“Əvvəllər kinoda səhv yerdə oturanda növbətçi deyirdi ki, sizin deyil, keçin arxaya...”

saytların hazırlanması

Evə çatdırılma

“Əvvəllər kinoda səhv yerdə oturanda növbətçi deyirdi ki, sizin deyil, keçin arxaya...”

Mədəniyyət

20 Oktyabr 2025 13:48 1296


“Tutaq ki, bir nəfər istedadsız şəxsi Yazıçılar Birliyinə üzv götürüblərsə, buna etiraz etdin, etmədin fərqi yoxdur. Bunlar çox xırda məsələdir, mənə yersiz və mənasız görünür. Onsuz da o insanlar ortaya bir şey çıxarda bilməyəcəklər”.

Bunu “Yeni Sabah”a açıqlamasında tanınmış yazıçı Seyran Səxavət deyib.

O bildirib ki, birliyin 3 min üzvünün olması, heç nəyi dəyişmir. S.Səxavət vurğulayıb ki, əslində, Yazıçılar Birliyi klub kimi bir yerdir: pizza sifarişi

“Orada yığışıb kitablar, təqdimatlar haqqında müzakirələr aparırıq. Biri-birimizlə görüşürük. Toplaşmaq üçün başqa yerimiz və imkanımız yoxdur. Dəqiq bilmirəm, birliyin 3 min üzvü var, ya yox. Əgər elədirsə, bu rəqəm çoxdur. Əslində buradakı rəqəm heç nəyi həll etmir. Əsas olan yaradıcılıq məsələsi və ortada nəyinsə olmasıdır. Düşünürəm ki, Azərbaycanda istedadlı yazıçılar və şairlər var. Ədəbiyyatımız heç nəyə baxmadan, başını aşağı salıb, öz yoluna davam edir. Söhbət ciddi ədəbiyyat və söz adamlarından gedir. Kənarda kimin olması heç məni narahat etmir, çünki onlar heç ədəbiyyatda qalası da deyillər. Yəni rəqəm heç nəyi dəyişmir”.

Yazıçı xatırladıb ki, əvvəllər Yazıçılar Birliyində qəbul komissiyasının üzvü olub:  

“Sədrimiz də rəhmətlik şair Fikrət Qoca idi. Orada bir neçə adamın üzvlüyə qəbul olmasına kömək etmişəm. Axırıncı kömək etdiyim Kəlbəcərdən olan Valeh Qoca idi. O, peşəkar və istedadlı qələm sahibidir. Bir var olduğun yerə nail olmaq, bir də var layiq olmaq. O, həmin yerə layiq idi. Ədəbiyyatımızda da ciddi bir fiqurdur. Onunla yanaşı 3-4 nəfərə kömək etmişəm. Mən əslində onlara yox, Azərbaycan şeirinə kömək etmişəm. İstedadlı adamlara dəstək vermək lazımdır. Məşhur bir deyim var “İstedadlı adamlara kömək edin, onsuz da istedadsızlar özləri keçəcək qabağa”. İndi özüm orada yoxam. Ola bilər ki, kimisə 10 kitabı çap edilsin, amma içində heç nə olmasın. Bu saat kimin pulu varsa, kitab çap etdirməsi asan bir şeydir. Şura hökümətinin dövründə 2 kitab çap olunurdusa, həmin kitab 100 dəfə süzgəcdən keçirilirdi”.

S.Səxavət deyib ki, ədəbiyyat özü-özünü duruldan bir yerdir: “Misal var ki, dənizi nə qədər çirkləndirsələr də, özü-özünü durulda bilir. Ədəbiyyat da belədir. Bu gün tənqidçilər var ki, demək olar elə 99.9 faizi sifarişlə adam tərifləməklə məşğuldurlar. Məsələn, Seyran Səxavət haqqında gözəl bir məqalə yazılıbsa, oradan Seyran Səxavətin adını çıxart, qoy Ramiz Rövşəni. Nə fərqi var, Eyni söhbətlər, eyni fikirlər, eyni yanaşmalar. Ağına-bozuna baxmadan hamıya dahi, nəhəng deyirlər. Aləm qarışıb biri-birinə. Bu qarışıqlığa baxmayaraq, ədəbiyyat özünü duruldur. Axıra kimlər qalır, ortaya kimlər düşürsə özü tənzimləyir. Ədəbiyyat hər zaman öz işində olub. Zaman əsl ədəbiyyatın yerini göstərir. Qabaqlar kinoya gedib, yerimizdə səhv oturanda, növbətçi gəlib deyirdi ki, bura sizin yeriniz deyil, keçin arxaya, öz biletiniz olan yerə. İndi zaman da hamını öz yerinə qoyur. Yazıçını da, bəstəkarı da, musiqiçini də, ədəbiyyatçını da”.

Qeyd edək ki, AYB sədrinin birinici müavini, Xalq yazıçısı Çingiz Abdullayev bildirib ki, Azərbaycanda 3 min yazıçı, şair var. AYB üzvü, Milli Məclisin deputatı Aqil Abbas isə buna etiraz edib. O deyib ki, birliyinin 3 min üzvü ola bilər, amma Azərbaycanda olsa-olsa 300 yazıçı, şair var.

Aydan Hacı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!