Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş Naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında üçtərəfli görüş keçirilib.
REAL Partiyasının üzvü, iqtisadçı-ekspert Natiq Cəfərli bu görüşü şərh edərkən bildirib ki, Kremli bu danışıqlardan tam kənarda qoymaq mümkün deyil:
“Görüş çox vacib idi, belə təmasların olması sülh quruculuğu üçün önəmlidir. Azərbaycan tərəfin beynəlxalq hüquqa uyğun olaraq təqdim etdiyi 5 prinsip üzrə hər iki ölkənin XİN-i daimi çalışan komissiya təsis edəcək, danışıqlar intensivləşəcək. Yekun mətndə Soçi anlaşmasına istinad var, bu da Moskvanın könlünü almaq üçün yazılıb, aydın məsələdir ki, Kremli bu danışıqlardan tam kənarda qoymaq mümkün deyil”.
Natiq Cəfərli görüşün sülh yolunda yaxşı başlanğıc olduğunu bildirərək praktik addımların atılmasının vacibliyini vurğulayıb.
“Yəni, yaxşı başlanğıcdır, əsl real-politik yanaşmadır, amma indi əsas irəliləyiş atılacaq praktik addımlardan asılı olacaq, necə deyərlər, sahada müəyyən olunacaq. Hər iki ölkə provokasiyalardan, əsas da Şimaldan gələn provokasiyalardan çəkinməli, koordinasiyalı addımların atılmasına çalışmalıdır. Dayanıqlı sülh üçün unikal şans yaranıb, bu şansı əldən vermək olmaz.
Danışıqlar da, görüş də Azərbaycanın üstünlüyü ilə keçir, bunun da əsas səbəbi 44 günlük zəfər, ölkənin qurduğu de-facto, de-jure ittifaqlar, Azərbaycanın indiki durumda geosiyasi və enerji önəminin daha da artmasıdır. Görünən odur ki, Ermənistanın baş naziri doğrudan da sülh, rifah istəyir, ona mane olmayaq...”
Telegram kanalımız