"Postmünaqişə dövrünün reallıqları belə deməyə əsas verir ki, Ermənistan havadarlarının dəstəyinə arxalanaraq bu gün də Azərbaycana qarşı ərazi iddiası abu-havasındadır. Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın biabırçı kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanması ilə hər iki tərəfin üzərinə öhdəliklər qoyuldu. Azərbaycan bu öhdəlikləri yüksək səviyyədə yerinə yetirərək, hətta 30 illik işğal dövründə ermənilərin xalqımıza qarşı törətdikləri faciələrə rəğmən münasibətlərdə yeni səhifənin açılması, regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistana sülh müqaviləsinin imzalanması təklifini etdi. Artıq o vaxtdan iki ildən çox zaman keçsə də Ermənistan bu istiqamətdə hər hansı konkret addım atmayıb".
Yenisabah.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan öz suveren ərazilərinə Ermənistandan gizli yollarla silah-sursat və canlı qüvvə daşınmasına göz yummaq niyyətində olmadığını dəfələrlə ən yüksək tribunalardan bəyan edib. Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycan və Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın 4-cü bəndində sülhməramlıların bölgədə qalma müddəti göstərilib.
YAP Xətai rayon təşkilatının sədri vurğulayıb ki, martın 21-də Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinkenin, martın 25-də isə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Prezident İlham Əliyevlə telefon danışıqlarında da dövlət başçısı Ermənistanın Laçın yoluna köməkçi yoldan istifadə edərək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərimizdə qanunsuz hərbi daşımalar, şəxsi heyətin rotasiyasını həyata keçirməsi, habelə işğalçı ölkənin silahlı qüvvələrinin 10 minə yaxın hərbçisinin hələ də Azərbaycan ərazisində olmasının ciddi narahatlıq doğurduğunu, bu xüsusda Azərbaycanın Laçın yolunun Ermənistanla sərhədinin son nöqtəsində sərhəd-keçid məntəqəsinin yaradılmasının labüdlüyünü xüsusi vurğuladı.
Vüqar Rəhimzadə bildirib ki, Ermənistan silahlı qüvvələrinin təxribatlarından, həmçinin üçtərəfli Bəyanata zidd əməllərindən dərhal sonra dünya güclərinin narahatlığı və bunu Prezident İlham Əliyevə telefon zəngləri ilə ifadə etmələri bu qənaətə gəlməyə əsas verir ki, beynəlxalq ictimaiyyət Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasında maraqlıdır.
Telegram kanalımız