İllər uzunu sahibkarların ən çox haqsızlıqla üzləşdikləri və şikayət etdikləri əsas iki dövlət qurumunun Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi (DGK) olduğu mübahisə doğurmur. Siyasi hakimiyyətin qərarından və bu 2 qurumun rəhbərliyindəki dəyişiklikdən sonra vəziyyət əhəmiyyətli şəkildə dəyişdi. Xüsusən də Fazil Məmmədovun vergilər naziri postundan uzaqlaşdırılması və yerinə Mikayıl Cabbarovun təyin edilməsindən sonra vergi orqanında müsbətə doğru ciddi dəyişikliklərin olduğu şəksizdir. Ən azından hazırkı dövrdə vergi sarıdan sahibkarlar nisbətən rahat nəfəs almağa başlayıblar.
“Yeni Sabah” xəbər verir ki, bunu Azpolitika.az yazıb. Sayt bildirir ki, bununla bərabər ciddi problem də mövcuddur. Belə ki, bir çox sahibkarlar öz mallarını gömrük qeydiyyatından keçirən zaman süründürməçilik və bunun nəticəsi olaraq, əlavə xərcə düşmələrindən şikayət edirlər. Misal üçün, laboratoriyadan keçirilərək, yoxlanılmasına ehtiyac olan malların əksəriyyətini rəsmiləşdirmək xeyli vaxt aparır. Bir çox hallarda bir malın laborator analizinin cavabı 7-10 günə verilir. Bu, olduqca uzun müddətdir və müvafiq laboratoriyaların nədən belə ləng işləməsi sual doğurur. Eyni zamanda, gecikmə həmin avtomobillərin gömrükdə saxlanılması ilə bağlı xərcləri artırır və hər maşın üçün təxminən 600-700 dollar təşkil edir. Sahibkar bu məbləği özündən asılı olmayan mənasız səbəblərdən nəqliyyat vasitəsinin sahibinə və digər xərclərə ödəməli olur.
Əgər bir yük maşınında 2-3 cür, yaxud daha çox çeşiddə məhsul varsa, gömrük əməkdaşları heç bir izahat vermədən qaçaqmalçılıqla mübarizə adı altında həmin avtomobili anbara yönəldirlər. Bu da olur sahibkara qurulmuş növbəti “pul tələsi”. Sözügedən prosesi ən çox Bakı Baş Gömrük İdarəsində müşahidə olunur. Eyni situasiyanın Sumqayıt gömrüyündə də mövcud olduğu deyilir. Gömrük əməkdaşları əllərindən gələni edirlər ki, həmin anbarlar boş qalmasın. Hətta bir çox sahibkarlar inspektorların bunu könülsüz etdiklərini, “anbar boş qalan kimi, yuxarıdan zəng gəlir” deyərək, gileyləndiklərini bildirir, sözügedən anbarların daim yük dolu avtomobillərlə təmin olunmasına çalışdıldığını vurğulayırlar. Bu da təsadüfi deyil. Sezar pizza
Belə ki, anbara daxil olan hər bir yük maşını boşaldılır, təbii ki, tam böyük əksəriyyətindən heç bir qaçaq mal – filan çıxmır. Sonradan həmin mallar yenidən “tırlara” yüklənilir. Bu “xidmət haqqı” isə yükün miqdarı və ölçüsündən asılı olaraq, 500-600 manatdan başlayır ki, onu da sahibkarın “belindən çıxarırlar”. Və heç kim də izahat vermir ki, malın çeşidinin çox olması onun qaçaq mal olduğuna necə dəlalət edə bilər? Yaxud qaçaq mal nədən elə 1 çeşiddə malın içində ola bilməz?
