Ermənistan ağlaşma tarixi yaza bilmir...

Ermənistan ağlaşma tarixi yaza bilmir...

Yazar Veb saytların hazırlanması

06 Noyabr 2020 11:05 2261


Ermənistan gələcək nəsil üçün ağlaşma tarixi yarada bilmir. Erməni xalqının azərbaycanlılara qarşı daimi nifrəti üçün yeni faciə tarixi yaranmır. Hərçənd bunu 84 yaşlı Mişa Melkumyanın “əzabla” öldürülməsi qədər süni ssenari ilə doldurmaq istəsələr də, alınmadı. Bu da erməni tarixçilərini dərindən düşündürən məsələlər sırasındadır: 

“Bu müharibə bitsə, gələcək erməni nəsli “Ermənistan müharibədə məğlub olub” ifadəsi ilə daimi, əzəli mübarizəni yarıda qoya bilər. “Ermənistan müharibədə məğlub olub” ifadəsi qəlblərdə nifrət oyatmır. Amma uşaqlar qətlə yetirilsəydi, yaxud yaşlı qadınlara əzablar verilsəydi, yaxud əl-qolu bağlı erməni qızları azərbaycanlıların vandallığına məruz qalsaydı, gələcəkdə Qarabağa iddialar üçün zəmin hazırlanardı. 

Türk və azərbaycanlılara nifrət 1915-ci ildən – erməni nənələrin danışdığı rəvayətlərdən yaranmışdı. Məhz o idi erməniləri illərdən illərə nifrətlə addımlatdıran. Lakin 21-ci əsrdə Azərbaycanın işğal edilmiş torpaqlarını azad etməsi yolunda hər hansı qan donduran hadisə yaşanmır. Bu isə gələcək ağlaşma tarixinə yol qoymur, həmin tarix yazılmır. Səbəb Azərbaycan tərəfinin o faciəvi ağlaşma tarixinə zəmin yaratmaması, əsas verməməsidir. 

Gələcək erməni nəslini daimi nifrət ruhunda böyütmək alınmırsa, süni ssenarilər quraşdırıb Ermənistanın bölgələrində fəaliyyət göstərən xalq teatrlarının  aktyorlarını yormağın yeri yoxdur. Çünki elə indi də ermənilər o süniliyi duyurlar, yaxud aktyorlar bunun tamaşa olduğunu cəmiyyətdə pıçıldayırlar. Belə ssenarilərin heç bir perspektivi görünmür. İndiki erməni nəsli gələcək nəslə ictimai şəkildə  olmasa da, ailə daxilində pıçıldayacaq ki, “azərbaycanlılar bizə qarşı soyqırım törətməyib, bunu Paşinyan hakimiyyətinin ideoloqları süni şəkildə yaratdılar”. 

Erməni xalqının nifrəti üçün Xocalı soyqırımı qədər qan donduran hadisə baş verməli idi ki, daimi nifrət üzərində ağlayıb dünyada yazıq obrazı yaratsınlar, qisas hissi ilə alovlansınlar. Lakin alınmır. Çünki Azərbaycan tərəfi səliqəli müharibə aparır. 

Məhz bu səliqəli, ləyaqətli müharibə aparmağa görə yazılmır o tarix. Dünyanın hərb tarixində ləyaqətli müharibə aparan ölkə az olub. 21-ci əsrdə Azərbaycan bunu bacardı. Ləyaqətli müharibə aparmaq çox çətindir. Belə müharibə zamanı mülki insanlar atəşə məruz qalmır, əsirlər alçaldılmır, meyidlərin şəxsiyyətinə təhqiredici nişanələr qoyulmur, qadağan olunmuş və insanlıq əleyhinə olan silahlardan istifadə edilmir. 

Ləyaqətli müharibənin şərtlərindən biri də odur ki, belə döyüş ləyaqətli düşmənlə aparılmalıdır. Lakin görünən odur ki, bu müharibədə yalnız Azərbaycan tərəfi yeganə missiya daşıyıcısıdır. Qarşı tərəf isə bütün ləyaqətsiz əməlləri törətməkdən çəkinmədi: əsirləri yaxın məsafədən qətlə yetirdi, mülki əhalini qadağan olunmuş silahlarla öldürdü, namərdiklə məhz gecə vaxtı – insanlar yatan zaman ballistik raket atdı. Nəticədə bizim ermənilərə nifrət doğuran tariximiz yazıldı. 

Balaca Xədicənin valideynlərinin və bacısının qətlə yetirilməsi, Gəncədəki gənc qadının gözlərinin gün işığına həsrət qalması yazdı o nifrət dolu tariximizi. Biz süni ssenari yazıb aktyorları bu işə cəlb etmədik. Əksinə, müharibənin ilk günlərində erməni sakinləri və əsgərlərinə müraciət ünvanladıq ki, mülki əhaliyə və əsir düşəcəkləri təqdirdə əsgərlərə toxunmayacağıq. Bu, ləqayətli müharibənin nişanəsidir. 

Azərbaycan gələcək nəslə məhz bunu danışacaq ki, biz uşaqları öldürmədən, əsirlərə əzab vermədən, mülki əhalini girov götürmədən müharibədə qələbə qazandıq. Məhz ləyaqətli müharibə apararaq ermənilərə ağlaşma tarixlərini yaratmağa imkan vermədik. Biz anlatdıq ki, müharibənin öz qaydaları mövcuddur. Belə qaydalarla da müharibəni udmaq, torpaqları işğaldan azad etmək mümkündür. Ermənistanın isə hələ ləyaqət mərhələsinə çatmasına yüz il lazımdır. Bəlkə də çox.    

Azər Qismət


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!