“Burada əsas məqam odur ki, futbol olsa belə, bu, kontaktdır. Yəni Türkiyə milli komandası İrəvana, Ermənistan milli komandası isə Ankaraya gələndə onlar ilk növbədə kontaktda olurlar”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Azərbaycanın sabiq XİN rəhbəri Elmar Məmmədyarov deyib.
Eks-nazir Türkiyənin Ermənistanla danışıqlarda xüsusi nümayəndəsi Serdar Kılıçın “futbol diplomatiyası” açıqlamasına münasibət bildirib. Sezar pizza
Xatırladaq ki, “EURO-2024”ün seçmə mərhələsində Türkiyə və Ermənistan komandaları qarşı-qarşıya gələcək və bu qarşılaşma bir çox analitiklər tərəfindən 2010 Dünya Çempionatının seçmə mərhələsinin 2008-ci ildə keçirilmiş Türkiyə-Ermənistan futbol matçına bənzədilir.
E. Məmmədyarov məsələylə bağlı şərh verərkən vurğulayıb ki, əvvəllər “futbol diplomatiyası” adı bizim üçün qəbuledilməz idi, çünki orada heç nə dəyişməmişdi:
“Ona görə ki, o vaxtı torpaqlarımız işğal altındaydı. Lakin indi tam şəkildə vəziyyət dəyişib və qarşılıqlı xüsusi nümayəndələr də təyin olunub. Türkiyə tərəfi də dəfələrlə bəyanat verib ki, Azərbaycanla razılaşdırılaraq Ermənistanla əlaqələrin bərpasını təmin edəcək”.
Sabiq nazir “futbol diplomatiyası”ndan sonra əlaqələrin inkişafında yüksək bir temperament görünəcəyinə inanmadığını da söyləyib:
“Yenə deyirəm, zaman dəyişilib. 2009-cu ildə sərhədlər bağlı idi, Azərbaycanın torpaqları işğaldaydı.
Xatırlayırsınızsa, Türkiyə 1993-cü ildə Kəlbəcər işğal olunanda Ermənistanla sərhədlərini bağladı. Çünki Ermənistan keçmiş Dağlıq Qarabağla yanaşı ətraf 7 rayonu da işğal etmişdi və həmin ərazilərdə birmənalı etnik təmizləmə aparmışdı.
Ona görə Sürix protokolları imzalanan vaxtı biz deyirdik ki, heç nə dəyişməyib, hətta 1-2 kənd belə işğaldan azad olunmayıb. Siz də deyirsiniz ki, gəlin “futbol diplomatiya”snı tətbiq edək, sərhədləri açaq və s.
Amma indi tam şəkildə deyə bilərik ki, vəziyyət dəyişib. Qısacası, kontekst fərqlidir”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız