın heç bir əhəmiyyəti yoxdur. Bundan öncə necə hiss edirəmsə, indi də elə hiss edirəm.

- Doğum gününü necə qeyd etməyi planlaşdırırsınız?

- Çox yaxşı...

- Yeni yaşda gələcəyə dair hansı planlarınız var?

- Yaradıcılıq planlarım var. Müxtəlif janrlarda olan əsərlərlə bağlı planlarım mövcuddur.

- Maraqlıdır, sizi doğum günü münasibətilə kimlər təbrik etdi? Ən çox kimin təbriki diqqətinizi çəkdi?

- Səhərdən çox zənglər olur, ad günümlə bağlı. Siz zəng edən təxminən 15-ci adamsınız...

- Sizin üçün ən unikal və maraqlı hədiyyə nə olardı?

- Mənim haqqımda böhtan və yalan yazmasalar, bu, mənim üçün ən yaxşı hədiyyə olardı...

- Oxucularınıza nə demək istəyərdiniz?

- Sizin vasitənizlə hər kəsə demək istəyirəm ki, ad günümü qeyd etmirəm. Çünki mənim ən yaxın dostum Rüstəm İbrahimbəyov vəfat edib. Ad günüm olsa da, qonaqlıq şəraitində keçirməyəcəm.

Qeyd edək ki, Xalq yazıçısı Anar Rzayev 1938-ci ildə anadan olub. Atası Xalq Şairi Rəsul Rza, anası Xalq Şairi Nigar Rəfibəylidir. O, 1945-ci ildə 10 illik musiqi məktəbinə (indiki Bülbül adına məktəb) daxil olub və həmin məktəbi 1955-ci ildə gümüş medalla bitirib.

Yazıçı 1955-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. 1987-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin sədridir. 1998-ci il martın 14-də 60 yaşı münasibətilə ölkənin ən yüksək mükafatı, “İstiqlal” ordeni ilə təltif edilib. 1998-ci ildə “Xalq Yazıçısı” fəxri adına layiq görülüb.

 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!