“Dövlət başçısı İlham Əliyevin son xarici səfərlərinə, qatıldığı beynəlxalq tədbirlərin xronologiyasına diqqət yetirməklə tarixi Zəfərimizdən ötən iki ildə Azərbaycanın artan rolunun, möhkəmlənən mövqeyinin aydın mənzərəsini təqdim etmək mümkündür. Prezident İlham Əliyevin ötən ay Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Çex Respublikasının Baş naziri Petr Fialanın dəvəti ilə “Avropa siyasi birliyi” Zirvə Toplantısında, onun ardınca Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısında, noyabrın 1-də Əlcəzair Xalq Demokratik Respublikasının paytaxtı Əlcəzair şəhərində Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirakı da deyilənlərin təsdiqidir".
Yenisabah.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, Prezident İlham Əliyevin Ərəb Dövlətləri Liqasının 31-ci Sammitinə ev sahibliyi edən Əlcəzair Xalq Demokratik Respublikasına səfəri ölkəmizlə bu təşkilat arasındakı münasibətlərin yeni istiqamətlər üzrə inkişafına böyük töhfələr verəcək. Sammit Əlcəzairin Milli Azadlıq Gününə təsadüf etdi. Prezident İlham Əliyev Zirvə toplantısındakı çıxışında diqqəti 30 illik işğal dövründə dünyanın ikili standartlara əsaslanan siyasətinə yönəldərək bildirdi ki, bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Amma Azərbaycana gəldikdə bu qətnamələr otuz il ərzində kağız üzərində qaldı. Bu, ikili standartdır, bu, yolverilməzdir. Buna görə də ədalətsizlikdən və işğaldan əziyyət çəkmiş bir ölkə kimi Azərbaycan münaqişələrə dair yanaşmaların birləşdirilməsi işinə töhfə vermək üçün aktiv şəkildə fəaliyyət göstərir. Bütün münaqişələrə eyni mövqedən yanaşmaq lazımdır. Münaqişələrə yanaşmalarda ikili standart olmamalıdır. İşğal işğal adlandırılmalıdır. pizza
YAP Xətai rayon təşkilatının sədri bu məqamı da xüsusi vurğulayıb ki, təcavüzkar Ermənistanı dəstəkləyən Fransanı məhz bu ölkəyə birləşdirən dəyər qətliamlar və soyqırımlardır: “Mən bu gün şəhidlərin xatirəsini yad etdim, Şəhidlər memorialını, eləcə də Mücahidlər Muzeyini ziyarət etdim və gördüklərim mənə çox təsir etdi” söyləyən dövlət başçısı İlham Əliyev bildirdi ki, Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır. Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparmışdır. Bu müharibə 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnmişdir. Bu gün biz bu faciəni anaraq gələcəkdə belə faciələrin qarşısının alınması üçün əlimizdən gələni etməliyik”.
Vüqar Rəhimzadə bildirib ki, Prezident İlham Əliyev Zirvə toplantısında Fransa ilə Ermənistanın işğalçılıq siyasətlərinin eyni mənbədən qaynaqlandığını faktlarla sübut etdi.
“Qısa təhlil əsasında bu fikri böyük əminliklə qeyd edə bilərik ki, Fransa ilə Ermənistan arasında bir çox “oxşarlıqlar” mövcuddur və onların heç biri törətdikləri cinayətlərə görə cavab verməyib” söyləyən YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, ikili standartlar və riyakarlıq bütün hallarda Fransanın dövlət siyasətinin əsas xəttini təşkil edir: “Bu riyakarlıq isə bu gün demokratiya adı altında pərdələnir. Fransanın işğal dövründə, İkinci Qarabağ müharibəsinin getdiyi zamanlarda, həmçinin hazırkı mərhələdə - sülh müqaviləsinin imzalanması məsələsinin gündəmdə olduğu bir vaxtda atdığı addımlar, nümayiş etdirdiyi mövqe diqqətdən kənarda qala bilməz. Erməni sevgisi bu dövlətin həyata keçirdiyi siyasətin əsas prinsipinə çevrilib”.
YAP Xətai rayon təşkilatının sədri Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun göstəricisi kimi Qoşulmama Hərəkatına sədrlik dövrünün üzv dövlətlərin yekdil qərarı əsasında daha bir il uzadılmasını qeyd edib.
“Hər bir beynəlxalq əhəmiyyətli tədbir perspektivlərin müəyyənləşdirilməsində mühüm rol oynayır” söyləyən Vüqar Rəhimzadə vurğulayıb ki, bütün dövrlər üçün aktuallığını saxlayan birlik, həmrəylik, sülh, əməkdaşlıq çağırışları günümüzün əsas tələbidir. Regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması üçün sülh müqaviləsinin imzalanmasına dəstək sözdə deyil, əməldə öz əksini taparsa, qarşıdakı dövrdə yeni əməkdaşlıq formatlarının yaradılmasına, mövcud formatların tərkibinin genişləndirilməsinə imkanlar yaranar ki, bu da öz növbəsində bölgənin dayanıqlı inkişafına böyük töhfə olar.
Telegram kanalımız