“Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov duyğusal yazı ilə çıxış edib. “Yeni Sabah” həmin yazını təqdim edir:
Bağışla məni, ana, bağışla!
Gör nə zamandır səni tək qoymuşam! Marqarita pizza
Tək, tənha!
Nə qara bayramında qəbrini ziyarətə gəlirəm...
Nə anım günündə baş çəkirəm...
Nə də qəbrinin üstündə yasin oxutdururam...
Axı, sən öz balalarını heç zaman tək-tənha qoymazdın, ana, heç zaman!
Sən heç zaman bizim kimi olmamısan:
*özün gecə sübhədək yatmayaraq körpələrini ağlamağa qoymazdın;
* əyin-başımızı təmiz saxlamaq üçün istirahətindən kəsib, az yuxu yatardın;
* bir dəfə səsimiz kal çıxanda iş-gücünü atıb dalımızca Bakıya gələrdin.
Biz isə... nəinki övlad borcumuzu qaytarmırıq, heç sən elədiyinin mindəbirini sənə eləmirik.
Görünür pis övladıq!
Görünür laqeydik!
Görünür cəsarətsiz və qorxağıq!
Məgər övlad 26 ildə bir kərə anasının qəbrinə baş çəkməzmi?!
Məgər övlad 26 ildə bir kərə ana qəbrinin üstünü silib, ətrafının ot-alafını təmizləməzmi?!
Məgər övlad ona həyat verən, ömür boyu arxasınca sürünən, hər əzab-əziyyətinə qatlaşan, hər günahından keçən anasını düşmən əhatəsində yalqız buraxarmı?
Bizi ürəyində nə qədər qınasan, haqqın var, ana!
Bizi laqeyd, biganə saysan, haqqın var, ana!
Bizi qorxaqlıqda ittiham eləsən, haqqın var, ana!
***
Əlimizdən nə gəlir...
Gözləyirik ki, görək düşmən nə vaxt yumşalıb sülhə gələcək!
Gözləyirik ki, görək nə zaman beynəlxalq təşkilatlar ikili standartlardan əl çəkəcək!
Gözləyirik ki, görən nə zaman BMT qeyrətə gələrək dörd qətnaməsini yerinə yetirəcək!
Gözləyirik ki...
Sən isə bizim yolumuzu gözləyirsən, ana!
Səbirlə gözləyirsən!
Dözərək gözləyirsən!
Ümidini üzmədən gözləyirsən!
Birdən bizim də ömrümüz başa çatdı, səninlə görüşə bilmədən getdik...
Qəbrimiz qəbrinin yanında qazılmadı?!
Bəs, onda necə olsun, ana?!
Onda üşüyəndə üstümüzü kim basdırar?!
Onda səksənəndə "qorxma, bala, yanındayam!” sözünü kim deyər bizə, ana!?
***
Bilirsən isti qucağın üçün necə darıxmışıq?!
Bilirsən mehriban pıçıltıların üçün necə qəribsəmişik!
Axı, heç zaman bu qədər müddətdə ayrı qalmamışdıq səndən, ana!
Sən yerindən tərpənə bilmirsən, bəs, bizə nə olub, ana!
Səmimiyyətimizi gözəmi gətirdilər?
Mehribanlığımızı əlimizdənmi aldılar?
Kim ananı balaya həsrət qoyub?
Əvvəl bu dünyada, sonra...
Görəsən, biz də ruha çevriləndə təmas xəttini, minalanmış sahələri keçə biləcəyikmi?!
Görəsən, ruh kimi qəbrini ziyarətə gəlsək, bizi yenə əlisilahlı düşmən qorxudacaq?
Apreldə az qala gəlmişdik...
Yenə qoymadılar!
***
Zaman yaman sürətlə dəyişir, ana!
Havanın müharibə qoxusu get-gedə artır!
Daha heç kimdən qorxmuruq, artıq hər şeyimiz var: gücümüz də, siyasətimiz də, silahımız da, hələ desən güclü iqtisadiyyatımız da!
Onu da bil ki, bu həsrətin qisasını düşməndə heç zaman qoymayacağıq!
Xaraba qalmış yurd yerlərimizin, dağıdılmış qəbiristanlıqların əvəzini yüz qat artıqlaması ilə çıxacağıq!
Düşməni işğal etdiyi torpağa qarışdırıb palçığa çevirəcəyik!
Bunu qarşında yalandan lovğalanmaq üçün demirik, ana!
Zaman gözləyirik!
Məqam gözləyirik!
Həm də görüş gününə dayanmadan hazırlaşırıq!
***
Təkliyini özünə dərd eləmə, ana!
Axı, şəhid balalarımız daim yaxınlıqdadırlar!
Gözünüzə görünməsələr də, daim qayğınıza qalırlar!
Bəlkə də bir-birinizi yaxşı tanımırsınız!
Amma qəriblikdə hamı bir-birinə hayan olur!
Xüsusən də vətəndə qərib qalanlar!
Vətəndə doğmalarının həsrətini çəkənlər!
Vətəndə övlad yolu gözləyənlər!
***
Vallah gələcəyik, ana!
Özü də mütləq gələcəyik!
Sən Allah, bizi qorxaq hesab eləmə!
Sən Allah, bizi laqeydlikdə qınama!
Sən Allah, çox darıxıb, özünü üzmə, ana!
Axı, biz də sizi istəyirik!
Axı, biz də həsrət çəkirik!
***
And olsun Allaha, bizim üçün də çox çətindir, ana!
Çox!
Lap çox!
Bu da bir tale sınağıdır!
Bu da Allahın bizə verdiyi bir cəzadır!
Şəhid balalarımızla başınızı birtəhər qarışdırın, ana!
Müvəqqəti ayrılığı özünüzə dərd etməyin, ana!
Gözləyin, gələcəyik!
Səbir edin, gələcəyik!
Həm də səbirlə dözüm, görünür, Tanrının analara bir qismətidir!
Telegram kanalımız