Gözəgörünməz qüvvənin ordumuza bəxş etdiyi hədiyyə...

Gözəgörünməz qüvvənin ordumuza bəxş etdiyi hədiyyə...

Yazar Veb saytların hazırlanması

23 Oktyabr 2020 16:44 21478


Hələ 2000 il bundan əvvəl qədim Çin sərkərdəsi Sun-Tzı deyib ki, hava şəraiti qələbənin və strateji planın uğurla tətbiq edilməsində böyük rol oynayır. Hava şəraiti ordunu məğlub da edər, qalib də. 

Böyük sərkərdənin döyüş yolu barədə oxuyarkən bir daha məlum olur ki, onun qələbələri havanın necə keçməsi ilə həmahənglik təşkil edib. Hava mülayim keçibsə, ordusu irəliləyib, sərt keçibsə, düşmən ordu xeyli itki verib. Necə deyərlər, Tanrı da hava ilə qələbə bəxş edib xalqa. Bəlkə də Tanrı ifadəsinə təəccüblənəcəksiz. Amma bu doğrudan da təəccüblüdür. Tarixə qısa ekskursiya etməklə, bir daha Tanrı payı barədəki fikirlərə həmrəy olacaqsız.

1812-ci ildə Napoleonun əsgərləri Rusiyaya hücum edib. Rus əsgərləri Moskvanı yandıraraq meşəyə çəkiliblər. Onların ardınca meşəyə üz tutan fransızlar ağır itkilər veriblər. Məsələnin mahiyyəti fransız əsgərlərinin rus əsgərləri meşədə tapmamasında olmayıb. Böyük itkiyə səbəb hava şəraiti olub. 1812-ci ilə qədər Rusiyada qış fəsli o cür soyuq keçməyib. Nəticədə minlərlə fransız evinə qayıda bilməyib, elə meşələrdə donub qalıb. Sonrakı illərdə qış fəsli o cür soyuq olmayıb. Bu da hərb tarixini yazanlarda hələ də təəccüb doğurur. Deməli, hansısa qüvvə o qışa o şaxtanı gətirib. Deməli, hansısa qüvvə fransızların qələbə çalmasını istəməyib.   

1942-ci ildə faşist qoşunları Stalinqradın işğalı üçün əlverişli mövqelərə yaxınlaşıblar. Yay fəslində başlanan döyüşlər zamanı faşistlər xeyli üstünlük əldə ediblər. Lakin qarşıda hansısa qüvvənin bəxş edəcəyi hədiyyə varmış. O gözəgörünməz hədiyyə faşist Almaniyasının belinin qırılması ilə nəticələnib. Məhz həmin döyüşdəki ağır məğlubiyyət Adof Hitlerin əlini ilk dəfə əsdirib. Nə baş vermişdi? 1942-1943-cü ildə qış fəslindəki hava şəraiti müharibənin taleyini həll etdi. Əvvəlcə faşist qoşunları Volqa çayının sahilinə çıxanda güman edilib ki, uğurlu hərbi əməliyyat yaxın günlərdə qələbə ilə nəticələnəcək. Faşist qoşunları noyabr ayında da uğurlu həmlə göstərəcəklərinə əmin olublar. 1941-ci ilin noyabrında havanın mülayim keçdiyinə arxayınlıq onları belə düşünməyə vadar edib. 

Ancaq belə olmayıb. Noyabr ayı yetişib. Faşist qoşunları növbəti həmləyə hazırlaşıblar. Get-gedə havalar soyumağa başlayıb. Faşistlər buna fikir verməyiblər. Ancaq havalar daha pis soyumağa başlayıb. Artıq noyabrın 9-da -18 dərəcə şaxta olub. Təkcə faşistlər yox, vermaxtdakı yüksək eşalon nümayəndələri buna təəccübləniblər. Şaxta daha da kəskinləşib. Onlar ötən illərdəki hava şəraitinə dair müqayisəli təhlil aparıblar. Və elə təəccüblü fakta rast gəliblər ki. Məlum olub ki, son 140 ildə noyabr ayında heç vaxt -18 dərəcə şaxta müşahidə edilməyib. Onda dindarlar kilsələrə gedərək gözəgörünməz qüvvənin hədiyyəsinə görə dua ediblər.

Budur, sentytabrın 27-də Azərbaycanla Ermənistan arasında döyüş başlanandan bəri sanki hansısa gözəgörünməz qüvvənin hədiyyəsi hiss olunmaqdadır. Hava mülayim keçir. 2019-cu ilin oktyabr ayı ilə müqayisədə 2020-ci ilin oktyabrı arasında inanılmaz fərq mövcuddur. Ötən il bu vaxtlar Dağlıq Qarabağ bölgəsində yağıntılar artmış, dumanlı hava hökm sürürmüş. Lakin bu il həmin yağıntı intensivliyi hiss edilmir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı İradə İbrahimova ilə əlaqə saxladım. İradə xanım bildirdi ki, müşahidələriniz doğrudur. İndi Füzuli, Cəbrayıl, Xocavənddə hava mülayim keçir. Yalnız Kəlbəcər rayonunda yağış yağır və dumanlıdır. Halbuki Kəlbəcərin havasını da mülayim hesab etmək olar. Çünki 2019-cu ilin bu günlərində Kəlbəcərə sulu qar yağıbmış.

Bu, 30 il müddətində acılar çəkən, torpağını itirib sınıq qalan bir xalqın dönüş günləridir. Bu, minlərlə şəhidin ruhunun çağırdığı hava şəraitidir. Ki, alın o qisası. Və bu günlərə gözəgörünməz qüvvə gözəl hava bəxş etməli idi. İrəli, möhtəşəm ordu.     

Azər Qismət


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!