Milli Məclisin sabiq deputatı Cümşüd Nuriyevin “Yeni Sabah”a müsahibəsi:
- Bildiyiniz kimi, Baş nazir Əli Əsədov Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə yaradılmış Dövlət Komissiyasının fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər barədə qərar imzalayıb. Yadınızdadırsa, ermənilər bundan öncəki sərhədlərin delimitasiyası məsələsində qışı bəhanə edərək prosesi uzatmışdılar. Qarşıdan isə yenidən qış gəlir. Belə olan halda sərhədlər necə təyin olacaq?
- Əslində, ermənilər hər zaman bunu vaxtı uzatmaq üçün ediblər. Sərhədlərin təyin olunması üçün – hansı ki, delimitasiya “nişanlanma” deməkdir – coğrafi enlik-uzunluq mövcuddur. Bilirsiniz ki, GPS sistemi var və topoqrafik xəritə üzərində sərhəd haradan keçirsə, onun coğrafi kordinatlarını GPS sistemi ilə yerə köçürürlər. Buna da delimitasiya deyilir. Yəni yerdə nişan vururlar ki, sərhəd buradan keçir. Ona görə də bunun üçün havanın necə olması önəmli deyil. Yağış da, qar da olsa, bunu edə bilərlər. İşçi qrupunun əsas məqsədi də məhz elə budur ki, xəritənin üzərindəkiləri torpağın üstündə işarələsinlər. pizza
İndi ermənilər 1929-cu il xəritəsini gündəmə gətirir, amma yaxşı olar ki, 1929-cu il yox, 1923-cü il olsun. Çünki 1929-cu ildə Mehri rayonun Nüvədi və Ordubadın 9 kəndi Ermənistana verilib. O vaxta qədər Ordubadla Zəngilanın arasındakı məsafə 16 km idi, sonra isə böyütdülər və 42 km oldu.
Həmçinin, Azərbaycan 28 aprel 1920-də bolşevik Rusiyası tərəfindən işğal olunanda onun ərazisi 114 min km² olub. O xəritə də mövcuddur bizdə. Bununla yanaşı, 1923, 1929, 1954, 1984 və digər illərə aid xəritələr əlimizdə var. İndi ermənilər 1929-cu il xəritəsini Zəngəzurun dərdindən gündəmə gətirirlər. Bu, əvvəlcədən düşünülmüş və ən çox təxribat xarakterli bir təklifdir. Çünki bilirlər ki, Azərbaycan bununla razılaşmayacaq.
Amma yenə deyirəm, bütün hallarda topoqrafik xəritələr var və həmin o xəritələrin üzərində koordinatlar mövcuddur ki, bunun üçün də havanın necə olması önəmli deyil.
- Biz bilirik ki, Azərbaycan və Ermənistan arasında dövlət sərhədi 996 ilə 1007.1 km. arasında dəyişir. Dövlət başçısı isə delimitasiya prosesindən bəhs edərkən demişdi ki, “uzunluğu 400 km-dən çox olan bu sərhədi müəyyənləşdirmək üçün tarixi sənədlərə, tarixi xəritələrə və beynəlxalq təcrübə və metodologiyaya əsaslanaraq, aktiv şəkildə işləməliyik”.“400 km.” ifadəsi hansı ərazilərimizə şamil olunur?
- Xatırladım ki, Ermənistanın Naxçıvan Muxtar Respublikası (MR) ilə də sərhədi var. Orada dəqiqləşdirməyə də ehtiyac yoxdur, çünki Qars müqaviləsi ilə Naxçıvan MR-nın sərhədləri çox dəqiqdir. Bir dənə Günnüt yüksəkliyi işğal olunmuşdu, onu da Azərbaycan 2018-ci ildə geri qaytardı və ermənilər o məsələdə heç bir iddia edə bilmirlər.
Burada 400 km-lik sərhəd deyiləndə cənab Prezident Qazaxdan Daşkəsənə qədər olan sərhədləri nəzərdə tutur. Çünki Azərbaycanın cənub-qərbində (Naxçıvan MR – red.) hər hansı bir problem yoxdur. Bir Qazaxda 7 kəndlə bağlı problem var, lakin qalanlarında heç bir problem yoxdur. Cənab Prezident onu söyləyib.
Bizim onlarla əsas mübahisəli olan məsələmiz məhz Şərqi Zəngəzurun sərhədlərində yerləşən 4 rayon – Zəngilan, Qubadlı, Laçın və Kəlbəcərin Ermənistanla olan sərhədləridir.
- Müharibədən bir müddət sonra belə bir xəbərlər yayılmışdı ki, Ermənistanla dövlət sərhədinin Zəngilan və Qubadlı rayonlarından keçən ərazisində delimitasiya və demarkasiya prosesi başladılmış, lakin sonradan proses birdən-birə dayandırılmışdı. Bu xəbəri necə qiymətləndirirsiniz? Həmin ərazilərdə sərhədlərin təyin edilməsi baş tutmuşdu, yoxsa yox?
- Azərbaycan Ordusunda peşəkar hərbçilərimiz çoxdur ki, onlar hərbi topoqrafiyanı çox gözəl bilirlər. Onlar mövcud topoqrafik xəritələr üzərində sərhəddə müəyyən dəqiqləşdirmələr aparmışdılar ki, söhbət də ondan gedir. Bundan sonra ermənilər hay-küy saldılar, daha sonra özlərindəki topoqrafik xəritələrə baxıb gördülər ki, Azərbaycan ordusunun hərbi topoqraflarının həyata keçirdiyi delimitasiya çox dəqiqdir. Bundan sonra da onlar susdular.
Rafi MÜSLÜMOV
Telegram kanalımız