Həmişə insanların inancı, mədət nöqtələri daxilimdə mistik maraq doğurur. Oxuduqlarım, gördüklərim onu sətirlərə düzməyimə imkan verir ki, adam elə inancı itəndə ölür. Hətta ateistin belə Allahın yoxluğu kimi bir inanc nöqtəsi var.
Elə kökümüzə enməyə çalışanda da yaddaşım mənə çoxallahlıqdan tutmuş oda sitayişimizə qədər hər şeyi xatırladır. Biz yuxumuzu da, dərdimizi də suya danışan adamlarıq. Balamız, ərimiz, qarındaşımız gözəl görünəndə, uğur qazananda şənliyin ortasına başına üzərlik dolayan anayıq.
Deməyim odur ki, bizim inancımızı heç Allah Allahlığıyla sındıra bilmir. Birdən elə bilərsiniz, Allaha şəkk edirəm, amma elə bir niyyətim yoxdu. Çünki özümü tanıyandan hər gün gözümü daxilimdəki Tanrıya inanaraq açmışam, düzü, heç başqa da bir umac yeri də tapmamışam. İndi də azacıq "Ənəlhəqq"ə iddialı göründüm, amma məramım yenə o deyildi. Sadəcə düşüncəmdən süzülən fikrin kökü pirlərə, ziyarətgahlara, ocaqlar gedib çıxdığı üçün arabir fələyim çaşır.
Nə isə, danışım sizə Tanrıdan başqasına inamsızlığın yaratdığı mistikadan.
İki gün əvvəl yolum təsadüfən kiminin dinclik, kiminin övlad dərdinə çarə tapdığı, kiminin də evinə bərəkət axtardığı Beşbarmaq Dağından düşmüşdü. Onu deyim ki, əsas yoldan dağa baxanda məsafə az görünsə də, mənzil başına çatmaq üçün bir xeyli yol qət etməli olursan.
Ətrafda heç ağac olmadığı üçün isə avtomobildə belə olsan, isti hava bir qədər töyşümənə səbəb olur. Elə bu dəm əvvəllər burada avtomobil yolunun olmadığını eşidib bir qədər təəccüblənirəm. Çünki piyada buraya gəlmək nə indi, nə gələcəkdə mənim üçün mümkün görünür.
Yol gedə-gedə tur maşınlarına rast gəlirik, hətta aralarında dağa qalxmasına heyrətləndiyim bir “Daewoo” markalı minik maşın da var. Öz-özümə “Gör, adamların inancı nə yerə çatıb ki, ölümün gözünə dik baxa-baxa bu maşında o dağa qalxırlar, vallah, bunlar dəli olub”, - deyirəm.
Özü də hələ bunun yaxın gələcəkdə görəcəklərimin yanında sərin payız küləyi təsiri bağışlayacağından xəbərsizəm. Hərdən pirə qədər avtomobil yolu çəkildiyi üçün şükr etməyi də unutmuram. Yavaş-yavaş pirə qalxırıq, xeyli adam var, ancaq bizi qarşılayan ilk şəxs dilənçi qadındır. Uzaqdan xeyir-dua verir, təkidlə yanına yaxınlaşmağımızı istəyir, oranı dərhal keçdiyimiz üçün isə pul almağa macal tapmır. Amma burada dilənçilər eşitdiyim qədər çox deyil.
Ərazidəki natəmizlik də nəzərimizdən qaçmır. Əl yumaq üçün yer olsa da, su tapmaq müşkül məsələdir. Tualetin qoxusu isə adama lap Tovuza gedəndə avtomobillərin mütləq şəkildə dayandığı Kürdəmiri xatırladır. Dərhal uzaqlaşıb dağa qalxmağa cəhd edirik. Qayaya dırmaşmaq üçün pilləkənlər var, amma sıx və ensiz olduqları üçün təhlükəli görünür, ona görə də iki əlli yapışıb çıxırıq.
Yaxınlaşdıqca bir qüvvə məni çəkir. Ancaq daxilimdə heç bir inanc yoxdur. Hətta ətrafda dua edən insanları gördükcə qəribə duyğular yaşayıram. Yox, hələ hissin nirvanasına çatmamışam. Azyaşlı uşaqların valideynləri tərəfindən mənim belə zorla dırmaşdığım bu yerə gətirildiyini görmək mənə bir qədər qəzəb verir. Amma sakitəm, yolumuza davam edirik.
Burada kiçik biznes də qurulub, dini aksesuarlar satırlar, özü də qiymətindən 3-4 dəfə baha. Hələlik axtardığım inancı tapmamışam, elə tapmayacağımı düşündüyüm an gözüm əncir ağacına sataşır, qaya arasında bitib. Uşaqlığımı, baxdığım türk filmlərini xatırlayıram, hərçənd bu film deyil, vizual görüntüsü göz oxşayır.
Ziyarətçilər, bura, bəlkə də, son ümid yeri olan insanlar dua edərək ağaca rəngli parçalar bağlayıblar. Yəqin, bir gün niyyətlərinə çatsalar, duaları yerinə yetsə, buraya nəzir gətirəcəklər. Dağın zirvəsinə üç-beş addım qalıb, uzaqdan qapıya bənzər bir şey görürəm, gözlərimi ovuşdurub bir də baxıram, hə, yanılmıram, qapıdır, özü də dağın düz zirvəsində, mənim təhlükəli hesab etdiyim bu yerdə. "İlahi, inanc adama nələr etdirir", - deyə düşünürəm. Qapının ağzında qadınlar söhbətləşir, aram-aram da ağlamsınırlar. İçəridə bir şəxs pir haqqında məlumat verir, maraq daxilimi bürüdüyündən daha da yaxınlaşmaq istəyirəm və nəhayət, o nirvanaya çatıram.
Üç-dörd yaşlı uşaqları bu kiçik otağa gətirib dua etdirirlər. Bəli, yerə düşsən, tikən tapılmayacaq. Əvvəllər neçə-neçə insanın yıxılaraq öldüyü bu yerə analar övladlarını dua üçün gətirirlər. Elə bu səbəbdən, fələyim çaşır, ona görə də heç bir dua etmədən “Allahdan xeyirlisi”, - deyib geri dönürəm.
Geri dönərkən insanların pirlərə yüklədiyi mənanı dərk etməyə çalışır, ümidin tükəndiyi yerdən inancın başladığına və bu inancın sitayişkarlara hər şeyi etdirə biləcəyinə əmin olduğum qənaətinə varıram...
Sayad Həsənli
Telegram kanalımız