Fakturalı sistem: Ekspert üstünlükləri açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Fakturalı sistem: Ekspert üstünlükləri açıqladı

Rəqəmsal

17 Oktyabr 2025 14:16 2227


Hazırda mobil rabitə bazarında müşahidə olunan əsas tendensiya operatorların fakturalı sistemə, yəni birdəfəlik aylıq ödəniş əsasında xidmət göstərmə modelinə keçid etməsidir.

Bu proses təkcə Azərbaycanın deyil, dünyanın bir çox ölkələrinin telekommunikasiya sektorunda gedən ümumi dəyişikliklərin bir hissəsi kimi dəyərləndirilə bilər.

Lakin yerli bazarda bu keçid bəzən istifadəçilər tərəfindən birmənalı qarşılanmır. Çünki insanlar uzun illərdir balans əsaslı, gündəlik və ya həftəlik ödəniş sisteminə öyrəşiblər. Fakturalı sistemin tətbiqi isə həm xidmət şərtlərinin, həm də ödəniş mexanizmlərinin dəyişməsi deməkdir. pizza hut

Əslində bu dəyişiklik mobil operatorların texnoloji inkişaf və idarəetmə baxımından daha optimal modelə keçməsi ilə bağlıdır. Fakturalı sistem həm operator üçün idarəetmədə rahatlıq yaradır, həm də istifadəçi üçün müəyyən sabitlik təmin edir.

Amma bununla belə, istifadəçilərin əksəriyyəti balans artırma və ya sərbəst ödəniş imkanlarının məhdudlaşmasından narazılıq edir. Artıq mobil operatorların təqdim etdiyi bütün internet və zəng paketləri standart qiymətlərlə təklif olunur. Yəni əvvəlki kimi 1-2 manatlıq balans artırmaqla müəyyən xidmətlərdən yararlanmaq imkanı demək olar ki, aradan qalxıb.

Digər tərəfdən, təqdim olunan “sərfəli” adlandırılan paketlərin mahiyyəti də fakturalı sistemlə eynilik təşkil edir. Gündəlik və ya həftəlik ödəniş mexanizmləri aradan qaldırılır, aylıq ödənişlər əsas götürülür. Bu isə bir tərəfdən xidmət keyfiyyətinin sabitliyini təmin etsə də, digər tərəfdən bəzi istifadəçilər üçün maddi çətinlik yaradır. Çünki hər kəs eyni zamanda aylıq ödəniş həyata keçirə bilmir.

Bütün bunlara baxmayaraq, ekspertlərin fikrincə, bu sistemin tətbiqi müəyyən mənada zərurətdən doğur. Operatorlar çalışırlar ki, müştərilərinə daha vahid, şəffaf və sabit xidmət mexanizmi təqdim etsinlər. Sadəcə olaraq, bu keçid mərhələsində qiymət siyasətinin tənzimlənməsi məsələsi diqqət mərkəzində olmalıdır.

Əks halda, mövcud korreksiya prosesi müştərinin maraqlarına uyğun aparılmadıqda, bu həm etimad itkisinə, həm də bazarda narazılıqlara səbəb ola bilər.

Məsələ ilə bağlı “Yeni Sabah”a açıqlama verən İKT məsələləri üzrə ekspert Fərid Kazımov bildirib ki, mobil operatorların demək olar ki, hamısının əsas məqsədi birdəfəlik fakturalı rejimə keçməkdir:

“Balans artırmalarına və internet paketlərinə baxsaq görərik ki, hər bir paket üçün standart qiymət tətbiq olunub və o qiymətdən aşağı məbləği ödəmək mümkün deyil. Təqdim olunan sərfəli paketlər də mahiyyətcə faktura xidməti ilə eynilik təşkil edir.

Düşünürəm ki, gündəlik ödəniş xidmətləri olmamalıdır, aylıq internet və zəng xidmətləri paketlərinin münasib olması daha məqsədəuyğundur. Mən özüm də faktura istifadəçisiyəm və dəyişən qaydalarla bağlı hər hansı problem yaşamıram. İnternet və dəqiqə paketlərim standart olaraq qalıb”.

Ekspertin sözlərinə görə, mobil operatorlar hazırda bu xidməti tətbiq etməyə çalışırlar ki, hər bir müştəri öz tələbatına uyğun olaraq xidmətlərdən yararlana bilsin:

“Sadəcə olaraq, bizdə xətlərin açıq qalma müddəti daha azdır. Əvvəllər müəyyən balans artımı etdikdən sonra istifadə olunan nömrə 6 aya qədər aktiv qala bilirdi, hazırda isə həmin xidmət məhdudlaşdırılıb.

Hər bir mobil operator istifadəçilərinə öz iş prinsipinə uyğun olaraq müəyyən tarif və ödəniş üsulu təqdim edir. Hazırda dəqiq məbləğin nə qədər olması haqqında tam məlumatlı deyiləm, lakin müştərilər üçün müxtəlif internet və zəng paketləri təqdim olunur ki, bu da onların balans artımı və qoşulduqları tarifə əsasən müəyyənləşir”.

Fərid Kazımov hesab edir ki, bu sistem artıq formalaşma mərhələsindədir, lakin əvvəlki qaydaların dəyişməsi də tam doğru addım sayılmır:

“Artıq bütün dünyada internet və zəng tarifləri üçün qiymət paketləri daha münasibdir. Bizdə isə qiymətlər korreksiya olunur, amma bu proses müştərilərin cibinə uyğun şəkildə aparılmır. Bu da düzgün deyil. Mövcud tariflərdə müştəri üçün güzəştli paketlər yoxdur.

Hazırda fəaliyyət göstərən mobil operatorların biri dövlətə, digərləri isə özəl sektora məxsusdur. Ona görə də bu məsələyə birbaşa müdaxilə etmək mümkün deyil. Bu işlə bazar sektorunda qiymətlərin tənzimlənməsi ilə məşğul olan qurumlar məşğul olmalıdır”.

Ekspertin fikrincə, hazırda ölkədə 100 Mbit/s sürətli internetin qiymətinin 25 manat olması kifayət qədər yüksək göstəricidir və bu məsələ aidiyyəti dövlət qurumları tərəfindən hələlik araşdırılmayıb:

“Ümid edək ki, operatorlarla bağlı müraciətlər olacaq və tariflər müştərilərin cibinə uyğun şəkildə yenidən tənzimlənəcək”.

Aydan Hacıbaalazadə

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!