YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Ermənistan: Diplomatlar sülh, generallar müharibə istəyir

Ermənistan: Diplomatlar sülh, generallar müharibə istəyir

Siyasət

01 Oktyabr 2022 09:18 1075


“Bu açıqlamanın cavabı, əslində, beynəlxalq siyasi müstəvidə axtarılmalıdır”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Nadir Şəfiyev deyib.

Politoloq Ermənistan Baş Qərargah rəisinin müavini general-mayor Arakel Martikyanın ötən gün KİV-ə verdiyi açıqlamaya şərh verib.

Xatırladaq ki, Martikyan öz müsahibəsində açıq-aydın müharibə ritorikası çıxış edərək qeyd edib ki, ərazilərin bərpa edilməsi üçün onlara yuxarı komandanlıqdan əmr gəlib və ordu bunu həyata keçirəcək.

Məsələnin mahiyyətinə toxunan N. Şəfiyev söyləyib ki, ilk gündən Nikol Paşinyan hakimiyyətə gələndən deyilirdi ki, o, Qərbin adamıdır:

“Müəyyən bir vaxtdan sonra Azərbaycan, Türkiyə və Rusiyanın təsiri ilə Paşinyan bu mövqeyini müəyyən qədər pərdələdi və Rusiya ilə əməkdaşlıq edən bir şəxs kimi göstərdi. Amma bütün bu müddət ərzində Paşinyan əlindən gələni edirdi ki, Rusiyanın Azərbaycanla münasibətini tam korlasın, o cümlədən 44 günlük müharibə zamanı Rusiyanı tərəf kimi müharibəyə cəlb etsin. Cari ilin sentyabrın 12-də baş verən təxribat da onu göstərdi ki, Paşinyan yenidən Rusiyanı müharibəyə cəlb etmək istəyir. Əgər bu baş verərdisə, Rusiya üçün keçmiş SSRİ ərazisində Ukraynadan sonra artıq ikinci cəbhə açılmış olardı. Çünki Ukraynada müharibə davam edir və Azərbaycanda da bu baş versəydi, Rusiya üçün çox acınacaqlı vəziyyət yaranardı”.

“Eyni zamanda bütün bunları edə-edə, eləcə də qabaqcadan Rusiyanın onları müdafiə etməyəcəyini bilə-bilə əhalinin arasında Rusiyaya olan meylləri azaldaraq, Qərb meyllilərin mövqeyini gücləndirmək onun əsas planıdır. Hazırda Fransa və ABŞ-ın özündə Ermənistanın rəsmi şəxsləri çoxlu sayda danışıqlar aparıblar. Hesab etmirəm ki, bu danışıqlar da nəticəsiz ötüşüb. Çünki Fransanın nümayəndə heyətinin Ermənistana gəlməsi, bu ölkənin dünən verdiyi bəyanat, - hansı ki, bəyanatda qeyd olunub ki, Fransa Ermənistan-Azərbaycan sərhədinə öz müşahidəçilərini göndərməyə hazırdır və bunun həyata keçirilməsini istəyir - eyni zamanda ABŞ-da xüsusi xidmət orqanlarının, Pentaqonun səlahiyyətli şəxsləri ilə də görüşlərin keçirilməsi onu göstərir ki, hazırda Ermənistan Cənubi Qafqazda stabilliyi pozmağa meyllənmiş bir dövlət rolundadır”, - o əlavə edib.

Tarixə ekskursiya edən siyasi analitik xatırladıb ki, SSRİ dağılanda da bütün proseslər məhz Qarabağdan başladı:

“Ermənilər SSRİ-nin “beşinci kolon”u kimi həmin proseslərdə iştirak edirdilər. Hazırda da Rusiyaya qarşı dünyada ciddi təzyiqlər var və bu təzyiqləri gücləndirmək üçün Ermənistandan istifadə olunur. Ermənistanın Azərbaycanla müharibəyə başlamasını təhrik edən qüvvələr var ki, onlar bunu doğrudan da istəyirlər. Onların vecinə də deyil ki, bu müharibə Ermənistan üçün böyük faciə ilə qurtara bilər, eləcə də müharibə olduqdan sonra erməni xalqı çox böyük itkilər verməli, habelə ola bilsin ki, ərazilərin bir qismini itirməli olacaq. Amma əsas odur ki, Qərb tərəfindən bu tələb olunur və Paşinyanla komandası həmin tələbi yerinə yetirmək üçün bu istiqamətdə fəaliyyət göstərir”.

Müsahibimiz aydınlaşdırıb ki, hazırda dünyada beynəlxalq hüququn önəmi yoxdur:

“Həmişə demişəm, bir daha da təkrar edirəm ki, hazırda dünyada cərəyan edən hadisələrdə beynəlxalq hüquq mən deyərdim ki, 2-ci, 3-cü yox, hətta 9-10-cu müstəviyə düşüb. Beynəlxalq hüquq bu səviyyəyə enəndən sonra bu dəqiqə əsas məsələ hərbi qüvvələrin güclü olması, eləcə də güclü müttəfiqlər edilməsi və son olaraq yalanı daha doğru formada dünyaya çatdırmaqdır. Hazırda dünyada bu prinsiplər əsas prinsiplər kimi qəbul olunubdur. Odur ki, Ermənistan rəhbərliyinin siyasətinə məhz bu prizmadan baxmaq lazımdır. Ermənilər bu dəqiqə Qərbin Rusiya və Türkiyə qarşı keçirdiyi siyasətin önündə gedir”.

“O ki qaldı Ermənistan Baş Qərargah rəisi müavinin belə açıqlama verməsinə, mənə elə gəlir ki, fitvanı verən Rusiya yox, Qərbdir. Bayaq onu da qeyd etdim ki, bu səpkili açıqlamalar Qərblə aparılan danışıqların nəticəsidir. Çünki, əgər təkrar döyüş olsa, - hansı ki, mən buna müharibə demirəm, çünki Ermənistan faktiki müharibəyə hazır deyil - təbii olaraq, Azərbaycan qalib gələcək. Azərbaycan qalib gələrsə, Ermənistanda anti-Rusiya əhvalını kifayət qədər yüksək dalğaya qaldırmaq olar. Beləliklə də, həm KTMT-dən çıxmaq, həm Rusiya ilə əməkdaşlığı pozmaq, həm Rusiyanın Gümrüdəki 102 nömrəli hərbi bazasını çıxarmaq, həm də Qərbin hərbi qüvvələrinin Ermənistana gətirilməsi üçün rəsmi olaraq müraciət etmək olar. Mənə elə gəlir ki, hazırda Ermənistan rəhbərliyi buna çalışır və müxtəlif fəndlərlə həmin məqamı yaxınlaşdırır”, - yekunlaşdırıb.

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!