Sayt yazır: Səfər Mehdiyev son açıqlamalarının birində deyirdi: “Mən tam məsuliyyətimlə bəyan edirəm ki, əgər burada oturanlardan kimsə, mən özüm də daxil olmaqla, heç olmasa 1 manat rüşvət alsaq, həbsxanada oturmağa hazırıq… Əgər korrupsiyaya bulaşmış əməkdaşımı həbs etdirməsəm, o zaman yaza bilərsiniz ki, mənim dediklərimin hamısı boş sözlərdir… Bizim məqsədimiz gömrük sferasında tam şəffaflığa nail olmaq və Avropa standartları ilə işləməkdir…”
Yaxşı, bəs yuxarıda sadalananların adı nədir? Onda yaxşı olar ki, gömrük sədri özü baş verən bu qanunsuzluğa və soyğunçuluğa ad qoysun. Hansı Avropa standartlarında sahibkarın başına bu cür ip salınaraq, fırladılması nəzərdə tutulub?”.
Onu qeyd edək ki, sahibkara rəsmi və qeyri-rəsmi formada “yüklənilən” bütün bu pullar sonuc etibarilə biz alıcıların od qiymətinə aldığımız malların maya dəyərinə oturur. Nəticədə kimlərsə rəsmi və qeyri-rəsmi planları dolduraraq, “malades” və özlərinə güzəran qazanır, uduzan isə xərci artıb, qazancı azalan sahibkar və taleyilə barışmağa məcbur olan qara günlü sıravi alıcıdır.
Xəbərlə bağlı gömrük Komitəsi də açıqlama yayıb. Komitə bildirir ki, irəli sürülən iddialar tamamilə əsassızdır və gömrük qanunvericiliyinə uyğun olaraq həyata keçirilən proseslər qərəzli şəxslər və ya dairələr tərəfindən gömrük orqanlarının fəaliyyətinə kölgə düşürmək məqsədilə bilərəkdən yanlış şərh olunur.
Belə ki, idxal edilən hər hansı malın mənşə ölkəsi, təsnifat kodu və gömrük dəyəri haqqında gömrük orqanında şübhə yaranarsa, həmin mallar qanunvericiliyə görə Mərkəzi Gömrük Ekspertizası idarəsinə göndərilməlidir. Ekspertiza qanunla müəyyən olunan müddətdə başa çatdırılır və hər hansı qeyri-qanuni hal aşkar edilmədiyi təqdirdə sahibinə təhvil verilir.
Komitənin açıqlamasında qeyd edilir ki, xarici iqtisadi fəaliyyət iştirakçısı idxal edəcəyi malın nümunəsini və mala dair məlumatları əvvəlcədən gömrük orqanına təqdim edir və aparılan araşdırma nəticəsində qəbul edilən qərara görə idxal edilən mallar maksimum 1 iş günü ərzində sahibinə təhvil verilir.
Bir nəqliyyat vasitəsində bir neçə sahibkara məxsus malların gömrük nəzarəti prosesi zamanı malların gömrük anbarına yönləndirilməsinə gəlincə, bu proses də gömrük qanunvericiliyinə uyğun şəkildə həyata keçirilir. Belə ki, qanunvericiliyə görə, bir nəqliyyat vasitəsində bir neçə sahibkara məxsus malların gömrük nəzarəti qanunvericiliklə müəyyən edilən gömrük anbarlarında həyata keçirilməlidir. Bu zaman sahibkar gömrük orqanlarına yalnız mallara dair bəyannamə üzrə nəzərdə tutulan vergi və rüsumları ödəyir. Həmin gömrük anbarlarının və orada göstərilən xidmətə görə alınan və ödənilən vəsaitlərin isə gömrük orqanlarına aidiyyəti yoxdur.
“Görülən işlərin, həyata keçirilən islahat və yeniliklərin müqabilində həqiqətə uyğun olmayan məlumatların yayımlanması, hətta daha irəli gedərək gömrük xidmətinin korrupsiya və rüşvətxorluqda ittiham edilməsi gömrük orqanlarının fəaliyyətinə qərəzli və məqsədli şəkildə kölgə düşürməkdən başqa bir şey deyil. Üstəlik, korrupsiya, rüşvət, bir sözlə, gömrük qanunvericiliyinin pozulması ilə bağlı faktları müəyyən edən şəxslər və bəzi dırnaqarası kütləvi informasiya vasitələri bu faktları ictimailəşdirmədən öncə, birbaşa aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət edə bilərlər”.
Telegram kanalımız