Ermənistanın Azərbaycanla münasibətləri normallaşdırmaqdan qaçması və müharibə bitəndən bu günədək müxtəlif bəhanələrlə sülh müqaviləsindən yayınmasının daxili və xarici amilləri var. Daxili amil daha çox siyasi müxalifətin və cəmiyyətin müəyyən təbəqəsinin indiki şərtlərlə Azərbaycanla sülh müqaviləsi bağlanmasına qarşı ciddi təzyiqi ilə müşahidə olunur. Xaricdən isə diaspora təşkilatları və ən əsası Rusiyanın təsiridir ki, sonuncu təzyiqlərini daxildəki qüvvələrlə uzlaşdırır, Azərbaycan ərazisində yerləşdirdiyi silahlı qüvvələri ilə həm separatçı rejimi müdafiə edir, həm də Azərbaycana istənilən zaman təhlükə yaradacağını dolayısı ilə nümayiş etdirir. Qərbin təsiri isə keçici xarakter daşıyır, çünki Rusiya ilə müqayisədə vəziyyətə təsir imkanları xeyli aşağıdır. Bununla belə, Ermənistan iqtidarında qərbmeyilliyin də olmasını nəzərə alan Rusiya, bu məhdud imkanları da sıfıra endirməyə çalışır. Bu məqsədlə ölkədaxili siyasi durumu gərginləşdirməkdə maraqlıdır və Brüssel görüşü ərəfəsində Ermənistanda hərəkətlənmə müşahidə olunur.
Siyasi müxalifət aprelin 5-də xalqı meydanda mitinqə çağırıb. Mitinqin hədəfi birbaşa Paşinyan iqtidarı olmaqla bərabər, həm də Azərbaycan torpaqlarıdır. Parlamentdəki müxalif deputatlar bir-birinin ardınca açıqlamalar verir və bu mitinqin taleyüklü olduğunu xüsusi vurğulayırlar. Bu siyasi aksiyanı “Artsaxın” dəstəklənməsi və cəmiyyətin həyəcan siqnalı kimi təqdim edirlər. Mitinqin məqsədi Azərbaycanın irəli sürdüyü beş məlum maddəyə Ermənistan hakimiyyətinin cavabının nə olacağını guya dəqiqləşdirmək, iqtidarın mövqeyini müəyyənləşdirməkdir.
Sual isə budur: ”Artsax hansısa bir statusla Azərbaycanın tərkibində ola bilərmi?”. Müxalifət bu mitinqi təsadüfən aprelin 5-nə çağırmayıb. Aprelin 6-da Brüsseldə Ermənistan baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyevin görüşü gözlənilir. Siyasi müxalifət Nikol Paşinyanı faktiki görüş ərəfəsində hədələyir, hətta onu istefaya çağırır, məğlub ölkə kimi sülh müqaviləsini bağlamaqdan çəkindirirlər. Elə buna görə də Nikol Paşinyan əvvəlki “pozitiv mövqelərindən” fərqli olaraq, Qarabağda baş verənlərə aqressiv münasibət bildirməyə, Azərbaycanı “etnik təmizləmə, soyqırım, qaz terroru” kimi ifadələrlə ittiham etməyə başlayıb. Dominos pizza
Mitinq təşkilatçıları isə Paşinyandan ”Artsax Azərbaycanın tərkibində ola bilərmi?”- cavabını istəyirlər. Əlbəttə, mitinqin çoxsaylı olacağına, izdiham yaşanacağına müxalifətin özü şübhə ilə yanaşır və narahatlıqlarını indidən bildirirlər. Ermənistan iqtidarı ilə müxalifəti arasında qarşıdurma yenilik deyil, amma sülh müqaviləsi mövzusu müzakirə meydanında olduğu bir vaxtda Brüssel görüşünə kölgə salmaq üçün mitinq çağırılması və Paşinyandan konkret cavab tələb edilməsi kənar qüvvənin təsiri və təzyiqi ilə baş verdiyi aksiomadır. Kənar qüvvə isə, əlbəttə Rusiyadır.
Ermənistan siyasətçiləri yalnız mitinqlər və digər siyasi vasitələrlə sülh müqaviləsinə qarşı çıxış etmirlər. Revanşist çağırışlar daha da intensiv xarakter alıb. Erməni siyasi müxalifəti və siyasi şərhçilər tez-tez "yalnız bir çıxış yolu var - Ermənistan fəal şəkildə silahlanmalı, öz təhlükəsizliyini gücləndirməlidir”- fikirlərini səsləndirir, güc nümayişinin yeganə çıxış yolu olduğunu vurğulayırlar.
Rusiya sülhməramlıları tərəfindən separatçı rejimin təhlükəsizliyinin təmin edilməsini qeyd etməklə Moskvanı da hədələməyi unutmurlar. Əks halda, Qarabağdakı rus kontingentinin beynəlxalq qüvvələrlə dəyişdirilməsini təklif edəcəklərini bildirir, amma ndiki geosiyasi reallıqlarda bunu etməyin çox çətin olacağını da vurğulamağı unutmurlar. Erməni politoloqlardan biri “Qarabağı Azərbaycana təhvil verərsə, Rusiya Ermənistanda artıqdır, gərəksizdir”- deyib, Rusiyanın Güney Qafqazda mövcudluğunun Qarabağ kartı ilə mümkünlüyünü və Ermənistanın bir ayağının Qərbdə olduğunu xatırlatmaqla faktiki şantaj siyasəti aparıqlarını gizlətmirlər.
Ermənistan Brüssel görüşündən sonra da sülh müqaviləsini imzalamaqdan müxtəlif bəhanələrlə yayınacaq. Azərbaycan bu bəhanələri sonsuzadək izləyəsi deyil. Erməni silahlı qüvvələrin Azərbaycan ərazisindən çıxarılmasına martın 22-dən start verilib. Üçtərəfli razılaşmaya əsaslanıb ilk olaraq bu məsələni həll etmək, daha sonra sərhədlərin müəyyənləşməsi, nəqliyyat infrastrukturunun açılması, keçmiş Dağlıq Qarabağın azərbaycanlı məcburi köçkünlərinin doğma yurdlarına qaytarılmasını həyata keçirmək istiqamətində fəal diplomatik siyasət yürütməlidir. /Moderator.az
Telegram kanalımız