Son aylar paytaxt Bakının tikinti sektorunda çox ciddi böhran yaşanır. Budəfəki böhranın əsas səbəbi kimi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyəti göstərilir. Belə ki, Komitənin son 6 ayda tikinti şirkətlərinin layihələrinin böyük əksəriyyətini təsdiqləmədiyi və ya hansısa bəhanə ilə geri qaytardığı vurğulanır.
Məsələ ilə bağlı daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov “Yeni Sabah” a açıqlamasında səsləndirilən fikirlərlə razılaşmadığını deyib:
“Sadəcə olaraq şirkətlər necə gəldi tikintiyə başlamağa, o cümlədən işlərini yekunlaşdırmadan digər layihələrə keçid etməyə öyrəşiblər. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi qarşı tərəfdən standartlardan irəli gələn tələblərə əməl etməsini istəyir. Məsələn, əvvəl 12-13 sot torpaq sahəsi alırdılar, üzərində 15-20 mərtəbəli binalar tikirdilər. İndi isə komitə tikinti şirkətlərindən standartda qeyd edilən torpaq sahəsi tələb edir. Qonşu binalarla olan məsafə, tikinti sıxılığı əmsalı, yaşıllaşdırma zonasının, avtomobil üçün dayanacaq meydançalarının həcmi və.s nəzərə alınır. Komitənin istədiyi bu tələblərin icra edilməsidir”. Marqarita pizza
Ekspert bildirib ki, tikinti şirkətləri və ya iş adamları qeyd edilən tələblərə əməl etmək istəmir: “Və nəticədə problem yaranır. Yəni köhnə adət-ənənlərdən əl çəkmək həm şirkətlər, həm də sahibkarlar üçün çətindir. Son aylarda tikinti sektorunda böhranın yaranma səbəbi də bunlardır. Düzdür, təməli qoyulan binaların sayı kifayət qədər azalıb. Dediyim kimi bu da qoyulan tələblərdən irəli gəlir. Güman edirəm ki, bir-iki ilə bu işlər öz qaydasına düşəcək”.
İqtisadçı ekspert Qadir İbrahimov məsələyə bir az fərqli yanaşmaq lazım olduğunu deyib: “Son illərə qədər Bakıda konkret aparılan tikinti işlərində nə şəhərin ümumi görünüşü, nə baş planı, nə də tikinti qaydaları nəzərə alınırdı. Tutaq ki, iki bina arasında məsafə ən azı həmin binanın hündürlüyü qədər olmalıdır. Bu norma bir çox hallarda gözlənilmirdi, binalar bir-birinə yaxın məsafədə tikilirdi. Bu həm təhlükəsizlik, həm binanın havalanması baxımından anormal idi. Yəqin ki, bu məsələlərə görə, son aylarda tikinti sektorunda durğunluq müşahidə edilir.
Yeni qaydaların, tənzimləmə metodlarının hazırlanmasını normal hesab edirəm. İndiyə qədər tikinti şirkətləri daha çox rüşvət verib problemlərini həll edirdilər. Ola bilər ki, komitə onlardan rüşvət almır, ona görə qəzəblidirlər. Məsələ son dərəcədə sadədir. Hamı qaydalara tabe olmalıdır”.
Qeyd edək ki, tikinti sahəsində vəziyyəti daha da yaxşılaşdırmaq məqsədi ilə, ötən ilin avqust ayının əvvəlində Prezidentin fərmanı ilə Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verildi. Eyni zamanda fərmana əsasən, Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsi Komitəyə həvalə olundu.
Günay Rəsulqızı
Telegram kanalımız